Modern.az

Ginekoloqa edilən gecə zəngi

19 Yanvar 2017, 13:40

Akif Cabbarlı


Həyat etüdləri

Elmi-Tədqiqat institutlarından birində işləyən dostum bu yaxınlarda mənə qəribə bir əhvalat danışıb. Sizdə də maraq doğuracağını nəzərə alıb olduğu kimi nağıl edəcəyəm.

 -Son dərəcə mülayim, səxavətli və nikbin xasiyyətli bir tanışım var ki, lap ürəyini istəsən sənə verər. Bircə cəhətindən xoşum gəlmir. Güman edirəm ki, bu sarıdan tək deyiləm. Onu da, məni də tanıyanlar  sözümü təsdiqləyər. Adını çəkməyəcəyəm, necə olsa da illərdi ki, haqq-salamımız var, ara-sıra görüşür, imkan düşdükcə oturub bir qismət çörək də kəsirik. Nə isə, mətləbi uzatmaq isəmirəm. Tanışımın xoşuma gəlməyən, məni bir yaxın adam kimi narahat edən cəhəti hansıdır,  bu barədə bir-iki kəlmə söyləmək istərdim. Məsələ belədir ki, bu adamın yanında peşiman olursan dərd-sərindən, azar-bezarından danışmağa. Dərhal sözünü ağzında kəsəcək, başlayacaq öz səhhətindən, ağrı-acısından dil-dil ötməyə. Bir sözlə, sənin başladığın cümlə onun nitqində başa çatacaq. Tutaq ki, başının ağrımağını desən bir hay-həşir qoparacaq ki, gəl görəsən.

 - Pah, qardaş, dünən gecədən başım çatlayır, elə zoqquldayır ki, dayana bilmirəm.

Ürəyinin dərdini açsan həmən başlayacaq ki, gecəni diri gözlü açıb, heç çimir də eləməyib ürəyinin ağrısından.

Qayıdıb desən ki, son günlər yaman kasıblamısan, tez yaxınlıqda TİR axtaracaq ki, gözünün qabağındaca qəpiyə güllə atmağını sübut eləsin.

Fikir verib dəqiqləşdirmişəm ki, bu adam tək mənim yox, hamının yanında belədir. Amma heç cür aydınlaşdıra bilmirəm ki, adamların ağrı-acısına, iztirablarına bu sayaq yanaşma haradan qaynaqlanır. Bilmirsən ki göz qaytarır, yaxud da doğrudan da sənin kimi onun da eyni əzaları ağrıyır, sancır, göynəyir.

 Günlərin birində bir eksperiment eləmək keçdi könlümdən. O eşidə-eşidə yanımdakı həmkarıma dedim ki, gecəni yatmamışam. Ani pauzadan istifadə edən “hərif” tez qayıdıb – mən də vallah gecəni çimir eləməmişəm – dedi.

  Davam elədim, dedim ki, səhərə qədər sancıdan qıvrıldım, qıvrıldım sonra...

 Adam da mənim dediklərimi öz şəxsində dilə gətirdi.

 Sonra yenə dilləndim.

 -Hə, şübhədən çıxmaq üçün zəng elədim xəstəxanaya, tanış həkimim var, dedim ki, doktor...

 Yenə dayandım. Tanışım mənim dediklərimi olduğu kimi təkrarladı.

 Dözmədim. Qəfildən elə qışqırdım ki, yaxın-yörədəki insanlar bir nəfər kimi çevrilib mənə təəccüblə, dəliyə baxan kimi baxdılar.

 -Əəə, yekə kişisən, adamlığın, abrın-həyan olsun, mən gecənin yarısı ginekoloqa müraciət eləmişəm. Sözümü təkrar eləmə, yaxşı fikirləş gör haran ağrıyır, sonra tutuquşuluq elə dayna...

 

Qonşu payı

 

 İndi oxuyacağınız hadisəni hüquqşunas dostum Azad müəllimdən eşitmişəm. Bəlkə siz də bu cür və buna oxşar əhvalatlarla rastlaşmısınız. Hər halda insanı təsirləndirən, düşündürən olayları qələmə alıb gəldiyin qənaəti oxucularla bölüşdürməyin özü də adama qəribə bir rahatlıq gətirir...

 Murtuz qapı qonşusu Surxay kişinin firavan dolanışığını, rahat və problemsiz yaşayışını heç cür sınıra bilmirdi. Paxıllıq bu adamın içini qurd kimi gəmirirdi. Elə hey fikirləşirdi – necə ola bilər ki, adicə aqronon olasan bu cür ev-eşik qurmağı, uşaqlarını oxutmağı, sayıb-seçilən ailə sahibi olmağı, böyük bağ-bağat salmağı bacarasan. Allah mənim başıma hansı daşı salıb bilmirəm. Ali təhsil bir yana, heç orta məktəbi də bitirə bilmədim. Qoşuldum avaralara, arada gedib türmədə də yatdım.Uşaqlarım da məndən betər. Heç biri çorək qazana bilmir, nəvələrimin yükü də mənim üstümdədir.

  Murtuz gecə-gündüz Surxayın qarasına deyinir, ürəyində və dilində öz əməyi və xoş əməlləri ilə nüfuz və halal çörək qazanan, kənddə-kəsəkdə, rayonda böyük xətir-hörmət sahibi olan bu imkanlı fermerin ünvanına təhqirlər də yağdırırdı. Kini-küdurəti üzünə çıxmışdı. Rəngi daim keçə kimi qap-qara olardı. Surxay onun içindən keçənləri duysa da üzə vurmazdı. Üstəlik həmişə qonşusunu xoş dillə dindirər, məclislərdə başa keçirərdi. Murtuz isə onun bu hərəkətlərini sadəcə qorxaqlıq kimi dəyərləndirir, özünü hər yerdə eldə deyildiyi kimi “beş eşşəkli xoca”  kimi aparırdı.

 Günlərin bir günü Murtuzun beynindəki qurdlar necə tərpəndisə bu paxıl insan ədəb-ərkana, müsəlmançılığa sığmayan bir hərəkətə qol qoydu. Həyətlərindəki  padşahın da piyada getdiyi yerdən özünün daxili dünyasının təcəssümü olan məhsuldan bir vedrə götürüb gecəliklə aparıb Surxay kişinin həyət qapısının ağzına qoydu. Səhər-səhər malları örüşə otürən uşaqlar bu hadisəni ağsaqqala xəbər verdilər. Kişi çox səbrlə, təmkinlə vedrədəkini aparıb lazımi yerə boşaltdı, sonra həyətdən keçən su arxında onu səliqə ilə yaxaladı,  paraşokla təmizlədi, quruladı. Bundan sonra bağına keçib payız günəçinin şəfəqləri altında parıldayan al-qırmızı almalardan yığıb vedrəni doldurdu. Asta addımlarla qonşusu Murtuzun darvazasına tərəf yollandı. Bütün bunları səbrlə izləyən oğlu Məzahir dözmədi.

 -Ata, neylədiyindir? Surxay dayı bizim qapımıza nə qoymuşdu, sən isə...

 -Ey ay oğul, hərə xoşladığı, sevdiyi neməti,məshulu paylaşar. Ta qədimlərdən belədir. Elimizin, millətimizin silinməz-pozulmaz adət-ənənəsi, qanunları var. Qaldı ki, Murtuza, Allah onun imdadına çatsın, ay bala. Bu, daha bizlik deyil...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU