Abbas Əliyev
…Yas yerində yanımda oturan şişman kişi özünü az qala boğduğu qalstukunu boşalda-boşalda ora-bura çox baxırdı. Deyəsən tanış adam axtarırdı. Axırda dözməyib soruşdu:
- Bu kimin yasıdır?
-Məmmədin anasınındı - dedim.
-Hansı Məmmədin?
-Vallah, hansı Məmmədin deyə bilmərəm, ancaq bizimlə bir yerdə JEK-də işləyir.
“Qonşum” kal-kal üzümə baxdı:
- “Slesar” Məmmədin? Əhməd müəllimgilin yası deyil bəyəm? Əşi, mənim burda nə işim var? Məmməd kimdir ki, mən də onun yasına gəlim. Böşuna vaxt xərclədim.
Mollanın başa çatmaqda olan “fatihə”sini gözləmədən deyinə-deyinə yerindən qalxdı və heç kimlə sağollaşmadan qapıdan çıxdı.
…5-6 dəqiqə sonra “qonşumu” yenidən yanımda gördüm. Təəccüblə üzünə baxdığımı görüb, sual verməyə imkan vermədi:
-Əşi, düz gəlmişəmmiş. Məmməd müəllim bizim hörmətli Əhməd müəllimin qardaşı imiş. Elə bu zaman yanımızdan ötən Məmmədi görüb sözünü yarımçıq kəsib hövlank ayağa qalxdı və Məmmədi bərk-bərk qucaqladı:
- Qardaş, sənin qəmin bizim qəmimiz, Əhməd müəllimin anası bizim anamızdır – dedi. Və sifətinə verdiyi yazıq görkəmlə yanımda əyləşdi, ağzını qulağıma yaxınlaşdırıb asta, bir az da narazı səslə dedi:
- Sən də demirsən ki, Məmməd Əhməd müəllimin qardaşıdır. Biabır olmuşdum o bayda kişinin yanında. - Əhməd müəllim kimdir ki? –təccübblə soruşdum.
- Bizim trestin müdiridir - dedi.
…İş yoldaşım olduğundan Məmmədin anasının üçü, yeddisi və qırxında da iştirak etdim. Hər dəfə də “qonşumu” orda gördüm. Sifətinin key, üzünün saxta yazıqlıq ifadəsi ilə…