Modern.az

Qanadlan, pərvazlan, Azərbaycan muğamı

12 İyun 2017, 11:48

Akif Cabbarlı

 

Bu axşam – iyunun 12-də möhtəşəm Heydər Əliyev Mərkəzində yüzlərlə paytaxt sakini və şəhərimizin qonaqları üç aylıq muğam yarışmasının qaliblərini ürəkdən gələn alqış çələnginə qonaq edəcək, respublikamızın müxtəlif guşələrindən, İran İslam Respublikasından Böyük Səhnəyə vəsiqə sorağı ilə gələn say-seçmə ifaçılara gələcək uğurlarında xeyir-dua ünvanlayacaqlar.

 

Martın 14-də, ilimizin axırıncı çərşənbəsində Beynəlxalq Muğam Mərkəzinə dəvət olunanlar, əslində, seçim turlarından qalib çıxan 20 gəncin ölkənin adlı-sanlı muğam bilicilərinin imtahanından necə keçəcəyinə şahidlik imkanı qazanmışdılar. Respublikamızın xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və “Mədəniyyət” kanalının direktor müavini, Əməkdar incəsənət xadimi Nadir Axundovun sınağından üzüağ çıxmağın elə də asan olmayacağını yaxşı dərk edən gənc muğam ifaçıları müəllimlərindən öyrəndiklərini, görkəmli muğam ustadlarının lent yazılarından görüb-götürdüklərini öz kövrək, bakirə, bulaq suyu kimi saf səs tembrləri ilə elə yüksək tərzdə, təkrarsız çatdırırdılar ki, hər oxumadan sonra qaldırılan lövhələrdəki rəqəmlər ürəklərincə və ürəyimizcə olsun. Belə də oldu və lap start dəqiqələrindən özlərini və ifalarını sevdirməyi bacarmış gənclər bu şərəfli, məsuliyyətli və gərgin marafonun finişinədək səsləri, nəfəsləri üstündə gəlib çata bildilər.

 

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilən “Muğam Televiziya Müsabiqəsi – 2017”ni əvvəlki müsabiqələrdən fərqləndirən bir sıra ümumi cəhətlər olsa da, birləşdirici, sevindirici və ümidverici ali məqam məhz onunla şərtlənir ki, Azərbaycan gənclərinin qədim musiqimizə - muğama həvəsi, klassik ənənələrə sadiqliyi, bağlılığı yenilməzdir, tükənməzdir. Dahi Üzeyir Hacıbəylinin muğam sənətinin təkmilləşdirilməsi, dərsliklər səviyyəsində işləməsi, ifaçılara təmənnasız köməyi fonunda bu gün muğamlarımız daha müasir formada, dövlət səviyyəsində qorunur, inkişaf etdirilir, dünya arenasında tanıdılır. Bütün bunlar isə məhz Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın fədakar, ardıcıl və məqsədyönlü xidmətlərinin məntiqi nəticəsi kimi qəbul edilməlidir.

 

Müsabiqəyə ekran həyatı yaşadan, tarixləşdirən Azərbaycan Televiziyasının fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Bu sahədə artıq zəngin təcrübə qazanan peşəkar kollektiv yeniyetmə və gənclərin muğam sahəsindəki istedadının üzə çıxarılması üçün bütün yaradıcılıq imkanlarından əsl peşəkar zövqü, vətəndaş prinsipiallığı ilə istifadə edir.

 

Yarışma boyu münsiflər heyətinin üzvləri, istedadlı tarzən, Əməkdar artist Sahib Paşazadə və ansamblın digər üzvləri gənc istedadları xeyli ürəkləndirir, onları öz bacarıqlarını daha rahat və geniş diapazonda təqdim etməyə səsləyirdi. Onu da vurğulayaq ki, hər bir gəncin uğurlu çıxışları isə ilk növbədə sənət korifeylərinin, səhnəyə təzəcə qədəm qoyan ifaçıların müəllimləri olan ustadların ünvanına yazılırdı. Ötən müddətdə tamaşaçıların da hafizəsində bir sıra yaddaqalan məqamlar qaldı. Biz bəzən müşahidə edirdik ki, muğamın çərçivələri, qayda-qanunları, “ayaq”ları, zili-bəmi hələ sənətdə, səhnədə bişib-düşməyən yeniyetmələri ara-sıra çaşdırır, qorxudur – amma bunun özündə də bir gözəllik, bir ecazkarlıq duyulurdu. Asan deyildi, yüzlərlə muğamsevərin, sənət bilicisinin qarşısında oturasan, özü də biləsən ki, səni televiziya ekranlarından milyonlar izləyir, oxumağına, davranışına qiymət verəcəklər, müzakirə edəcəklər. Bax, bu cür şəraitdə çətin imtahandan üzağ, nöqsansız çıxmaq özü bir cəsarət, risk nümunəsi deyildimi? Bir halda ki, münsiflər heyətinin üzvləri də muğam sənətinin əsl biliciləri, bəziləri elə bu gənclərin müəllimidirsə, səhnədə keçən beş-on dəqiqədə muğamla qol-boyun olub cəngə çıxan uşaqların hansı hisslər keçirdiyini təsəvvür etmək o qədər də çətin deyil.

 

Bu axşam həssas və qədirbilən tamaşaçıların, muğam bilicilərinin qarşısına əsl yaradıcılıq hesabatı ilə çıxacaq gənclərə - Almaxanıma, Rəvanəyə, Pərvizə, Validə, Səmaya, Nurlana və Məcidə ünvanlanan alqışlardan bu müsabiqəyə qoşulan hər bir gəncə də pay düşür. Bu alqışlardan həm də gənc ifaçıların ustad müəllimlərinə də çatır. Bütövlükdə isə qazanan Azərbaycan muğamıdır, qədimdən-qədim musiqimiz, sənətimizdir. Bu xəzinəyə hər yarışmada beş-altı nəfər püxtələşmiş, yetişmiş ifa sahibinin adı yazılsa, yenə qənimətdir. Sevinməyə dəyər.Muğamımız inkişafdadır, yüksəliş yollarındadır. Bu yolu salanlara, işıqlandıranlara, gənclərimizin qolundan tutub onları pərvazlandıranlara sağ ol deyir, minnətdarlığımızı bildiririk - təbii ki, hər bir muğam həvəskarının, musiqi ovqatlı, sənət eşqli vətəndaşlarımızın adından.

 

Qanadlan, pərvazlan, Azərbaycan muğamı!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU