Vəfa Allahverdiyeva
Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində nümayiş etdirilən şəxsi fotolardan, hansısa mövzuya ikiçümləlik bəhsəbəhs statuslardan tutmuş, geniş müsahibələrə, irihəcmli filmlərə, uzun-uzadı seriallara qədər-hamısında piar xarakteri tapmaq mümkündür və bunların heç də hamısı cəmiyyət üçün faydalı deyil; əksinə pis təsirlər, neqativ örnəklər də yaradır.
Lakin neçə vaxtdır, bir televiziya aparıcısının müəyyən fasilələrlə gah öz videosunu, gah müxtəlif formalarda şəkillərini, gah da duyğusal, mətanətli düşüncələrini ictimai rəylə paylaşması elə gərəkli, elə diqqətçəkici piardır ki, nə məhz özünü reklam səciyyəsi daşıyır, nə lovğalıqdır, nə də bezdirici bir təkrarçılıq. Sadəcə, ortada həkimdən yaxşı həkim, psixoloqdan əla psixoloq gerçəyi, ümumiyyətlə, bir savab missiyası var.
Çünki heç bir tibb uzmanı, onkoloq-cərrah qarşısındakı pasiyentini mənəvi-psixoloji böhrandan çıxarmaqda bacarıq və köməyini onun qədər ürəklə, həm də inandırıcı tərzdə ortaya qoymağa, üstəlik heç bir xəstə öz gözəl təcrübəsini bütün komplekslərdən uzaq, cəmiyyətlə bu şəkildə açıq-açığına bölüşməyə qabil deyil.
Hətta bir neçə gün öncə Türkiyədə xəstəxana açılışında xərçəngdən xilas düsturunu siqaretsiz, içkisiz həyat tərzində təklif edən prezident Rəcəb Tayyib Ərdoğanın topluma bir az təpingən, müdrik mövqeyi də həmkarımız Zümrüd Qasımovanın müxtəlif metodlarla insanlara keçdiyi xərçənglə mübarizə, nikbinlik dərslərinin yanında aciz qalır.
Üzərinə xüsusi vurğu saldığımız bu örnək burnumuzun ucuna soxulan xarici kəşfiyyat maraqlarının, yəni xərçəngin süni yolla yayılmasının ciddi jurnalist araşdırmalarında iddia edilən qorxulu ehtimalları qarşısında isə yüngülcə bir təsəlliyə çevrilir.
Bu forslu, zövqlü aparıcının pozitiv enerjisi, adətən ayağına bir daş dəyməyən, can ağrılarından uzaq, uğurlar bolluğunda üzən, hər cəhətdən yarımış bir qadının, fərdin sahib olduğu nikbinlikdən qidalanan xoş auradır.
Halbuki xərçəng öz qəddarlığı, fobiyası, zəhmi ilə şikarına çevirdiyi insanın birinci mənəvi gücünü məhv edir. Psixoloji durumunu zədələyir, nə baş verdiyinin detallarına gedilmədən onun içindəki həyat eşqini anındaca öldürür. Zümrüd istisna olmaqla.
Cəmiyyətin populyar fərdinə çevrilmək arzuları hərəyə görə müxtəlif metodlarla gerçəklik qazanır: biri böyük səhnələrə soyunmaqla, kosmetik məhsulların hesabına gözəlləşən süni çöhrəsi ilə yol tapır. Digəri xəstəlikdən tökülmüş saçları, solmuş üzü ilə tanınmışlar kateqorisində yer alır.
Birincilərin populyarlıq üslubunda bir çirkinlik, daim qüvvədə olan ictimai qınaq, tənqid, ikincinin məhşurluq səbəbində isə böyüklük, savab, alternativi olmayan bir örnək, depressiyadan xilas nümunəsi daşınır.
Aparıcılıqdakı vacib- gözəl və qamətli olmaq şərtləri insanın yetənəyi, unikal keyfiyyətləri, mətanəti, əzazil bir mərəzlə mücadilədə başarılı olması, xəstəliyə ölüm qapısına yaxınlaşma rüsxətini verməmək, onu yenə bilmək gücü ilə çulğalaşanda, bu, o aparıcını daha cazibədar, daha xarizmatik bir imiclə təqdim edir. Zümrüdü təqdim etdiyi kimi.
Yaraşıqlı bir qadının köksündə kədərli fizioloji dəyişiklik baş verir, gözəlliyin birinci səbəbi zülf tamamən tökülür, qamət əyilir, bədən cılızlaşır-eybəcərləşmə gerçəyi meydana çıxırsa və bunca dəhşətli mənzərədə gənc xanım dimdik ayaqda durmağı bacarır-ağlamaq əvəzinə ucadan gülürsə, səssizliyə çəkilmək əvəzinə rəqs edir, gözəl libaslar axtarışına çıxırsa, ana olmaq şansını itirdiyini bilə-bilə özünü də, həyat yoldaşını da ayaqda həyat eşqli tutmağı bacarırsa, bu, o insanın ismi qarşısına bütün titullardan, ən yaxşı epitetlərdən də gözəl və uğurlu təyinlər gətirib qoyur.
Hələ üstəlik, bir başqasının onkoloji xəstəliyin zahiri fəsadını-eybəcərləşməni hamıdan gizli saxlamaq instinktiv duyğusu ilə müqayisədə Zümrüdün videolarının, şəkillərinin, mətanətli düşüncələrinin könüllü sosial çarx rolunda çıxış etməsi sevgi və hörmətə layiq bir hərəkət səviyyəsinə qalxır. Çünki Səhiyyə Nazirliyinin ağlına gəlmədiyi belə bir çarxın zəruriliyini o, öz nümunəsində milyonların əhvalına ən təsirli ilac kimi təqdim edir.
Estetik gözəlliyi məhv edən xəstəliyin acı nəticələrini özündə əbədilik saxlayan fotoları, videoları palaz altında qoruyub saxlamalıykən, mübarizə üsulunu cəmiyyətdən məxfi saxlamağı bacarmır. Bunun tərtəmiz adı xeyirxahlıqdır.
Ən qəddar xəstəliklə mübarizə aparmağı bacarmaq, nikbinlik kimi təmənnasız seanslar, bəlkə də taledən həyatdolu bu xanımın üzərinə qoyulan bir savab missiyasıdır.
Xərçəng bəlasına mübtəla olan və bundan sığortalanmayan insanları dimdik dayanmağa, pozitiv ovqata, ölümü vicuddan qovmağa cərrah bıçağından və zəkasından da iti olan optimizmə kökləmək üçün.
Elə bu baxımdan onun mütəmadi təqdim etdiyi videolar, fotolar, xəstəliyi nöqtəbənöqtə, dəfələrlə anladan çıxışları şəxsi arxivlərə layiq nümunə, qiymətli dərman, qısası vacib tibbi bilgi və sənəd statusu daşıya bilər...