Hidayət Elvüsal
O gündən bəri fikirləşirəm. Deyirəm, ya rəbbim, sənə şükür! Yaxşı ki, bu Amerika kinoçəkənlər çayxanasını yaratmısan. Məhz onların sayəsində marksizm-leninizm nəzəriyyəsi bir daha rüsvay oldu. Onlar deyildilər, “kapitalizm imperializmin son mərhələsidir” deyən? Onlar idi. Nə oldu?
O oldu ki, “Hollivud”un uşaqları sübut elədilər ki, kapitalizmlə imperalizmdən sonra da hələ bir mərhələ var. Yəni çox böyük bir siyasi kəşfə imza tullayıblar. Nədir o mərhələ? Sən demə bu… seksualizm imiş. Demək ki, imperalizm qudururmuş, ya da gücdən düşüb, kişiliyini itirirmiş və bu zaman dediyimiz o mərhələ yaranırmış.
“Hollivud”un bir yəhudi prodüsseri dünyada faş oldu. Sən demə bu qurumsaq, manyakfason bir şeymiş. Filmlərdə çəkilmək üçün seçdiyi aktrisalardan umacağı varmış. Tanıdığınız (adlarını yenidən çəkməyə “tərbiyəmiz yol vermir” (Ə.Nesin-red.) bütün o gözəl-göyçəklərlə sevişməliymiş. Hərçənd belə bir məşhur deyim var ki, şöhrətin yolu rejissorun yatağından keçir, lakin
“Hollivud” da bu yol prodüsserə aid imiş.
Bir sözlə, aktrisalar utana-utana (“Hollivud” aktrisaları həyalı olurlar) bütün dünyaya bildirdilər ki, o kişi bunların başına dəfələrlə oyun açıb, namuslarına toxunub. Həmin prodüsser də qorxusundan ilişib qalıb Avropada və Amerikaya qayıtmır.
Əşi, bu aktrisalar, gözəlçələr kefdilər eee… Əvvəlcə minbir hiylə ilə rejissora, prodüsserə, dövlət adamlarına “xod” tapırlar. İstədiklərinə nail olandan sonra da başlayırlar namus-qeyrət hekayəsi danışmağa. Ən çox da ABŞ kimi bir ölkədə.
Mərhum Con Kennedi də bir balaca arvadbaz idi. Hərçənd Jaklinin də xəbəri vardı, amma ərinin üzünə vurmurdu. Bilirdi ki, Marlin Manro Kennedinin məşuqəsidir. Bilirdi ki, o zaman, Xruşşovun vaxtında Kuba böhranı günlərində bir atom savaşı başlaya bilər və… gizli, yeraltı sığınacağa kənardan yalnız və yalnız Marlin Manro daxil olar. Amma onu da bilirdi ki, Kennedi ABŞ da hara gedirdisə, adamları mütləq bir gözəlçə tapıb onun yanına gətirirdilər. Yəni dediyiniz kimi - imperializmin seksualizm mərhələsinin apaydın bir sübutu.
Elə Bill Klinton. Nələr olmadı? Ağ evdə təcrübə (?!) keçən Monika kişinin üzünə dirəndi ki, bəs prezident onunla mazaqlaşıb. Özü də dəfələrlə Hillari mindi cin atına. Amma dövlət mənafeyini nəzərə alıb, cin ayından düşüb CİP-ə mindi, ara sakitləşdi.
Avropada da həmin mərhələ yaşanır. Hollandiyada tam surətilə. Burda artıq kişi kişi ilə, qadın-qadınla evlənir. Yəni Avropada sosializm (əsl sosializm haa) seksualizmlə qol-boyun olub.
Və... kimin ağlına gələrdi ki, marksizm-leninizm nəzəriyyəsi bu yolla diz üstə çökər? Sən bax haa… Gör kapitalizm, imperializm Marksdan, Lenindən xəbərsiz öz bətnində nələr gəzdirirmiş?!.
Əgər bu “Hollivud” qalmaqalı olmasaydı, bunlar heç ağlıma gəlməzdi…