Elşən Musayev,
Milli Məclisin deputatı
Bilmirəm diqqət eləmisiz ya yox, amma bütün cavanlığı boyunca öz kef - damağında olan, zaman-zaman səhlənkırlaqları ard-arda sıralayan, ailəsini, uşaqlarını ahıl yaşına qədər görməzdən keçən kişilər yaş 60-ı ötən kimi olurlar mələk. Sözün gerçək anlamında. Xanımlarının bir addımlığından çəkilmirlər, onların başına hərlənirlər, hər yerdə müdafiəsinə qalxırlar, hətta uşaq nəsə səhv edib ananın üzünə qayıdanda: “Bura bax, anan nə deyirsə odur, mənə nəsə deyə bilərsən, amma anana, əsla! Ananın qədrini hamıdan çox bilməlisən”- tipli moizələr oxumağa başlayırlar, hətta çörək almağa belə tək getmirlər, çox vacib iş olmasa evdən bayıra çıxmırlar və s.
Qadınları da Allah sadəlöhv yaradıb. Anındaca bağışlayırlar. Unudurlar olub-keçənləri. Məsələn, uşağın ayaqqabısı cırıq olduğu halda atanın ayaqqabı almaq əvəzinə gedib pul xərclədiyi kef məclislərini. Kuryoz da budur. Olmasın belə səmimilik. Kişi tərəfdən deyirəm. Bəli, olmasın. Məhz səmimilik. Çünki artistlik eləmirlər, həqiqətən yaşlı vaxtında qadınlarının qədrlərini bilirlər, keçmişdəki səhvləri anlayırlar. Amma sadəcə anlamaq fırlanıb 3 “kruq” edəndən sonra yenidən cəfakeş ər, ata havasına girmək üçün yetərlidirmi? Abır deyilən bir şey yoxmu?
Köhnə kişilər adətən indiki cavanları qınayırlar ki, arvada söz keçirdə bilmirsiz, bizim vaxtımızda bilirsiz necə idi, sözümüzün kəsəri nə idi?. Oysa, kimsə söz-zad keçirməyib. Analar olub fədakar. Xoşbəxt olanda da xoşbəxt kimi görünməyə məcbur ediliblər, bədbəxt olanda da. Boşanan adamın üstündə bir kəndin, bir qəsəbənin, bir nəslin damğası, yükü, ağrısı daşınıb deyə intihar həddinə çatanda belə qadın boşanmağa ehtiyat edib. Atanın və qardaşın camaat içində rahat gəzməsi bir xanımın, bir ananın hər gecə ağlamasından, davamlı ürək dərmanı içməsindən, ərinin həyatındakı qadınları kor eynəyi taxaraq görməzdən keçməsindən daha ağır gəlib. Yəni hətta evdə söz keçibsə belə, qarşıdakının həvəssizliyindən, gücsüzlüyündən keçib. Hörmət və ehtiramdan deyil.
Kasıblıq və varlılıq həm də bəxt məsələsidir. Razıyam. Amma indinin kişiləri əvvəlki dövrlərdə olduğu kimi: “Evində kartofun, soğanın var bəsindir də”- deyib arvadı borclu çıxara bilməz. Qadın ən yaxşı halda onu anlayar, dəstək verər, ümidlə gələcəkdə hər şeyin yaxşı olacağına inanar. Fəqət elədiyi fədakarlıqların qarşısında borclu çıxarılmağına imkan verməz. Əsla!.Düz də edər. Və ya indi heç bir kişi arvad mətbəxdə yemək düzəldib qab yuyarkən özü qonaq otağında dostlarla: “Əsas adamın ürəyidi, o təmiz olsun, qalan hamısı boş şeydir” ya da nə bilim “Ata əlini oğulun çiyninə qoydu, oğul şir oldu-falan oldu”– söhbətlərini xırdalaya bilməz. Ürəyin təmizdirsə qonağı qadınınla qarşıla, qadınınla otur, qadınınla bərabər söhbət elə. Ona qulluqçu kimi baxma, qadının kimi bax.
Ata çiyninə gəlincə isə….bəzi anaların çiyni bəzən bütün nəsildəki kişilərin çiyinlərdən daha güclü olub. Zaman-zaman.
Əlqərəz, mən 60-dan sonra evinin kişisi olmağa cəhd edənləri hər zaman anlamazdan keçdim. Arada ha istədim bir-iki arqument tapıb onlara haqq verim, amma alınmadı. Məncə oğul odur ki, kef etməyə imkanı olan, vurub-dağıdan, çöhrələnən, inkişaf edən, pütələşən vaxtının yaxşı kişisi, atası, əri olsun.
Ondansa 60-a qədər yaxşı kişi olun. Canım üçün ondan sonra arvad da, uşaq da özü deyər ki, get kefinə, istirahətinə bax. Haqqındır.