Vəfa Allahverdiyeva
Nə vaxtsa, bizim ölkənin uğurlu bir ənənəsinin, heç olmasa, sintez edilmiş milli modelinin başqa ağ irq, hətta qara irq üçün də praktika halına gələcəyi günü intizarla gözləyirik.
Çünki elə hey, beynəlxalq təcrübə ilə uğurlu-uğursuz eksprimentlərə çəkilir, psixikamıza, ruhumuza, mental şüurumuza uyğun, qeyri- uyğun olanlarla bəzən sevinir, bəzən əzablar içərisində qıvranırıq.
Bir misal olaraq təhsilimizin mahiyyətinə soxulan yad dəyişikliklər kimi.
Öz standartımız yaranmayınca, sırada üzərimizdə tətbiq ediləcək hələ qədər uyumsuz beynəlxalq praktika var...
Belə görünür ki, dərs ilinin başlanma və bitmə müddətində ədalətli redaktə istəyən millət vəkili Fazil Mustafanın məsələnin ətəyini buraxmaması Təhsil Nazirliyində anlayış yerinə, buna tamamən zidd, başqa absurd, psixoloji nöqteyi-nəzərdən radikal bir təklifə ictimai müzakirə təkanı verir.
Nə məsələdirsə, cəmiyyətin sanballı kəsimi, təhsildəki qüsurların daimi tənqidçiləri, sanki səs-səsə verib, iyun ayını sonuncu gününə kimi tədris müddətinə qatmağı tərcih edirlər.
Elə bil təhsilin bütün dərd-sərini- mürəkkəb mövzuların yaxşı qavranmamasını, oxumaq həvəssizliyini və.s problemləri bu 15 günün vacibliyi çözəcək.
Bu yerdə beynəlxalq praktika hamının cəsur dilinə kilid vurur, deyəsən.
Təhsil idarəçilərinə də bax, elə bu lazımdır.
Çünki xarici təcrübəni yamsılayan təklifin müəllifliyi onlara məxsusdur; İmza qoyub, möhür vurmaq üçün ictimai rəydəki konsensusdan yaxşı istinad ola bilməz.
Niyəsə xarici təşrübənin insana rahatlıq, yüngüllük gətirən məqamları bizdən hər daim əsirgənir-məsələn, o məntiqlə beynəlxalq praktikada dərsləri öyrənmə məktəb auditoriyasına aiddir, ev isə dincəlmək, hələ ailəni də istirahətə şərik etmək üçündür-fəqət harda qəliz, ağır tələblər var, “xaricdə belədir”- deyibən, həyatımıza tətbiq edilir.
Olsun. Amma səbəblərsiz, təhlillərsiz yox.
Proqram ağır və mürəkkəbdir-doğrudur.
Lakin iki ildir, dərs müddətinə əlavə edilmiş 15 günün səmərəsi, yaxud mənasızlığı haqda əldə bir rəsmi araşdırma mövcuddurmu?
Çünki müşahidələr təhsil kontingentinin- müəllim-şagird birlikdə- bu, dəyişikliyə adaptasiya olmadığını göstərir.
Uyğunlaşmamanın bir misalı ondan ibarətdir ki, proqram nə qədər ağır olur-olsun, onun yekun bölümləri iyuna saxlanmır; ənənəvi final, istər-istəməz yenə may ayına düşür.
Kitabların, iş dəftərlərinin son səhifələri mayın axırıncı günləri ilə birlikdə qapanır. Bəzi məktəb, bəzi siniflərdə kitablar, hətta təhvil verilməyə başlayır.
Hər ev buna bir sübutdur.
Ötən illə fərq yalnız summativlərin yazılma vaxtındadır. İmtahana bənzər bu dönəmi bir qədər iyunun əvvəli öz öhdəsinə götürür.
Üst-üstə boşuna keçən günləri isbatlayan daha gözəgirən faktlar evdə əməlli azalan stresdir; quş kimi yüngülləşən çantalardır.
Uşaqların üzü əməlli-başlı gülür-tapşırıq yox, təkrarlar başlayıb.
Müəllimləri dəhlizlərdə tapmaq, vatsap mesajlarına çevik cavab almaq imkanı da var.
Sinifdənxaric oxuya müraciət başlayıb.
Niyə?
Çünki tədris artıq mayın sonlarından, əsasən bitib. Boşluğu nə iləsə doldurmaq lazımdır.
Bu mübahisəli “15 gün” sinif otaqlarında ora-bura qaçmaq, söhbətləşmək, zarafatlaşmaq, müəllimlər üçünsə dərdləşmək, qeybətləşmək günü təəssüratını, tərəddüdsüz yaradır.
Belə mənasız bir müddət üçün verilən haqlı təklifləri ciddiliyə almamaq, üstəlik, ikinci lüzumsuz 15 günü də psixologiyamıza ötürmək, məktəblini düşünmə qayğısı deyil.
Sadəcə, beynəlxalq praktikanı palaz sayıb, onunla birlikdə sürünmək təqlidçiliyidir.
Sərt qış məktəbin nizam-intizamını necə alt-üst edirsə, isti iyun da davamiyyəti bir o qədər pozur. Təhsil Nazirliyinin yeni təklifi elə bu mənada da boş bir çabadan ibarətdir.
Yeməklə doymayan yalamaqla doymazsa, 9 ayda öyrənməyənə, yaxud əzab çəkə-çəkə irəliləyənə 15 günün nəsə verə bilməsi gülünc arqumentdir.
15 gün tər-təmiz təhsil tüfeyliliyidir.
Hamı üçün qiymətli olan zaman məsələsi məktəbli üçün ikiqat dəyər daşıyır.
Bayram günlərinin sayını onların tətil müddətindən çıxmaq, o zaman ədalət tərəzisində çəkilmiş qərar olar ki, dövlət qulluqçularına verilən məzuniyyət günündə də qısalma olsun.
Hər halda ilboyu bayram istirahətlərində paritetlik var, üstəgəl, məktəblinin yükü kabinetlərdə, bir çox hallarda boşluqdan telefonla oynayan, kompyuter əyləncəsinə sarılan bəzi dövlət qulluqçularının yükündən daha ağırdır.
Uzunmüddətli istirahət bir haqq məsələsidir. Uşaqların həyatını çərçivəyə alıb, bu həyatı elə bitib-tükənməyən testlərdən, oxudan, imladan, inşadan ibarət hala gətirmək təhsildən usanma, iyrənmə durumu doğurar, başqa heç nə.
Milli və dünya ədəbiyyatına düşkün, mütaliə sevgisi görmək istədiyimiz nəsil bu müsbət tendensiyaya ancaq və ancaq tətil günlərində qaça bilir.
Hələ insaflı olub, onların uşaqlıq xəyallarını-doyunca velosiped sürmək, kənddə-kəsəkdə at minmək, çayda bol-bol çimmək, yaxşı ölkələr gəzmək, dünyagörüş qazandıran onlarca qapıları döymək məsələlərini də gözardı etməsək, yetərli zaman istəyən bir ardıcıllıq tələb olunur.
İyun ayını istirahət hüququndan bütöv çıxarmaq, yeniyetmə xəyallarını oğurlamaq, istirahəti haram etmək, məktəbliyə dərslə cəza kəsmək kimi bir şeydir...