Akif Cabbarlı
Martın 14-ü, ilimizin axırıncı çərşənbəsi, milli bayramımız olaraq həm də muğam dünyasına açılan pəncərədən ürkək-ürkək boylanan gənclərimizin növbəti dəfə korifey sənətkarların “tərəzisindən” keçmələri ilə əlamətdar oldu. Beynəlxalq Muğam Mərkəzinin yaraşıqlı salonu həmin gün yenə də Böyük Sənətə gəlmək arzusunda olan cavan ifaçıların, onları dinləyib, layiqli qiymətlərini verən ustadların və yüzlərlə muğamsevərin ixtiyarına verilmişdi.
Sayca altıncı olan Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə həyata keçirilir. Ötən müsabiqələrin uğurları göz qabağındadır. Olduqca gərgin keçən, sevinc və bir az da kədərdən doğan göz yaşları ilə süslənən, orijinal prinsipləri, spesifik xüsusiyyətləri ilə seçilən muğam yarışmasının nəticələri özünü ilk baxışda məhz onda göstərir ki, ruhlanaq, qürurlanaq və fəxr edək ki, xalqımızın milli sərvəti yeni-yeni naxışlarla zənginləşməkdə, muğam aləmi təzə-tər nəfəslərlə dolğunlaşmaqdadır. Heydər Əliyev Fondunun milli mədəniyyət nümunələrimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirdiyi uğurlu layihələr muğam sənətinin də inkişafına yeni töhfələr verməkdədir. Bu isə ilk növbədə gənclərin muğama həvəsinin artması, qədimdən-qədim musiqimizə gənc istedadların hesabına yeni, müasir ab-hava gəlməsi ilə müşayiət olunur.
Seçim turuna fevralın 17-da yekun vurulub və respublikanın müxtəlif bölgələrini təmsil edən 20 gənc müsabiqəyə vəsiqə qazanıb. Bu gənclər xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və “Mədəniyyət” Telekanalının direktor müavini, Əməkdar incəsənət xadimi Nadir Axundov kimi muğam bilicilərinin qarşısında imtahana çəkiləcək, öz yaradıcılıq imkanlarını nümayiş etdirəcək. Təbii ki, salonda əyləşmiş tanınmış sənət adamlarının, muğam həvəskarlarının da ifalara həssas münasibəti, səslənən alqışlar bu gənclərin nəyə qadir olduqlarının əyani təsdiqi kimi yozulmalıdır.
Yarışmaların ilk günü sərgilənən bir qədirbilənlik nümunəsi toplaşanların hamısını kövrəltdi, hər kəsə nostalji hisslər yaşatdı. Mərhum xalq artisti, ustad sənətkar Ağaxan Abdullayevin ötən müsabiqənin yekununda söylədiyi vida sözləri, daha sonra ifasında səslənən muğam tamaşaçıları gəlimli-gedimli dünyanın sirli-soraqlı, ecazkar olayları ilə üz-üzə, göz-gözə qoydu. Hər kəs bir daha ürəyində yəqinləşdirdi ki, insanlar gedəridir, qalan isə ölməz ifalar, xoş, yaddaqalan ifadələr, xatirələrdir.
Bəli, altıncı müsabiqəyə start verildi. Muğam yarışmasında iştirak edənlərin bulaq suyu kimi saf, bakirə sədaları ölkəmizin hər yerinə, dünyanın onlarla ölkəsinə yayıldı. İzləyicilər Azərbaycanın səsinə, nəfəsinə yenə də heyran oldular. Bu missiyanı isə özəlliklə Ana Televiziyamız – AzTV böyük ustalıqla, əsl professionallıqla yerinə yetirdi. Yaradıcı heyətin bütün üzvləri yayım prosesinin öhdəsindən həmişə olduğu kimi layiqincə gəldilər.
Muğam sənətimizə yeni nəfəs qatmaq arzusunda olanlara qarşıdakı çətin və məsuliyyətli yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayırıq.
Qeyd: Foto Rafiq Salmanovundur.