Hidayət Elvüsal
Belə-belə işlər
Dünən dostumuz-qardaşımız, yazıçı-publisist Məzahir Süleymanzadənin ad günü idi. Zəng elədim:
- Qardaş, sən neçənci ildə anadan olmusan?
Məzahir bir xeyli susub, ağır-ağır dilləndi:
- Keçən il qohum-qardaşdan soruşmuşdum. Dedilər ki, 1952-ci ildə doğulmuşam.
- Bəs…
- Bu il soruşmamışam.
- …
***
Aqil Abbas yenə Vəli Xramçaylı ilə “vurur”. Nəhayət, Aqil yorulur, içmək istəmir. Amma görür ki, Vəli doymayıb, deyir:
- Vəli, sənin o bir poeman var haa…
- Hə!
- Onu oxu, bir araq da gətirdim.
Vəli dilxor olur. Siqaretdən bir-iki qüllab alıb Aqilə baxır:
- Ayə qağa, poema çox uzundu. Gəl sənin o yarım litr arağına bir gəraylı oxuyum “raşşot” olaq.
***
“Xalq qəzeti”ndəki dostumuz Əlipənah Bayramov mağazada Araz Qurbanovla qarşılaşır. Altdanyuxarı uzunboylu Araza baxır:
- Buralarda neynəyirsən?
- Heç, elə-belə baxıram. Sən nə axtarırsan?
Əlipənah:
- İstəyirəm bu yeni ildə bizim o bəstəboy Tahir Aydınova bir palto hədiyyə edəm. Havalar çox soyuqdu.
Araz:
- Ə, neynəyirsən, xərc-xəsarət çəkib? Mən sənə qəttəzə bir palto verim dəə…
- Necə palto?
Araz paltosunun altındakı pencəyi göstərir:
- Bax belə!
Əlipənah pencəyi ora-bura çevirib, bəyənir:
- Çox yaxşıdı? Nə vaxt verirsən?
- Elə indi?
- Doğrudan?
- Bəs nə?
- Ver də!
Araz pencəyi soyunub, Əlipənaha uzadır:
- Apar dərziyə. Yarım metr qollarımdan, 30-40 santimetr də ətəyindən kəsdirsən Tahirin əyninə görə qəşəng palto olacaq.
***
- Aqil Abbas, sən bir vaxtlar yaponca öyrənirdin.
- Hə!
- Danışa bilirsən?
- Bəs nə? Çisti 8 söz bilirəm.
- …
***
Uzun illər “Bi-bi-si”-də çalışan dostumuz Zülfüqar Rüfətoğludan soruşdum:
- Zülü, Avropada da demokratiya, söz azadlığı var, bizdə də. Amma bizdə inkişaf sürətlə gedir. Avropanı bu anlamda nə vaxt ötüö-keçərik?
Zülfüqar gülümsündü:
- Bunun üçün Avropa əvvəlcə dayanmalı. Sonra “zadnı skorus”a verib, sürətlə orta əsrlərə doğru geri-geri getməlidir.
***
Yox, bu Dostun adını çəkməyək. Eldən-obadan ayıbdır. İşdir də, başına gəlib. Bütün günahlar o Nataşadadır. Yeni ilqabağı Dosta hədiyyəsi onunla görüşməsi olub. Kimsə də Dostun arvadını bunu pıçıldayıb, ünvan da verib. Arvad bircə təpiklə qapını sındırıb içəri girənjə onları yataqda görüb. Fəlakət!!!
- Burda neynəyirsən, ay oğraş?
- Aaz, kim, məni deyirsən?
- Yox! Alabaşı deyirəm!
- Aaz, vallah, heç nə!
- O yanındakı lotu-belə kimdi?
- Kim? Bu? Aaz, lotu-beçə deyil ee…
- Kimdi?
- Snequroçka!
- Kam?
- Aaz, görmürsən? Snequroçkadı dəə.
- Sənin yatağında nə gəzir? Yolka bəziyirsiz?
- Aaz, yox nə yolka? Üşüyürdü, yazığım gəldi. O bir kino var e, oğlan üşüyür, qız soyunub…
…Axşam uşaqlar evə gələndə o qədər sevindilər ki… Yolkanın böyründə bir adam oturmuşdu. Başı-gözü ağappaq bintlə sarınmış, bəzi yerlərə pambıq basılmış. Yanaqları qıpqırmızı…
- Ay ana, bu kimdi?
- Atanızdı! Görürsüz, ondan nə qəşəng Şaxta baba düzəlmişəm?
- Urra… Bəs Qar qız hanı?
- Qar qız, yəni Snequroçka?
- Hə də!
Arvad sinəsini göstərdi:
- O, bu tonqalın üstündən atlayanda əridi…
- …