Hidayət Elvüsal
Gərək televizora baxmayaydım. Yenə o aparıcı xanımlar şpaqat açdılar. Və məni fikir götürdü. Düşündüm ki, görəsən ayaqlarını belə - yəni 180 dərəcə aralayanda paltarlarından hansısa cırılıb eləmir ki? Yox! Cırılsaydı səsi gələrdi. Canlı verilişdi dəə.
Amma şou-biznes əhalisindən daha çox ekranda boy-boya verən həkimlər məni yaman qorxutdular. Biri dedi ki, əgər belində bir balaca ağrı hiss eləsən, mütləq yanıma gəl, xərçəng xəstəliyi başlanıb.
Dilim-ağzım qurudu. İki gündür ki, belim doğrudan da bir balaca ağrıyır. Həyətdə quyu qazırdım ki, bəlkə su çıxa. Çıxmadı və belim…
O biri həkim, o biri proqramda təsəlli verdi:
- Əgər belinizdə bir balaca ağrı varsa, böyrəyiniz soyuqlayıb.
Özümə gəldim. Tez bir kəklikotu dəmləyib içmək istəyirdim ki, başqa birisi məni o qədər güldürdü ki, uğunub getdim. Yox, əşi, bunu deməyim. Bizə aid olan şey deyil. Qadınlar üçün deyilmiş əlamətdir.
Amma bu eynəkli həkim ürəyimi qopardı:
- Beliniz bir balaca ağrıyırsa, qepatit-s nağdıdır.
Sonra o biriləri:
- Vərəmsən!
- Sellilozsan!
- Qarnında yırtıq var!
- Quş qripisən!
- Kərtənkələsən!
- Qayaqarpansan!
- …
- …
Yenə bu akademikə şükür. Sakitcə oturdu. Ovqatım oldu əladan əla. Şeir dediyi səydəş-süydəş yazıları oxuduqca məni şirin bir mürgü aparırdı. Amma yenə dadsız-duzsuz şairkimilərin ənənəvi çoban obrazını soxuşduranda yuxum qaçdı:
- Getmişdim Quba tərəfə. Bir çoban uzaqdan məni görən kimi hönkürə-hönkürə üstümə qaçdı. Dedi, professor-şair, səni həmişə televizorda izləyirəm. O anana yazdığın şeiri oxudun haa… Səhərə kimi ağlamışam. Qoyun-quzu da qoşulub mənə. Mən ağlamışam, onlar mələyib, onlar mələyib, mən ağlamışam.
Və fikirləşdim ki, akademik bu geydirmə epizodu kimdənsə eşidib. Yadıma düşdü. Belə səydəş şeylər yazan biri də vardı. İlk dəfə bu çoban epizodunu o danışmışdı, özü də televiziyada.
Nə isə! Hərçənd akademik, şeirin heç əlifbasını da bilmir, amma yazır haa. Nə ölçüsü, biçisi var, nə qafiyəsi var, nə mənası, nə də heç nəyi. Deyən yoxdur ki, ay zalım oğlu, şeir yaza bilmirsən, heç olmasa şpaqat açmağı öyrən dəə. Bir dəfə aç, bir il səndən danışsınlar. İstədiyin şöhrət deyil?
Hələ bir kanal var, ona “Düşük TV” deyirəm. Amaaannn!!! Yoldan ötən, meşədə azan, toy tamadaları, geydirmə oxuşanlar (oxuyanlar yox, oxuşanlar), şairlik eşqinə düşmüş pensionerlər…
Və oradakı aparıcı cavan oğlan! Ekranda yatır! Hə, yatır, ekranda. Əlinə bir planşet, ya da telefon alıb, qurdalayır, öz-özünə danışır, eynən avtobusda, metroda gedən uşaqlar kimi. Üzünün ifadəsi də eyni - guya gülümsəyir.
Bu, deyilənlərə “Düşük TV”-nin keçirdiyi guya mahnı yarışmasını da əlavə etsək, tam bir fəlakət!
Amma bütün TV-lərin ortaq nöqtələri də çoxdur.
1. Proqrama dəvət olunan aparıcıya, şirkətin rəhbərliyinə, operatorlara, işıqçılara minnətdarlıq etməli və deməlidir ki, ancaq sizin TV-yə baxıram, məhz sizin verilişiniz ailəmizin sevimlisidir.
2. Bütün aparıcılar isə:
a) Saç düzümünə görə Minəxanıma;
b) Makiyajıma görə Anaxanıma;
v) Geyimimə görə Sonaxanıma;
q) Ayaqqabılarıma görə Bibixanıma.
Sponsorumuza, mamama, papama, göysatana, cinçıxardana, falabaxana… çox-çox təşəkkür edirəm!
Və bütün bunlar yalnız və yalnız bizim ekranlarımızın dadı-duzu, qatığı, qaymağı, şoru, ayranıdır.
Hə, yenə televiziyaya baxdım - eyni aparıcılar, eyni mövzular, eyni mübahisələr, eyni mahnılar, eyni sözlər, ordan-burdan kopiyalanmış telefilmlər…
Danışanda da qəzetləri bəyənmirlər. Guya özləri…