Modern.az

Xalq sənətçiləri kapitalist fırıldağına şərik olanda...

2 İyun 2017, 12:01

Vəfa Allahverdiyeva

Əvvəllər reklam anlayışının adı var, özü yox idi.

İstehlakçıya qidadan tutmuş geyimə, mənzilə, məişət avadanlığına qədər-təklif olunan hər şeydə bir keyfiyyət kriteriyası, sözsüz var idi deyə, reklama ehtiyac qalmırdı.   
 

Kərə yağının reklamını anlamayan insanların müxtəlif növ  istehsal məhsulunun səs-küylü təqdimat üsuluna dodaq büzməsi, dədə-baba yağını gözə dürtən şüarçılıqdan hətta istehzalı bir aforizmin yaranması,  reklamsız dönəmin insan maraqlarına reklamlı dönəmdən daha artıq və şübhəsiz, xidmət etməsi gerçəyindən qaynaqlanır.

Bəlli ki, kapitalist çox olan yerdə, çeşidli məhsul da çoxdur. Məhsul bol olduqda , rəqabət hər kəsə xeyir vəd edə bilmir. Reklam da bu halda dövriyyəyə girir.

Üstəgəl, reklam, həm də zay  məhsulun mübaliğəli təqdimatda  bazarını qurmaq, tamaha çatmaq metodudur.

Bu heç.

Reklamların siması toplumun dəyərli, hörmətli, adlı-sanlı isimləri seçiləndə isə, vəziyyət kapitalist üçün uğurlu olsa da, istehlakçı üçün bərbad, hələ üstəlik, reklam işinin qabarıq tərəfi olan  məşhur adamı da sevgi, rəğbət  gördüyü  cəmiyyətlə düşmənçilik müstəvisinə gətirir.

Türkiyənin ünlü sənətçisi Orxan Gəncəbayın bu günlərdə başı dərdə girdiyi kimi.

Çünki reklam siması olduğu bir tikinti şirkəti mənzil alıcılarını aldatmaqla,  təkcə öz etibarını itirməyib, üstəlik, onun ünvanına aramsız tənqid və ağır ifadələrin işlənməsinə səbəb olub.

Aldadılmış alıcıların hirs-hikkəsində  populyar türk sənətçisi  fırıldaqçı, yalançı kimi kobud epitetlər qazanıb.
   

Xalqın adamının hörməti, etibarı ayaqlar altına düşüb.

Niyyət Türkiyədəki durumun üzərinə getmək deyil.

Mövzuda bir sinxron xətt var; hər coğrafi məkan üçün aktualdır;
 

Konkret onlarla məşhur insanı reklam siması etmək istəyən, yaxud reklam siması olmağı qəbul edənlər  vasitəsilə bizim toplumumuzun da kapitalist tələsinə düşməkdən sığortalanmamasıdır.  

Təmirli, təmirsiz mənzil fırıldaqçılığı bizdə, az qala hər addımda qarşıya çıxır. Reklamını xalq artistlərimiz aparmasa da.

Aparsa, fəlakət daha böyük olardı yəqin. 

Bir məşhur adamın saç stilinə, geyindiyi paltar modasına düşkünlük necə yaranırsa, onun tərif əli basdığı hər şey də qiymətli qızıla dönür axı.  

Halbuki, reklamdakı nə diş pastası, nə mebel, nə yaşayış binası, nə dərman... onun tərcihidir...  

Lakin xəz dərinin, kosmetika məhsullarının reklamında əməkdar və xalq artistlərinin nüfuzundan istifadə nümunələri sağda-solda, aşağıda, yuxarıda-hər yerdə qarşıya çıxır.

Bu məhsulların reklam simalarına da qəzəbli olanlar var.

Çünki tükü tökülən xəz dəri, ətri və keyfiyyəti olmayan kosmetik vasitələr bir çox alıcılar tərəfindən ifşa edilib.


Standartlaşma mütəxəssislərinin araşdırma-analizi ilə saxtalığı təsdiqlənib.

Sadəcə, məsələ ona görə qabarıq halda böyüməyib ki, xəz dərinin, kosmetikanın dəyəri mənzilin dəyəri yanında cüzi rəqəm təşkil etdiyindən, emosional, dramatik situasiya yaratmayıb. Qarğışdan, söyüşdən savayı. 

Bir də ki, sonradan rahat yollarla səhnəyə gələn isimlərlə nüfuzunu çətin mərhələlərdən keçərək qazanan ciddi sənət adamlarının arasında kəskin ictimai hörmət fərqi var.  

Kəsəsi, nə baş verir?

Tanınmış simalar biznes adamlarının fırıldağına şərik olur, əhalini keyfiyyət etalonu kimi qeyri-səmimi təriflə aldadan iş dünyasının xeyirsiz əlindən tutur.

Öz adını, populyarlığını yüksək məbləğə kapitalistlərin maraqlarına satır, pulunu alıb ortadan çəkilir.     

Halbuki  hiyləsi ilə vətəndaşı aldadan tərəf kimi istər-istəməz, konkret şirkət, firma yox, onun reklamını edən xalq adamı diqqət mərkəzinə gəlir.  

Səhər hansısa firma, şirkət aldadıb qaçanda, pis məhsulunu bəh-bəhlə sırıyanda, istehlakçının əli həmin firmadan qabaq reklamın siması olan dəyərli, hörmətli ziyalının “yaxası”ndan yapışır.  

Bir anlıq şərti ad olaraq təsəvvür edək ki, hansısa bir əzzaçılıq şirkəti yazıçı Anarı hansısa dərmanın reklamına cəlb edir. Günlərin birində insanların həmin dərmandan zərər çəkməsi faktları aşkarlanır.

O zaman nə baş verəcək?

Təbii ki, şirkətin nə adını xatırlayan olacaq, nə də qapısını tapıb, yumruqlayan.

Amma Yazışılar Birliyinin ünvanı rahat tapılacaq, bütün bəd duaları Anar almalı olacaq.   

Təsəvvür edək, teatr, kino əfsanəsi Şəfiqə Məmmədova Azərbaycandakı bərk gedən bir əyalət otelinin reklamını edir. Bu reklam ağılları oğurlayıb, bizi həmin məkana sürükləyir. Və çatıb, qarşılaşdığın soyğunçuluq, keyfiyyətsizlik səni, ilk növbədə kiminlə “üz-üzə” gətirir?

Təbii ki, sənət əfsanəsi Şəfiqə Məmmədova ilə. 
 

Ciddi nüfuz sahibləri,  gözütox  adamlar fırıldaq işlərin qoxusunu tez alır.

Mənfəətbaz biznes çevrəsindən yan gəzir və öz adlarını böyük pullara, kasıb təbəqəni bədbəxt edən proyektlərə  dəyişmirlər.

Əks halda, yazıçı Anar, aktrisalar Şəfiqə Məmmədova, Amalya Pənahova, aktyorlar Rasim Balayev, Fuad Poladov neçə-neçə şirkətin layihəsinə, məhsuluna öz ismini, öz şöhrətini  vermiş olardı.

Sənətdə, ədəbiyyatda ciddi imici olanlar sosial çarxlarda, sosial layihələrin reklam formatında iştirak borcu daşıyırlar, çünki həmin siyasətin arxasında dövlətin adı dayanır.

Dövlətin adı olan yerdə  isə heç bir fırıldaqdan, yüksək mərtəbədən aşağıya yuvarlanmaqdan  söhbət gedə bilməz.

Saçımızı tökən bir şampunda, mədəmizi xarab edən bir yağ məhsulunda, qəpik-qəpik toplanan mənzil pullarının havaya sovrulması fırıldağında qurbana çevrilmək sənətin, ədəbiyyatın, mətbuatın, idmanın yeni, populyar adlarının reklam simalılığı ilə  ola bilər.

Çünki onların içində özünə tabu, embarqo yoxdur.

Şöhrətini, hörmətini, dəyərini satın almaq istəyən mənfəətbazların yağlı təkliflərinə qətiyyətli  imtina   yoxdur.

Olmadıqca isə,  sosial-ictimai kəsimin fırıldağın, yalançı bər-bəzəyin güdazına getməsi təhlükəsi hər an artır... 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi