Vəfa Allahverdiyeva
Şəhərin bir neçə yerində, metro çıxışlarının başındakı ağ çadırlar içərisinə boylanana qədər sanki kiminsə qara xəbərini, axirətə başlayan yolçuluğunun əlamətini anladır. Yas çadırları eynən belə qurulur, ona görə.
Ya da qarlı-şaxtalı havalarda daldalanmağa ehtiyaclı insanlara ənənəvi xidmət edən sosial çadırları. Bayırda neçə gündür, ayazlı hava şəraiti hökm sürür, çünki.
Paytaxtın o başından bu başına şütüyən avtobusların pəncərələrindən- uzaqdan baxırsansa, görüntünün adı məhz bu iki versiyadan birinə bağlanır.
Yaxından isə ölü ilə vidanı, qışın sərt çağında yollardakı gecə əməkçilərinə bir neçə günlük humanitar dəstəyi simvolizə edən belə ağ çadırların izahında əməlli-başlı ticarət anlamı var.
Biznes çadırı.
Özü də nə satır? Yeni il aksessuarları.
Məsələ ticarətin bu tərəfində və formatında deyil. Çadırı təşkil edənlərin rəsmi informasiya qaynaqlarına bunun məqsədini necə izahlamasındadır.
İzahsa, doğrudan- doğruya rişxənd istəyir.
Çünki sən demə, bir neçə metro çıxışına bu çadırları təşkil edənlər insanların qayğısına qalmaq, onları alverçi fırıldağından, qiymətdə aldadılmaqdan qorumaq üçün “yolka”nın bayram yarmarkası kimi bir satış formatı düşünüblər.
Adı hələlik bizlərə məchul kiminsə “sezon” bisnesinin çiçəklənən vaxtıdır. Dərinə getsək, altından hansısa icra başçısının, Bakı Şəhər İcra Hakimiyyətinin yüksək səlahiyyətli məmurunun, ya da hansısa millət vəkilinin...ismi çıxar.
Digər bir versiya da ehtimal cərgəsindədir: sosial ağırlıq şəraitində toplumda süni bayram əhval-ruhiyyəsi, sabaha zorla nikbinlik yarada bilmək.
Əks təqdirdə yüzlərlə müxtəlif təyinatlı satış məntəqələrində bu aksessuarları da satmaq mümkün olan halda, əlahiddə “yolka” yarmarkasına nədən ehtiyac qalsın ki?! “Yolka” ki, qida deyil!
Və yaxud, adi bir ticarətçi-zəhmətkeş təbəqə üçün şəhərin gur giriş-çıxışları bu çadırlara görə qapalı saxlanmazdı, həm də həftələrlə.
İkincisi və ən vacibi-“yolka”nın harada, necə satılmasının maddi yöndən həyatı günbəgün dəyişən, böhranla sosial güzəranın aşağı qatındakı qaranlığa düşən əhaliyə nə dəxli var ki?! Bahalıq coxdan ona görə əlçatmaz idi. Artıq ucuz təklif olunan hər bir şey də onu dəyərdən düşmüş pul kütləsi ilə ciddi məyus edə bilir.
Bayram süfrəsinin, cırılan paltarının yenisi ilə əvəzlənməsinin, qurtaran dərmanının ehtiyat sayını alıb yerinə qoymağın, bu ay artımla gələcək işıq, qaz pulunun hayındakən, yeni il ləvazimatları ona çoxmu lazımdır?!
Ehtiyac körpüsündə ayaqları titrəyən toplum üçün “yolka” ağacı, artıq xərclər siyahısına çoxdan düşüb. Yeni il aksessuarları nə qarın doydurur, nə üşüyən əllər qızdırır, nə də könüllərə fərahlıq gətirir.
Məmləkətin gələcəyi olan uşaqlara bol-bol meyvə yemək, sağlam və güclü qida ilə böyümək lazımkən, həftədən artıq davam edən ərzaq yarmarkasını, həm də belə rahat yol üstündə, ağ çadırların içərisində təşkil etmək kimsənin yadına düşmür. Ya da etmirlər deyək.
Xeyirxah məqsədlər naminə məktəb yaxınlaşanda çanta, dəftər-kitab yarmarkası, qış gələndə palto yarmarkası keçirmək də kimsənin yadına düşmür. Bunlar xalqın balalarına “yolka” yarmarkasından daha çox lazımkən, məhz yeni il simvollarının satışı məsələsində ehtiyaclı təbəqənin kasad ailə büdcəsini düşünmək izahları saxta görünməsin, neyləsin?!
Bunun tərtəmiz bir adı var-ağ çadır sahibləri ticarət hayındadır.
Ölkədə hökm sürən pul qıtlığı təkcə aşağı sosial təbəqənin mənafeyinə zərbə vurmayıb, görünür ki, güclü adamların da nəfsini zədələyib.
Siravi tacir təbəqəsinin “monopoliya”sında olan bu xırda-para malların idxal və satışını ələ keçirmək şəxsi mənfəətin xalqın cibindən öndə gəldiyinin yekə isbatıdır.
Xalqa indiki kədərli sosial şəraitdə həftələrlə davam edən ucuz və keyfiyyətli çərəz, meyvə- tərəvəz, ət yarmarkası uzaq olan yerdə, günlərlə uzanan “yolka” yarmarkasındakı “xeyirxah” məqsədlər cildə girmiş biznes acgözlüyüdür...