Vəfa Allahverdiyeva
ATV-nin artıq keçmiş olan sədri Vüqar Qaradağlının başına son gələnlər “sandıq açılıb, pambıq töküləcək” misalında maraqlı bir məsələ kimi görünür.
Dünənə kimi artist zümrəsindən bir nəfərin də cınqırı çıxmırdı ki, televiziyalar onlara məhz rüşvət qarşılığında gen-bol efir üzü göstərir.
Hansı kanalı açır, hansı verilişi seçmək istəyirsən, qənşərinə artist çıxır-öz həyatından, özgə taleyindən bəhs edən və hətta ekspert qismində. Gör iş nə yerə çatıb ki, onlar topluma ağıl verir, yol göstərir, təsəlli olur, daha nələr, nələr...
Əslində ordan-burdan topluma sızırdı ki, şöhrət dənizində üzmək üçün dəridən-qabıqdan çıxan yeni artist nəsli müstəqil televiziyalara karlı görüm-baxım edir. Yoxsa ki, ərindən, taleyindən küsüb gələnlərin səhnə yolu, populyarlıq qisməti bu qədər hamar və rahat olmazdı.
Təmtəraqlı sənətçi evlərindən çəkilən verilişlər də həmçinin...jurnalisti əli dolu, cibi dolu edən proyektlərdir bunlar. Məlum: pul bir ingilisdə, bir də indiki zəmanədə artist tayfasında.
Qarışqa şırəyə daraşan kimi elektron KİV-də, neçə illərdir, bu şirəni özünə yaxşıca yem yeri edib.
Yəni, artistin qazandığı kapitalın səbəbkarı da, bu kapitala dolayısı şərik olan da televiziyalardır-anlaşılırdı bu.
Yeniliksə etiraflardadır.
Kimsənin dilindən təsdiq, şahidlik formasında efirin başında dayanan böyüklərin paxırı açılmırdı.
Həm də heç bir “ünlü”nün “sənət zirvəsi”nin sirri öz dili ilə faş olunmurdu. Badalaq Vüqar Qaradağlı ilə eyni vaxtda göbələk kimi bir gecədə artan artist zümrəsinin özünə də vurulub, rüşvət etirafı növbəsinə dayananların xəbəri yox.
Yaxşı ki də hamının paxırı açıldı. Lap yıxılana zərbə vurmaq kimi çıxsa da. Gedənin dalınca danışmaq olsa da. Nəyə görə?
Ona görə ki, bu zamana kimi yağla şorun yerinin dəyişik düşməsi, istedadsızların sürətlə populyarlıq mərtəbəsinə dırmanması nədənlərini dəqiq bir səbəbdə, bir ünvanda axtarmaqda zorlanırdıq. Elə hey deqradasiya, deqradasiya şikayəti. Mənəvi aşınma yanlış efir təbliğatıyla təməl atırdı, qışqırıqlarsa ünvana çatmırdı.
Anlayırdıq ki, televiziyalar meydan verməsə, soyunanlar ulduz statusunun həndəvərinə yaxın düşə bilməz. Belələrinə sonra-sonra xalq artisti, əməkdar artist qapısı da aralanmaz.
Belələri böyük-böyük adamların toylarında böyük hesablara iddia da edə bilməz.
Belələri gənc qızlara, oğlanlara etalon da olmaz.
Xeyli uzaq zamanlarda Dövlət Televiziyasının iki solisti var idi: Nisə Qasımova, Xədicə Abbasova.
Hər adamı televiziyaya buraxmazdılar. Elə indi də dövlətə xidmət edən televiziya bu ənənəni saxlayır: hər yoldan ötənə, nə yumşaq üz göstərir, nə də rüşvətə şirniklənən əl.
Muğam müsabiqələrində özünü professional, ədəb-ərkanlı tanıdan, Konservatoriyanın vokal, opera səviyyəsindən keçib gələn gənc istedadlardan başqa, çadır toyları, restoran, bar məktəbi keçmiş səsindən müştəbehlərə meydan vermir, onları dolayısı ilə zövq, səviyyə, sanbal, peşəkarlıq axtarmayan pulgir televiziyaların adresinə yönəldir.
Mikrofonu əvvəl-əvvəl əlinə uşaq oyuncağı kimi alıb, sonra soyunmaqla səhnəni “fəth etmək” nümunəsini cəmiyyətdə ilk yaradanın kimliyi yox, onları efirin parlaq lampaları altına gətirən televiziyaların mənəvi cinayətkarlıqla məşğul olmasının etirafı nə qədər ağırdır!!!
Bu ölkədə 700 ballıq savadını göstərən onlarla gənc, televiziya tribunasından niyə ekspert olmasın!
Bacarıqlı həkimlər niyə tele-ulduza çevrilməsin!
Jurnalistikanın gözəl imzaları-Hüseynbala Səlimov, Azər Hüseynbala və hörmətə layiq onlarla qələm insanı Azərbaycan miqyası üçün populyarlığı haqq etdiyi halda, efirdə gözümüzü ancaq ordan-burdan gəlmiş artistlər “mazol” etməlidir?!
Hanı muğam müsabiqələrindən üzünü və səsini yaxşı tanıdan istedadlar?! Müstəqil televiziya onlara efirin imkanlarını yaradırmı?
Çünki nə həkimdə, nə jurnalistdə, nə 700 bal toplamış tələbədə, nə muğam həvəskarında televiziyaların büdcəsinə, böyük-böyük adamların cibinə verə biləcəyi pullar var. Üstəlik, onların dürüst olmayan yollarla şöhrətin zirvəsinə bir az da dırmanmaq niyyəti, yığıb-yığışdırılması qeyri-mümkün pullar qazanmaq çabası.
Vergilər Nazirliyini borclu çıxaran, vergi ödəmə tələbi gələndə, əlinə dəsmal alıb ağlayan artist zümrəsinin televiziyaları ütülü pullarla bəsləməsinin sirri açıqdır: şoru yağdan baha satan, cəmiyyətə “faydalı” təqdim edən məhz televiziyalardır!
Birinin ərindən, qardaşından, nişanlısından konfidensial şəkildə pul qoparıb embarqo tətdiq etmək, sonra bu embarqonu tətbiq edilənin özünün rüşvəti qarşılığında aradan götürmək tərtəmiz dələduzluq olsa da heç...bu “fərasətin” hesabına qazanılan pullar da heç...saymayaq, amma əldəqayırma müğənniləri sənətkara, ünlüyə çevirməkdə, əsl sənətin dəyərinin ölməsində, insan zövqünün xarab edilməsində, gənc nəslin pis nümunə ilə böyüməsində bu televiziyalar elə bir günah, məsuliyyət daşıyırlar ki, bunun hesabı ən radikal formalarda belə sorulmalıdır.