Modern.az

Allahın zopası

15 Yanvar 2018, 13:52

Vasif İsmayıl

İnternetdə, hərdən, mənim haqqımda bir hekayə dolaşır. Müəllimlərimdən birinin oğlunun həyatını qurtarmışdım. Adamı ağlamaq tutmuşdu.

Tibb Universiteti əvvəldən digər təhsil ocaqlarından bir az fərqli olub. Orada əlbəttə rüşvət olub (indi qətiyyən rüşvət yoxdur). Amma o vaxtlar belə rüşvətin öz təhri var idi. Bir növ, qaydası.

Bu gün əziz dostum Kamran Beydullayevin ad günüdür. Bundan tam olaraq 25 il əvvəl haqqında daha əvvəl yazdığım 14 nömrəli avtobusda onunla qarşılaşdım. Qardaşımın sinif yoldaşı Əhlimanın böyük qardaşıdır. Tibb universitetinə öz biliyi ilə qəbul olunmuşdu. Sumqayıt üçün böyük nəticə idi. Ağlınız indiki zamana getməsin - Elçibəy hakimiyyətə gələnə qədər Tibb Universitetinə qəbul olunmaq üçün 2 Mercedes-in pulunu verməliydiniz. Siz, hələ Elçibəyi bəyənməyin.

Nə isə.

İkinci semestrə başlamışdım. Birinci tədris ilinin ikinci semestrində "Tibb Tarixi" deyilən bir fənn var idi. Elə ilk gündən mənə belə dedilər: Nə qədər yaxşı oxuyursan, oxu. Tibb Tarixinin qiyməti 50 rubldur.

Mən isə təqaüd alıram. Bütün təqaüdümü də nümunəvi oğul kimi aparıb kitab şkafının qabağına qoyuram. O vaxtlar belə idi. Çox da xəyala getməyin - sadə azərbaycanlıyam mən. Anam da o pula nə istəsə edirdi. Arada mənə də bir az verirdi.

İndi, evdəkilərdən imtahan üçün 50 rubl almaq mənə "zapadlo" gəlirdi.

Elə bunları fikirləşirdim ki, 14 nömrəli avtobusda Kamranla görüşdüm.

"Ağıllı adamdır, bir buna soruşum"-deyə düşündüm.

Soruşdum da..

-Həəə, Tibb tarixində mütləq pul verməlisən. Başqa çarə yoxdur - dedi.

Ovqatım yaman təlx oldu.Evdəkilərdən 50 rubl istəmək mənə yaman ağır gəlirdi.

Tibb tarixindən ilk dərs idi. Həqiqət müəllimə deyə bir qadın auditoriyaya daxil oldu və elə o dəqiqə Azərbaycan və onun tarixi haqqında danışmağa başladı.

-Biz, öz tariximizi bilmirik - deyə standart cümlələrdən sonra belə bir sual verdi:

-Bax, siz....Hə, hə, siz. Orta əsrlərdə yaşamış Azərbaycan həkimlərindən kimləri saya bilərsiniz?

Auditoriyaya canlanma gəldi. Yerdən "İbn Sina" deyə qışqırırdılar. Həqiqət müəllimə narazı şəkildə üzünü turşudurdu.

-Hmmmm..... Bunlar, deyəsən, məni dolayırlar - deyə bir an düşündüm.

Əlimə keçəni oxumaq kimi adətim çoxdan vardır. Bu adət bir də Kamil Bayramov dostumda var. Kamil qəribə insandır. Yerdə qəzet görsə, qaldırıb oxuyar. Elə demə - Kamilə qohumluğum çatır. Deyəsən, qan çəkir.

Rusiyanın tibb texnikumları üçün dərc edilmiş balaca bir anatomiya kitabından oxumuşdum. Orta əsrlərdə ən məşhur Azərbaycan həkimləri İsa ur-Riqi və və Ömər Kafiyyəddin (ibn Osman) idi.

Ömər Kafiyyəddin Xaqani Şirvaninin əmisidir. Şamaxıdandır - Məlhəm kəndindən. Xaqanı uşaq yaşda atadan yetim qalır deyə Ömər Kafiyyəddin onu öz himayəsinə götürür. Yaxşı da yetişdirir. Yoxsa, bizim heç Xaqani Şirvani kimi bir şairimiz olardı mı?

Mən, bu iki adı çəkdikdən sonra Həqiqət müəllimə donub qaldı və.....artıq bir daha dərsdə mənə heç nə soruşmadı.

Həqiqət müəllimə imtahanda da mənə heç nə soruşmadı. Sakitcə "məqbul" yazdı, vəssəlam.

Amma "zaçot" kitabçama "məqbul" yazmadan bir saniyə əvvəl əl saxladı:

-Oğlum, sən, bizim universitet haqqında deyilənlərə qulaq asma. Bizdə dərsini oxuyana qiymət yazarlar. Biz də insanıq; sən, yaxşı oxu ki, sabah həkim kimi kimin yanına gedəcəyimizi bilək.

Dedi....və kitabçanı imzaladı.

Öz də, 50 rubl vermədən.

Həqiqət müəlliməni bundan 11 il sonra gördüm. Onun iş yoldaşı bir həkim dostum yaman işə düşmüşdü. İmkanımız oldu, həyatını qurtardım. Həqiqət müəllimə də onu yoluxmağa gəlmişdi.

Məni tanımadı. Yuxarıda danışdığım hadisəni nəql etdim.

Heç nə demədi. Ağladı və sakitcə çıxıb getdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi