Modern.az

Türkiyədə şöhrət axtarışı... haqsız küskünlük

11 Yanvar 2017, 14:11

 Vəfa Allahverdiyeva

 

Sosial şəbəkələrdən izlənən Türkiyədən bəlli qırğınlıq  notlarını   hər gün bir sənət ismi məlumatlı mənbə statusunda təqdim olunaraq daha da artırmağa çalışır.


Məşhur musiqi yarışmasının ən həlledici və qızğın mərhələsi “Duellolar” formatında irəli günlərdə start götürəcək; Bəlkə mövzunun aktuallığı davam edir, bir az da bu səbəbdən giley-güzar səngimir.   
 

Başımız sığallananda, çağlayan nəfəsimiz uzaqlarda sənət himayəsinə alınanda, sevgidolu kəlmələri ünvanımıza eşidəndə Türkiyədən sonsuza qədər razı oluruq.  Böyük qardaşlarımız ayaqlarını bir balaca tərs qoyan kimi, nöqteyi-nəzərimizdə Türkiyə bizim səsimizdəki məlahətin, ifamızdakı məharətin, ilahidən gələn istedadımızın “paxıl”ına, “qısqanc”ına çevrilir.

Halbuki məsələnin gerçək, haqlı prizması heç də bu deyil.         

Azərbaycan tamaşaçısını yerli televiziyaların mənasız, yüngül verilişlərindən xilas edib, daim öz cazibəsinə alan Türkiyə televiziyaları, yüzlərlə maraqlı verilişlər və bu sırada ən baxımlı “O səs Türkiyə” proqramı, həm mənəvi-intellektual zövqümüzün, həm ruhi-estetik dincliyimizin, həm içimizdə kök atan böyük Türkiyə sevgimizin etibarlı, əvəzsiz  ünvanıdır.  

Burada səslənən mahnılarımızın dəfələrcə anonim təqdim edilməsi bizləri qıran, əsəbi situasiyaya salan hal ola bilər; Hansı ki bu xətanın dərinliyinə getmək də lazım deyil,  çünki bu, sadəcə, proqram komandasının araşdırma tənbəlliyidir;  sənət gözəlliyinə qısqanclıq,  musiqi savadsızlığı, plagiatlıq  ilə bir bağlantı daşıması  etnos şəcərəmizdən sayılan yaxınlarımıza   böhtan xarakterli ittiham olardı.  

Yəni mahnı müəllifinin adının bəzən  məchul təqdim edilməsi məsələsinə xəfif etiraz, irad və bu münasibətdə haqlılıq içimizdə hər daim var.  

Lakin  populyarlıq arzuları ilə o səhnədə görünmək istəyən istedadlı gənclərimizə olan dəstəyi, Azərbaycan adı gələndə göstərilən sıcaq münasibəti, milli musiqimizin poetik  və melodik gözəlliyinə heyranlığı bu verilişin heç bir seyrcisi  inkarlaya bilməz.

Hətta əndrabadi geyim, havalı davranış tərzi ilə şəxsinə olan ciddiliyi azaldan, əslində isə ülküçü zehniyyətə sahib,  musiqi nəzəriyyəsində savadını cavablarında isbatlamaqla, simpatiya  qazanan, kimliyi məlum jürinin milli-siyasi tariximizə, musiqi ustadlarımıza  əməlli bələdçiliyini İrandan qatılan azərbaycanlı ifaçılarla tanışlıq epizodlarında dəfələrcə görmək, ürəyimizi dağa döndərir, beyni boş qazana bənzər bəzi özümüzünkülərlə müqayisədə bir az utandırır da.

O səhnədə Azərbaycanla bağlı hər hansı xor baxış, kinli ürək, kobud istehza, qəlb qıran heç bir mənzərə kadrlarda sübut faktına çevrilə bilməyib.     

Səhnə arxasında yeni nələrsə baş verib və baş verməkdə davam edir-bunlara gəldikdə, təklif etdiyimiz başqa prizma bu məsələyə bir az da Türkiyə ictimai fikrindən baxmaqdır ki, Azərbaycan səslərinin bu səhnədən sıxışdırılıb çıxarılması düşmənçilik səviyyəsinə qalxmadan, doğru yorumda təhlil edilə bilsin.    
 

Türkiyə böyük arenadır-məlum. Əlahiddə “O səs Türkiyə” proqramı kütləvi auditoriyasını dünyanın dörd tərəfindən formalaşdıran son dərəcə iri bir səhnədir. Bu özəllik milli kimliyində türk etnosunun xüsusiyyətlərini daşıyan ayrı-ayrı coğrafiyaların istedadlı insanlarında həvəs oyadır və Azərbaycandan axını da bu müstəvidə şöhrət axtarışlarına bağlamamaq mümkün deyil.

Ələlxsus şivəmizə, ləhcəmizə, musiqi boğazlarımıza düşkünlük, üzümüzə xoş baxmaq, xətrimizə dəyməmək gerçəyi qabında bir balaca musiqi anlayışı olan az qala hamıda o səhnəni fəth etmək ambisiyası yaradıb.      

Düşünmək gərəkdir ki, özgə səslərə mədəni formada yaradılan son məhdudluq cəhdləri, bəlkə Türkiyədə ictimai sifarişi nəzərə almaqdır.   

Türkiyənin özündə onlarla gözəl səs yarışmanın növbəti raundlarına daxil olub. Böyük arenada şöhrəti həmişə eyni ölkəyə qazandırmaq olmaz, xüsusilə nəzərə alınanda ki, bu Evrovizion yarışması yox, milli seçim müsabiqəsidir və biz, üstəlik qazax, qırğız, İran azərbaycanlısı, Rusiya tatarı... da orda artıq yamaq kimi görünürük, başqa sözlə, ölkənin öz səsini yüksək pilləyə gətirməsinə müəyyən qədər mane oluruq-baxmayaraq ki, hamımızı bir millətə çevirən etno-genetik faktorlar var.

Yəni, “O səs Türkiyə”nin hədəfi böyük Turanın, nəhəng türk millətinin səslərini tapıb üzə çıxarmaq deyil.     

Türkiyə öz tribunasında, öz məkanında  öz səslərini axtarıb tapmağa çalışırkən, bizim oradan sıxışdırılmağı rəqabətə dözümsüzlük, gözügötürməzlik, meydanı dar etmək kimi yozumlamağımız tamamən haqsız giley-güzardır. Çünki Türkiyə öz səslərini öz səsləri ilə rəqabətdə axtarır, başqa səslərin gözəlliyini, qüdrətini, birincilik şansını  danmadan. 

Eyni proqram Azərbaycanda da keçirildi və bizi mədəni surətdə başa salırlar ki, birincilik statusuna hədəflənən şöhrət axtarışlarımızı “O səs Azərbaycan” müstəvisində arayaq.

Ötən il Elnurun halallıqla aldığı, haram qatılmayan uğuru  coğrafi təmsilçilik nöqteyi-nəzərdən əslində, həm də  bir güzəşt idi.

İkinçi güzəşt Azərbaycan qarışıq, başqa ölkələrin, hətta Kubadan belə gələnlərə yaradılan şəraitdir ki, onlara hüdudsuz tamaşaçı kontingentinin qarşısına çıxma şansını verir.

Davamlı güzəşt isə proqramın təyinatına uyğun gözəl türk səslərinin ortaya qoyulması məntiqinin pozulmasında  Türkiyə ictimai rəyini özünə qarşı çevirməkdir ki, hər bir reytinqli veriliş  və ünlü aparıcı bundan qaçmaq zorundadır.

Gerçəyi açıq leksikada izahlamaq Türkiyənin ən yaxınları, eləcə də uzaqları ilə münasibətləri zədələyə bilən bir həqiqət olduğundan, dövriyyəyə bizə qısqanclıq kimi görünən, əslində üzrxahlıq bəhanələri girməyə başlayır.

Bu mədəni sıxışdırılmanın, bəhanənin həqiqi tərəfini qıcıqlanmadan anlamaq və bir acını min şirinə görə dadmağı qəbul etmək də bizlərə düşər.    

Azərbaycanda şöhrətin qapıları istedadlar üçün taybatay açıqdır.

Muğam müsabiqələri, musiqi “emalatxana”larında vokal dərsləri, hər il vokal səslərin seçilib, tədris prosesinə cəlb olunması gerçəyi göz qabağındadır.    

Hətta, nə yazıqlar ki, istedadı olmayan, maddi üstünlüklə özünü populyar etmək imkanları da Azərbaycanda genişdir. 

Buna rəğmən Türkiyənin möhtəşəm səhnəsinə gözü düşmək, ora gedib çıxmağı bacarmaq, epizodik parlamaq şansı bəs etmirmiş kimi, hər dəfəsində birinciliyə iddia etmək və indiki narazılıqlar məntiqiylə sona kimi getmək davasını aparmaq  Türkiyə rakursundan çox gülməli təsir yaradan mənzərədir.  Eləcə də Azərbaycan rakursundan...

Türkiyənin yaşadığı bunca bəlanın içində Azərbaycan cəmiyyətinin də musiqi yarışması üzündən ona qarşı çevrilməsi bəlalar məngənəsində çarpışan ən yaxın doğmamıza  qəddar, qeyri-vicdani  münasibət olardı.  

Şöhrətimizin davasını öz məkanımızda, öz tribunamızda, “O səs Azərbaycan”ımızda döyməyə haqqımız çatır, “O səs Türkiyə”də deyil...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU