Hidayət Elvüsal
Və elə onun da gözəl xasiyyətləri var. Məsəlçün, orucluq ki, gəlib, başlayıb müsəlmansayağı jestlər etməyə. Elə bu sabah işə gələndə maşını saxladıb, dünən aldığı rüşvətdən 1 manat sürücüyə verdi ki, aparıb salsın nəzir qutusuna. Əlbəttə, müdiri işə aparan sürücü idarənin qorumaları ilə çay içəndə yenə təriflədi:
- Çox müsəlman adamdı. Nəzirini-niyazını əskik eləmir. Elə bu sabah da nəzirini verdi. Allah qəbul eləsin!
Müdir də “petimanutka”dan sonra bir az gərməşdi və zəngi basdı. Katibə içəri girdi. O saat kabineti erotik ətir qoxusu bürüdü. Müdirin nəfəsi bir anlıq sıxıldı, sonra özünə gəldi:
- Qapını bağla!
Katibə yalandan nazlandı:
- Müdir olmaz e!
- Niyə?
- Orucam!
- Yox a!
- Papamın canı!
- Papana quzu kəsim! Elə mən də orucam. O deməkdir ki, ac qalaq?
- Yox e, orucum pozular!
- Pozulmaz! Pozular, sonra bir-iki gün artıq tutarsan, Allah günahlarımızı bağışlar.
- Katibə nazlana-nazlana kabinetin arxa qapısından keçib, müdirin istirahət otağına girdi və o saat da başladı köynəyinin düymələrini açmağa…
…Günortadan sonra həmin adam gəldi. Orucunu “pozub”, biskvitlə kofe içən katibə gözünü süzdürdü:
- Keç! Səni gözləyir!
O da keçdi içəri. İtaətkar görkəm alıb, əllərini ovuşdurdu. Müdirin masasına tərəf getdi və salamlaşıb, əlini cibinə saldı. Bir dəstə pulu çıxaranda müdir dilləndi:
- Nəğayrırsan, ə?
Adam çaşdı:
- Müdir, amanatı gətirmişəm.
Müdir kresloya yayıldı:
- Ə, mən orucam e!
Adam gözlərini döydü. Bilmədi nə desin. Ya da elə gəldiyi kimi də geri dönüb, orucluq ayının çıxmasınımı gözləsin… və donub qaldı. Sonra qeyri-ixtiyari geri dönüb, qapıya tərəf gedəndə, müdir onu səslədi:
- Hara gedirsən, ə?
- M… m…üdir, dediniz ki, orucam.
- Noulsun?
- Yəni… amanatı verimmi?
- Ver!
Adam da təzədən pulu çıxarıb, ona uzadanda dilləndi:
- Ə, demədim orucam?
- Dediniz…
- Dedimsə əlimi o pula nətəhər vurum? Gətir qoy bu sürməyə.
Adam da yaxınlaşıb sürməni çəkdi və pulu qoydu oraya. Müdir dilləndi:
- Allah qəbul eləsin!
- Amin, müdir! Allah sizi başımızın üstündən əskik eləməsin!
- Gedəndə katibəyə denən ki, müdir çağırır.
- Baş üstə!
Katibə içəri girdi. Müdir barmağı ilə onu yaxına çağırdı:
- Bayaq deyirdin maşını ustaya göstərəcəksən.
- Hə!
- Sən niyə göstərirsən? Bu qapıda duran gədələr ölüb? Al bu pulu! O gədəyə də beş-on dollar ver, maşını ustaya aparsın.
- Yaxşı! - sonra da uzaqdan öpüş göndərdi, - Canım mənim!
Bir azdan dostu zəng elədi:
- Axşamı neynəyirik?
- Ə, mən orucam e.
- Mən də orucam. Acından ölək?
Müdir o biri müdirin sözünü yerə salmadı:
- Ölməyək! Elə orda görüşək də. Onların kababı-zadı yaxşı olur.
- Bir-iki masqa da çağırım?
- Mən o sarıdan orucumu açmışam.
…Axşam görüşdülər. O biri müdirin yanında iki qız da vardı. Bu müdir iki dəfə “orucunu” aça bilməyəcəyindən, payına düşən qızın sinəsinə iki-üç dənə yüzlük dollar taxıb, konyakı çəkdi başına…
…Səhər işə gələndə yenə sürücüyə bir manat vermək istədi ki, nəzir qutusuna salsın. Xırdası yox idi.
- Ə, orda saxla, o nəzir qutusuna bir manat sal, sonra verərəm.
Sürücü tez dilləndi:
- Bu nə deməkdi, müdir? Qurbandı sizə! Allah razı olsun!
Və işə gələndə yenə güvənlik işçilərinə deyirdi:
- Çox müsəlman adamdır. İnanın özü ac qalsa da, nəzirini, niyazını əskik eləmir. Yetim atasıdır, çörək verəndir.
Güvənlikçilərdən biri dilləndi:
- Görəsən bizim də maaşımızı verəcək? İki aydır, evə bir qəpik apara bilmirəm. İndi də ki, orucluq başlanıb…