Akif Cabbarlı
“Olur, olur, belə işlər də olur” silsiləsindən
Gülmirzə kişi sən deyən yaraşıqlı, gözəgəlimli olmasa da çiçək kimi göyçək arvadı vardı. Məhəllədə tək-tək belə gözəl, həm də abırlı-ismətli xanım tapardın. Qadınının cəlbedici olması isə Gülmirzənin qətiyyən ürəyindən deyildi. Öz – özünə daim fikirləşir, bəzən də gedib o dünyanı dolanıb gəlirdi ki, görəsən Süsən ona heç bircə dəfə də olsa xəyanət eləmiyib ki , ... Edəsi olsa da cavab reaksiyası gələn deyildi. Çünki, xarici görkəmi, vəzifəsi, bir kişi kimi taqəti də yox idi ki, özgəsinə gözünün ucu ilə baxsın...
Günlərin birində Gülmirzənin ağlına bir fikir gəldi ki, arvadını bir sınaqdan keçirsin, yoxlasın görək iyirmi ildə ürəyindən keçən, gününü qara edən düşüncələrində haqlıdır yoxsa yox. Dəqiqləşdirmək istəyirdi ki, sevib-seçdiyi xanımı ona nə dərəcədə sədaqətlidir, incik yeri-zadı yoxdu ki... Hər halda bir eksperiment yolu ilə xanımını olmayan dişlərinə vurmaq istədi. Həftənin son iş günü evə hamıdan tez gəldi. Qələmi götürüb bir vərəq kağıza yazdı ki, ölümümdə heç kim günahkar bilinməsin, bəs mən getdim özümü dənizə atmağa. Belə kasıbyana yaşamaqdansa o dünyaya getməyi üstün tuturam. Kağızı qoydu stolun üstünə, sonra keçib divanla kamodun arxasındakı daracaq yerdə büzüşüb uzandı özü üçün. Vaxt ötdü, Süsən xanım mənzilin qapısını şaqqıltı ilə açıb içəri girdi. Yataq otağında paltarını dəyişib qonaq otağına keçdi. Onun hər addımını qarasına izləyən Gülmirzə birazdan arvadının kiminləsə danışığını aydınca eşitdi.
- Zülya, sənsən, bajı lap darıxmışam sənin üçün. Sən də eləmi? Hə, hə, nə olar. Ay qız, kişim məni hər şeydən qoymuşdu. Indi binəva məktub yazıb qoyub, gedib özünü dənizə atıb. Sabahda-zadda yəqin meyidini morqda taparıq inşallah. Necə, necə, elə bu gün? Noolar, mən hazır, onsuz da mənim də o oğlanda gözüm vardı çoxdan. Hə, bu gün çağır, mən də geyinim,ətirlənim gəlim sizə. Bir yaxşılıq elə də bacına, əvəzini çıxaram vallah.
Telefon dəstəyinə deyilən bu sözlər acı zəhər olub tökülürdü Gülmirzənin xirtdəyinə. Özünü bağırmaqdan güclə saxlayırdı. Bir-iki əzablı dəqiqə də keçdi. Sonra kağız xışıltısı, Süsənin öz-özünə mızıltısı eşidildi. Daha sonra mənzilin qapısı açıldı və bağlandı. Deməli Süsən evdən çıxdı getdi. Bunu dəqiq bildiyi üçün Gülmirzə güc-bəla gizləndiyi deşikdən yaralı pişik kimi sürüşüb çıxdı. “Ayrılıq” kağızını qoyduğu stola yaxınlaşdı. Məktubun yanında Süsənin tələm-tələsik yazdığı cümlələri illərin susuzu kimi gözlərinə hopdurdu: “Gülü, özünü öldürməyə gedəndə yadından çıxarıb ayaqlarını deyəsən evdə qoymusan axı... Ağıllı ol, əlini-üzünü yu, keç mətbəxə, aşağıdan təzə təndir çörəyi alıb qayıdıram. Oturaq bir yaxşı şam yeməyi yeyək, sonra yeni türk serialı başlayır, bir yerdə baxaq. Uşaqlar dayılarıgilə gediblər, gec gələcəklər... ”