Vəfa Allahverdiyeva
Sovet məktəblilərinin hamısının olmasa da, çoxunun bəxti gətirmişdi.
Yay istirahətini valideynin ətəyindən tutub gəzmədən, onun məzuniyyət vaxtına əsir olmadan, məhz müstəqil şəkildə, bol-bol əyləncə, müxtəlif millətlərdən olan dostlar əhatəsində, onlarla maraqlı diskussiyada başa vura bilirdi.
Müasir məktəblinin “Artek” i (məhşur pioner düşərgəsi-müəl.) yoxdur.
Demək, təkcə istirahətdən məhrum deyil, geniş çevrədə təzə nəsə öyrənmək, özgə mədəniyyətləri tanımaq, yeni dostlar tapmaq şansı da yoxdur.
Dörd divar arasında, “çölə çıxma”, “uzağa getmə” qadağası altında nə dost axtarışı!
Dizinin dibində nə yeni mədəniyyət öyrənmək!
Başqa millətlərdən, özgə coğrafiyalardan yeni üzlər, yeni isimlər yoxdur ki, hətta tətilsonrası boş vaxtlarını da uzun-uzadı məktublaşmalar aparsın; heç olmasa, virtual dünyadan qopsun. Virtual dostlardan əl çəksin. Tanımadığı insanların təhlükəsindən uzaqlaşsın. Bir gün bir almanı, rusu, qazaxı, özbəyi evində qonaq etsin, ölkələrinə dəvət alsın.
“Artek” kimi bir mühit olmayan yerdə, xaricı dili ünsiyyət əlverişliliyində gözəl mənimsəməkdən də məhrumdur.
Ucqar bir dağ kəndinin sovet məktəblisi ali məktəb yoldaşları arasında rus dilində cəh-cəh vururkən, rayon mərkəzində təhsil almışlar həmin dildə elementar cümləni zorla qururdular.
Sonra çağdaş məktəblinin başına döyürük ki, niyə ingilis, rus dilini danışmaq səviyyəsində öyrənmir, telefon əyləncəsinə cumursan!
Neyləsin.
Müasir məktəblinin xaricidilli çevrəsimı var?
Əlləri üstündə əsən, xarici dil məsələsində axsayan ata-anasından başqasınımı görür?
Elə bil tayı-bərabəri olmayan bir “Artek” tapmışdıq, göndərdik, getmədilər. İngilis, rusdilli uşaqlar var idi, onlarla birlikdə əylənməkdən qaçdılar.
Allah insaf versin, Daxili İşlər Nazirliyinə. Nəzdindəki uşaq istirahət düşərgəsi kütləvi marağı qarşılamaq imkanında deyil. Eləcə də Gənclər və İdman Nazirliyi. Təşkil etdiyi adda-budda uşaq istirahət düşərgələrində hamıya qapı açılmır.
Açılsa da, kütləvi marağı qarşılasa da belə, biz istəyən tətil modeli, onsuz da bu deyil.
Keçmiş sovet məktəblisi- bu günün ana-atası öz üşağı üçün ancaq “Artek”in xiffətini çəkə bilər.
Dünyada Krım yarımadasından daha yaxşı, Azərbaycanda Krımqədər möhtəşəm təbii gözəlliklər var ki, oralarda “Artek” tipli düşərgələr salmaq mümkündür. Hətta cahanın müxtəlif irqli, müxtəlifdilli məktəblilərinə bir arada istirahət imkanı yaradan düşərgələr.
Lakin belə bir proyekt xarici və yerli investorların tamamilə yadından çıxıb.
Azərbaycan məktəblilərinin italyan, ispan, rus, ingilis, ərəb...uşaqları ilə Antalya, Bodrum səyahətində Egeyin, Aralıq dənizinin sularında birgə üzmək, bərabər sürüşmək, bərabər yemək, hətta dil problemi yoxdursa, epizodik danışmaq, tanış olmaq imkanı var.
Bu da ki, hamının əliçatan imkan deyil.
Məktəblinin biri maraqlı bir yer görür, coğrafi xəritədən tanıdığı ölkənin insanı ilə qarşılaşa bilirsə, digəri kənddəki nənəsinin sığal-tumarından, onun qoyun-quzusundan başqa heç nə görə bilmir...
Həm də millətləri qovuşduran Türkiyə səfasına səyahət uzunmüddətli olmadığından, dünyagörüş, dost qazanmaq, birlikdə yeni bilgilər öyrənmək baxımından nostalji hisslərimiz olan “Artek” modelinə çatmır.
Uşaqların nəşəsinin mənbəyi olan hovuzlardakı dəhşətli qüsurlar, müasir standartlara cavab verməmək ucbatından baş verən kədərli hadisələr yerli istirahət məkanlarına etibarı get-gedə azaldır-bu məqamda da məktəblinin tətilini maraqlı etmək planları suya düşür.
Təhsilin hər bir məqamında yaxşı biznes qurulurkən, ailəvi istirahət məkanlarından tam ayrı təsnifatda məktəblinin istirahət düşərgələri məsələsi əlverişli biznes predmeti olmalıydı.
Hər il ibtidai sinfə qəbula balaca fidanların 90 faizi pullu hazırlıq kurslarından keçib gəlir. Onların diplomlu anaları ibtidai bilikləri öyrətmək vəzifəsinin öhdəsindən gələ bildikləri halda.
Biliklərin tez-tez test edilməsi üçün nə qədər sınaq kurslarının biznesi uğurla irəliləyir. Qabaqda tələbə qəbuluna əməlli illər, zaman olduğu halda.
Pul qazanmaq hədəfini bir kənara qoyaq, hər birində ailənin işini yüngülləşdirmək faktoru da var.
100 günlük yay tətilini proqramlaşdırmaqsa ailələrin aciz qaldığı, dövlət, qeyri-dövlət sektorundan kömək ala bilmədiyi ən müşkül işdir.
Uzun tətildə uşağı evdə tutub saxlamaq, onun başını nə iləsə qatmaq əməlli əzabdır-böyüklər üçün.
Bir dağ bölgəsində indiki qiymətlərlə uzağı bir həftə qala bilərsən.
100 günün bir həftəsi heçnədir.
Sonrakı aylar, həftələr, günlər, bəs?
Səhər durub rezin topu nə qədər yerə döyər, bir velosipedi sağa-sola, aşağıdan yuxarı, və ya əksinə, nə qədər sürər, bir kəndirlə nə qədər atılıb-düşə bilərsən? Səmərəsiz bir əyləncə.
Tətil tapşırıqları...
Baş qatmaq üçün yaxşı göstərişdir.
Bu təkrarlama məcburiyyətinin sonunda da əzablı dərs, məktəb ab-havası var, istirahət yox.
Bədii ədəbiyyat oxumaq lazımlı olsa da, istirahət təlabatını ödəmir ki, ödəmir. Uzun zamanın bütün hissərələrini əhatə etməsi mümkünsüz...Yalnızca bol-bol əyləncə nisbətində diqqət yaratmaq, sevimli olmaq şansı var. Yoxsa ki indikilərə kitab sevgisi aşılamaq da əzablı bir çabadır.
100 gün sürətlə uçub gedir. Ortada nə səmərəli istirahət, əyləncə var, nə gözlə alınan yeni bilgilər, nə yaxşı dostlar.
Oğlumun üzündəki kədərli, dilindəki acıqlı ifadə kimi: canım sıxılır...