Modern.az

Xalqın xeyirxah “agent”lərinə söz deyəndə...

27 Dekabr 2016, 13:06

Vəfa Allahverdiyeva

 

Doğrusu, toplumun zəhmətkeş kəsimini təhqir edən gündəmdəki  əhvalatda gözlənilən bu idi ki, qaba və acı, bir qədər də kinayəli üslubda insanları aşağılamaq növbəsinə keçən Astan Şahverdiyev adlı millət vəkilimiz məruz qaldığı haqlı ictimai hücumların səbəbini əskisi tüstülü jurnalistikanın üstünə yıxacaq.

Çünki son zamanlar dilinin bəlasına düşənlər etiraf cəsarətini bacarmayanda, əlində dəlil-sübutu olmasına rəğmən jurnalistikanı təqsirkar çıxarmağa başlayır.

“Otxod” söyüşündən öncəki “Ayağını yorğanına görə uzatmaq...”, “ Az tapırsan az ye...” kimi toplumu yaralayan ifadələr  medianın, kameranın, diktafonun, mikrofonun xətası üzərinə yükləndi.     

Sonuncu isə birbaşa qələm əhlinin üstünə getmədisə də, təxminən oxşar şəkildə həyəcanlandı və geri çəkildi : “fikir doğru anlaşılmayb”.      

İnsan dilinin altında gizlənir-deyirlər.

Danışmır, susursa, ya da, sözü çox xəsisliklə, yaxud ustalıqla xərcləyirsə, özünü qismən, məhdud tanıdır. Yox, əgər nə gəldi, necə gəldi, danışırsa, bax, onda kim olduğunu hərtərəfli göstərir; zahiri aldanışları batini gerçəklik ifşa edir.  

Bir millət vəkilinin yuxarıdan aşağı, həm də aşağıdakına “toxun acdan xəbəri olmur”-prizmasından baxmaq xətasının ictimai müzakirəsi bitməmiş, o biri millət vəkilinin nəsibinə dolanışıq mücadiləci yazılmış insanlara yönəlik düşüncəsiz kəlmələri ətrafında bu səs-küylü qınağın, axırıncı fakt olacağına kimsə və heç nə  zəmanət verməyə hazırlaşmır.  

Öz statusuna görə hörmətli sayılan isimlərin  niyə belə tez-tez çaşması, xalqla kobud ritorikada “güləş”məsi  sualına gerçək və ehtimal cavablar kifayət qədərdir:

-yaxşı gün-güzəran pis güzəranın nə olduğunu  anlaya bilmir;

-yuxarı status aşağı statusun hissiyyatlarını dərk etmək imkanında olmur.

-üst mövqe cəsarətsiz adamların gözünü bağlayır, dilini kilidləyir.

Birilərinin yaxşı yaşamağı hamının yaxşı yaşaması demək deyil. Ehtiyatsız fikir, məsləhət üzərindən göstərilən kobud yol qarşı tərəfin haqlı və gerçək ittihamı ilə komfort içində olanların üzünü qızarda bilər.   

O adamların ki, belə sosial-iqtisadi situasiyalarda özünü qərarverici sistemə tərif öhdəliyi götürmüş kimi hiss edir və əziyyət çəkən kateqoriyanı unudur; ta o vaxta qədər ki, qələmini kimsə qırmır, düşərgəsi dəyişmir...

Halbuki dövlət aparatına,  siyasi elitaya nə belə rüsvayçı müdafiə, nə də uğursuz  kompliment gərəkdir.   
    

Öncəki mənfi sitatlar ətrafında yaranan qalmaqal sıradakılara bir dərs olmadısa, davam edən sosial ağırlığa və gileyli polemikalara, etirazlara qarşılıq, sosial yaraları müdrik sözün qüdrəti, həzin təskinliyin faydası ilə sarımaq yerinə, məhz  yuxarıların gözünə girmək məqsədilə qaş düzəltməkdən, vurub göz çıxaranlar cərgədə hələ var.

İctimai körpü funksiyasını yerinə yetirən mətbuat, ordakı hər bir fədakar imza xalqın və dövlətin yaxşı mənada, leqal agentidir.

O, iki tərəf arasında mərkəzi xəttdə dayanır, amma xalqa yaxındır.

Xeyirxah casus kimi topluma məlumat, toplumun dərdini də müvafiq instansiyalara daşıyır; nitq qusuru olanların, pis düşünüb idbar danışanların  cümləsini təmizləyib, ora gözəl ibarələr qatmağa borclu deyil. Təhqir püskürmək yarışı aparanlar xalqın bu sadiq “agent”lərindən çəkinmək, ehtiyatlı olmaq borcunu dərk etmirlərsə...      

Mətbuat çirkab içində və mövqelərində haqsız  olanlar üçün həmişə təhlükəli sferadır.

Mətbuat hamı üçün təhlükəlidir. Çünki güzgüdür və hər kəsi olduğu kimi göstərir. 
 

Onu “bunu yazma”, “öz aramızda qalsın”- kimi cümlələrlə dilə tutmaq əbəs cəhddir. Çünki o yazacaq və kadrlara düşən  ən xırda çirkin fraqmenti belə, istər sensasiya, istər peşə borcu olaraq mütləq göstərəcək.  

Yazmasa da, içindən çıxdığı və adresi də həmin yer olan sosial təbəqəyə örtülü palaz altında saxlananları şifahi üslubda mütləq xəbər verəcək; biabır olunmalını biabır edəcək. Çünki o, öz təbəqəsinə heç vaxt xəyanət etmir.

Odur ki, xalqın xeyirxah agentləri qarşısına çıxmaq zorunda olan yüksək, yarı-yüksək status sahibləri nitq estetikası, nitq mədəniyyəti, natiqlik məharətindən dərs almağa, testdən keçməyə başlasınlar...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU