Vəfa Allahverdiyeva
Münsif olan şəxs həmişə seçən statusda çıxış edir, seçilən deyil yəni. Hansısa bir əhəmiyyətli tədbirin, proqramın, layihənin münsifi olmaq nə kimi parametrlərlə, kim tərəfindən təyin edilir, incələməyə lüzum yox- çünki peşəkarlıq, ictimai rəydə populyarlıq, cəmiyyətdə qazanılan hörmət ona bu funksiyanı ürəklə həvalə edir.
Ötən həftənin populyar qalmaqalına səbəb olan xalq artisti Canəli Əkbərovun isminin Muğam müsabiqəsinin münsifliyinə namizədliyi şəxsi iddia kimi bir tərəfə, amma qapalı çevrələrdə kiminsə təklifi idisə, heç də uğurlu variant deyildi.
Təkcə o səbəbdən yox ki, xanəndənin xarakterində müəyyən qüsurlar var, üstəlik həmkarları ilə köhnədən ziddiyyətli, kinini diri tutan, hər daim açıq hücuma hazır birisidir və bu xoşagəlməzlik yaxşı səslərin rayonbarayon seçimi ərəfəsində olan növbəti yarışmaya zərər verə bilərdi.
Məsələ burasındadır ki, ictimai sifariş ağır, sanballı, ciddi musiqinin münsif heyətində ildən-ilə fərqli muğam üslublarının, müxtəlif nəsillərin təmsilçiliyini istəyir və format yeniliyi, müəyyən sintezlər yarışmaya olan ictimai zövqləri daha da oxşamalı, maraqlılığı azalmağa qoymamalıdır.
Yoxsa ki, Canəli Əkbərovun münsiflərlə oxşar muğam tərzi və Mənsum İbrahimov istisna olmaqla, təxminən yaşıd həmkarlığı da bu yarışmaya monotonluqdan başqa nəsə verməyə müvəffəq deyildi.
Muğamda elə bir isim var ki, onun ritm müstəvisindəki heyranedici boğazlarında indi gənclərə rəy vermək, tənqid-təriflərini bölüşmək, öz davamçılarını təqdim etmək zərurəti daşınır.
Amma onun adı münsifliyə namizədlər sırasında yoxdur: ya səbəb birbaşa özü olaraq, ya da muğam yarışmasının koordinatorları tərəfindən təklif almaması ucbatından.
Alim Qasımovun Muğam müsabiqəsindəki müəllimi Ağaxan Abdullayevin boş qalmış yerinə, onun uğurlu tələbəsi-mənəvi varisi kimi tam haqqı çatır. Bu, bir tərəfə.
Mənəvi varislikdən üstün isə onun muğamda açdığı yeni səhifələr və bu novator qabiliyyətin sayəsində birincilik zirvəsini fəth edə bilməsi, improvizasiya fərqliliyində musiqidə düha kəlməsini soyadının qarşısına yazdırmaq şansıdır ki, Alim Qasımovu boş qalmış o yerə çox-çox layiqli edir, o cümlədən, onun namizədliyini ictimai tələb səviyyəsinə yüksəldir.
O, muğam sənətinin yeniliklərində yaxşı mənada bir firondur. Lakin bu liderlik şəxsi təvazökarlıqla parlaqlaşmadığı üçün muğam müsabiqəsində mənəm-mənəmlik ab-havası deyil, sənətə gələn debutantlarda uğurlu sənət örnəyi, faydalı təcrübəyə istinad marağı yarada bilər.
Axırıncı yarışmada münsiflər arasında bir-birindən bir qədər solğun narazılıq, sətiraltı kəlmələrdə ünvanlı etirazlar, qiymətləndirmələrdə çarpazlaşan mövqelər, arabir sərtləşən mimikalar müsabiqənin ənənəvi formatını ideal format olmaqdan çıxarıb, onun haqqındakı rəylərdə müəyyən korrektələr etmişdi.
Alim Qasımovla formatın ideal məzmun alacağını iddia etmək qeyri-düzgün proqnoz olsa da, həmin atmosferə suxluq, əsl dərs ab-havası, gözəl sənət diskussiyası, sərrast seçim imkanları gətirəcəyi şübhəsizdir.
Sənətdə bir inqilab olub və bu inqilabı Alim Qasımov muğamla estradanın sintezində, hüznlə hərəkətliliyin, xoş ovqatın vəhdətində, yeni səhnə dekorasiyasında tamaşaçıya asan olmasa da, qəbul etdirməyi bacarıb.
Burda Alim təkdir. Varis yoxdur, ya da azdır. Amma estafet davam etməlidir.
Ola bilsin, Alim Qasımovun girdiyi auditoriyalarda muğamın yeni tərzində varisliyin təmini istiqamətində müəyyən bir fəaliyyət mövcuddur.
Yəni o, öz doğma qızından başqa, elin onlarla oğluna və qızına muğamı Avropa mədəniyyətinə daşımaq yolunu öyrədir. Bu fəaliyyətin görünən tərəfini-yəni Alim Qasımovdan pöhrələnən gənc muğam ifaçılarını, ümumiyyətlə, sənətdə bu tərzin də lazımlığını Muğam müsabiqələrindən yaxşı təsdiqləyən, gələcəyə ötürən ikinci etibarlı müstəvi ola bilməz. Zənnimizcə, muğam layihəsinin müəllifləri bu faktoru da ciddi nəzərə almalıdır.
Lakin bu da bəribaşdan bəllidir ki, Canəli Əkbərov üçün münsifliyə gedib çıxmağın çətinliyi xarakterik səbəblərlə bağlılıq təşkil edirsə, Alim Qasımovu münsif statusunda görmək ictimai arzularının qarşısı da maneəsiz deyildir. Çünki o, Azərbaycan tamaşaçısından tutmuş qlobal seyrci, dinləyici auditoriyasına qədər böyük çoxluğun musiqi zövqünü oxşamağı bacarsa da, öz sənət cameəsində çətinliklə “həzm” və qəbul olunan bir xanəndədir.
Muğam yarışmasının əsas münsifi Əlibaba Məmmədovun içində, əgər Alimin musiqi fantaziyasına, muğamla birlikdə düşdüyü hallara tənqidi fikirləri hələ də qalırsa, ictimai rəyin Alim Qasımovun üzərinə biçdiyi münsif arzularının gerçəklik şansı da azalır və muğamın sintez üslubunda daimilik təqdimatı öz varislərini daha uzaq gələcəkdə gözləyir.
Beləliklə, bu gün muğam müsabiqəsinin əsas çatışmayan tərəfi üzərinə məhz yaddan çıxan Alim faktoru ilə parlaq işıq düşmüş olur...