Vəfa Allahverdiyeva
Böyük çoxluğun ölkə kənarında və Bakı xaricində yay istirahəti başa çatır, demək olar.
Aylarla pul toplayıb gözəl yerlərdə yaxşıca tətil edirsən, Bakıya qayıdan kimi, pozitiv enerji burnundan gəlir.
Çünki qoyub getdiyin kimidir, hər şey.
Maşın səs-küyü...İnsan hay-həşiri... Mənbəyi yerli və gəlmə olan toz-duman... Nəqliyyat sıxlığı...Havanı geri itələyən, hündürlüyü qorxulu binalar...Zəhlətökən pis külək.
Bakının zibili səhərə kimi daşınıb qurtarmır vallah.
Zibil maşınlarının şirin yuxunu pozan gurultusundan bəlli. Hündürmərtəbəli binaların pəncərəsi açılmır, inan! Sərt küləyə təslim olur acizlikdən, çünki.
Gəl yat görüm, qapı-pəncərəsi açılmayan mənzilin boğanağında necə yatırsan.
Səhər-səhər yollarda, avtobuslarda hamının üzündən yağan zəhrimarın bir səbəbi də niyə bu olmasın ki. Bakı başdan-başa yuxusuzluq, əsəb gətirən bir şəhərə çevrilib...
...Bəlkə çox az adam tapmaq olar desin ki, Bakı ilə bağlı əsla, xəyallar qurmayıb. Şəxsi planları, perspektiv üçün buraya can atmayıb heç.
Ədəbi-bədii mühiti hər daim qaynayan, mədəniyyət, ədəb, paklıq, hüzur simvolu daşıyan, elit təbəqəsi, aktiv siyasi aləmi, olan Bakıya kim can atmazdı ki!
Bakı ölüm xəyallarında belə arzunun özü idi;
Dəfn niyyətində baş kəlmədir hər daim.
Həyatının bütün gözəl dövrlərini Qərb aləmində yaşayan, sağlığında beş dəfə ayağı vətən torpağına dəyməyən, populyar elmi persona Lütfi Zadənin əbədi yuxusu da elə bu günlərdə Bakıya vəsiyyət edilib. Vətən anlayışının, sevimli paytaxtın cazibəsi, ehtişamı bax budur!
Amma zaman irəlilədikcə, Bakıya canatmada yalnızca ölüm arzuları dəyişilməz qalır; cazibə dar və qaranlıq məzar üçün qüvvəsini saxlayır;
Adlı-sanlı bu paytaxtda yaşamaq, karyera qurmaq xəyallarınınsa taqəti zəifləyir. Yaşamaq, hətta bitməyən bir əzaba çevrilir.
Nə qədər ki ayağını Bakıdan kənara qoymursan, elə bilirsən, hər yer paytaxt kimi tünlük, bezdirici, boğucu və əzablıdır. Qırağa çıxdınmı-təkcə təbiət dinclik gətirmir beynə.
Sakit əyalət...elə bil ölüm səssizliyi var bu mühitdə.
İnsanların əsəbləri yerində... Sanki onlar ayrı irqdir, sən ayrı irq. Sanki onlar toxdur, Bakıdakı camaat ac. Halbuki şəhərin dəbdəbəsində əyalət o qədər solğundur ki...
Bakı gözdən düşür, əlinə keçən bu müqayisədə. Bakıya sevgi ölür. Yaşadığımız yer zahirən gözəl olsa da, yer deyilmiş, qətiyyən. Baş götürüb qaçmaq istəyirsən.
İndi əyalət xəyalların özüdür. Karyera arzularını da oraya daşımaq düşüncəsi var zehində.
Çünki müasir memarlıq Bakının fizinomiyasını deyil, ruhunu da məhv edib.
Əyri-üyrü, vəhşi, xaotik arxitekturada insanlar doğrudan da, qəfəsə salınmış kimi yaşayır.
İnşaata ciddi nəzarətin başlandığı köhnə xəbərləri Yasamalın mərkəzi hissəsində bir-birinə pərçimlənmiş 20-22 mərtəbəli şıdırğı tikintisi gedən binalar elə gözəl yalanlayır ki...Üzərində vətəndaş nəhləti olan, nəfəsliyi tıxayan yanlış tikintidən inanma, kimsə bir xeyir tapa bilə!
Bakını tək Hacıbala Abutalıbov bədbəxt etsəydi, problemin kökünü bir fərman-sərəncamla həll etmək olardı. İş ondadır ki, idarəetmədə bir çox məsul “kreslo”lar Bakıya düzgün proyekt cıza, sağlam mühit hazırlaya, gözəl ənənələr biçə bilmədilər. Ya tamah, ya çatışmayan gözəl fantaziya, yetərsiz düşüncə ucbatından... Bakını bədbəxt etdilər.
Bu qədər insan Bakının fiziki ölçülərinə tərs-mütənasib ola-ola, bütün əyaləti bu darlığa sıxlaşdırmaqla, Bakının fəlakətinə pozulması müşkül təməl atdılar. İqtisadçı ağılsızlığı... Tənha qalmış torpağa indi qayıdış həvəssizliyinin bəlası da elə burda axtarılmalıdır.
Paytaxtın fiziki xəritəsi müasirliyin, əzəmətin təntənəsidir, düzdür.
Amma əgər cəmiyyət tünlüklə çoxalan cinayətlər, beyni deşən səs-küy ucbatından psixoloji əlilə çevrilirsə, sağlam ruhunu itirirsə, mənəvi zövq tapa bilmir, fiziki xəstəliklər içində qıvrılırsa, hava limanındaca insan səs-küyünə, vəhşi binaların arasına qayıtmağa üzü kədər alırsa, dağları, dərələri arxada buraxan ailə maşınındaca qüssələnirsə, paytaxtın ağızdolu dəbdəbəsi sadəcə, qızıl teştə qan qusmaq deməkdir.
Səhərlər suçiləyən maşınlarla yuyulan əski Bakının bugünkü toz-dumanını yatıran texnikaya pulumuz çatmır, deyəsən. Necə layiqli ironiya!..
Bu qədər tikinti, bu qədər insan Bakının yükü deyil, əlbət. Bu yük altında təkcə o, özü bədbəxt olmur, həm də ziyalısını, məmurunu, bütövlükdə ölkənin gələcəyi olan insanı məhv edir.
Bakının dərdi Qarabağın dərdi qədərdir ki, ondan az deyil.
Onun da çözüm masalarına ciddi ehtiyacı var. O masalara ki, Bakının inzibati yükü, insan yükü, ekoloji yükü, elmi yükü Azərbaycanın üç bölgəsində paytaxt infrastrukturu qurulmasına verilən qəti, prinsipial qərarlarla azaldılsın.
Əyalətlər də qaynasın ki, Bakı azalan rolu, boşalan çiyinləri ilə rahat nəfəs ala bilsin. Bakıdakı insan diriykən ölü məzarlığı yaratmasın-ən vacibi!..