Modern.az

Cəmiyyətin ağ qalan sosial imtahan vərəqi

30 Noyabr 2016, 14:28

Vəfa Allahverdiyeva   


Kaş ki əski dünyanın möcüzələri bugünkü dünyanın gerçəyi ola biləydi; yunan mifologiyasında adamlara qızınmaq üçün od verən əfsanəvi obraz Prometeysayaq  çağdaş insanları da məişət əzablarından qurtaran həqiqi  fövqəlgüc xilaskar tapılaydı.

Ciddi sosial-iqtisadi mövzuya kiçicik bədii müqəddimə bir yana, doğrudan da, dünya iqtisadi böhranı start götürəndən bəri durumu tədricən xarablaşan sosial təbəqənin mistik, qeyri-mistik bir möcüzəyə ehtiyacı var idi.

Lakin qəfildən qanqaraldan, cəmiyyəti hələ uzun müddət emosional mimikada saxlayan  daha bəd bir mövzu ortaya çıxdı.       

Tarif Şurasının elektrik enerjisi və qazın qiymətinin artırılması ilə bağlı qərarından əvvəl bu məyusedici  xəbərin anonsu, əslində zavallı kütlənin fəhmində, intuisiyasında var idi.

Dollara aidiyyatı olmayan ehtiyaclı toplum xarici valyutanı bütün dərdlərinin başı sayaraq, günbəgün yüksəlişdən alacağı zərbəni analiz etməmək qədər cahil deyildi.

Görünən dağa heç bir bələdçi axtarmırdı, çünki praktikada sosial təlaş həmişə belə başlamışdı: dollar qalxdıqca, sağda-solda, yerdə-göydə hər şeyin qiyməti sinxron həll edilirdi.

Gözləmək olardı ki, sinxronluq məsələsində hər hansı ehtiyatlanma, tərəddüd, narahatçılıq hiss ediləcək.  Lakin dəmiryolları da, hava nəqliyyatı da qiymətlərdə baş verəcək dəyişikliyi dilinin altından bu dəfə çox rahatca çıxardı.

Üstəlik, ən əndişəli tərəfi odur ki, prosesi analiz edən iqtisadçılar bütün sahələrdə qiymət artımının paralel gedəcəyi proqnozunda qəti əminlik vurğusunu seçirlər.  Və elə bu günlərdə hər sətirdə, hər sərlövhədə “qiymətlər hələ artacaq” kəlməsinə rast olmaq psixoloji bir gərginlik yaradır.   

 Qiymət tənzimlənməsinin imkanlı kateqoriyaya hesablanması ürək-dirəyi başadüşüləndir. Çünki böyük villalar, bu imarətlərin hər mərtəbəsində yanan çılçıraqlar, sayı-hesabı bilinməyən obyektlər onlara məxsusdur.

Üstəlik, gününü-ayını göydə,  hava nəqliyyatında keçirib, şimaldan cənuba, şərqdən qərbə hərəkət etmək şansı da qeyri- kasıbların üstünlüyüdür  və onlardakı pulun bu yolla büdcəyə dartınması heç bir sosial yara yaratmır, əksinə haqlı mövqe kimi ictimai dəstək də qazanır.

Yaxşı maddi durum bu kateqoriyanı, onsuz da Tarif Şurasının qərarının fərqində olmaq zorunda buraxmır.

Digər kateqoriya isə elan edilən sosial çəkili rəsmi qərarlara həssas yanaşır və mətnlərdəki iqtisadi dilin izahını təcili idrak etməyə tələsir.

Zarafat deyil: pensiyaçı minimum istehlak zəbətinə uyğunsuz pensiyasını, işçi ortabab maaş və  gəlirini hərtərəfli sürətli artıma ayaqlaşdırmalıdır.

Təskinedici izahlara rəğmən, dekabrın 1-i başlayıb, 31 –i tamam olmayınca, heç kəs enerjidəki məsrəfini dəqiqləşdirə bilməyəcək. 

Bu qərarın aztəminatlı ailələrə zərbə vurmayacağı mülahizələri   doğrudan da, mənasız təsəllidir. Məsələyə tikinti sektorunun çökməsi ilə işsiz qalanların, ixtisar siyasətinə qurban gedənlərin, həmçinin,  az maaşlı ailələrin prizmasından baxanda,  həqiqətən də, bahalıq mənzərəsi dəhşət saçır. Ölkədə baş verən qiymət siyasəti, hələ nəzərə alınsa ki, epidemiya kimi hər sahəni sarmış olacaq,- heç bir halda aşağı yaşayış səviyyəli kateqoriyadan yan keçə bilməz.

Birinci, Bakıda köhnə binaların sayı xeyli azalıb, varlı da, kasıb da  artıq yeni tikililərdə yaşayır. Həmin binaların əksəriyyətində isə  qaz təminatı həll edilməyib. İstiliyə olan təlabat uzun illərdir,  elektrik enerjisi ilə ödənilir ki, böyük xərc tutan isitmə yeni qərarla daha artıq pul həcmi tələb edir. Demək ki, qərar yeni binaların imkansız sakinlərinin mənafeyinə cavab verməyəcək.

Tarif Şurasının qərarının dünya praktikasından və daxili zərurətlərdən irəli gəlməsi, həmçinin, aztəminatlının dolanışığına təsirsizliyini   izah edən fikirlərlə zorən, ehtimal üzərindən razılaşsaq da,  həqiqət ondan ibarətdir ki, zəncirvari artımda imkansız kateqoriyanı heç bir keçid müddəa və güzəştlə qorumaq mümkün deyil. 

O sadə səbəbdən ki, insanın qida səbətini özündə mərkəzləşdirən marketlər müstəqil biznes strukturudur və burada imtiyaz anlayışı keçmir; imkansıza-imkanlıya satılan mallar təsnifatı işləmir.     

Bu arada uzmanlar gülməli qənaət dərslərinə başlayıb. Rövnəq Abdullayevin öyüd-nəsihətindəki komik məqam qazın “xod”unu almaq intonasiyası idisə, müstəqil iqtisadçı rəyləri absurd tövsiyyələrlə dodaq qaçırır.

Həmin məntiqlə mənzillərin təmir məsələsinə yenidən baxmalı, işığı artıran divar kağızlarının axtarışına çıxılmalıdır. 

Keçmişlərdə olduğu kimi şam effektli divar lampalarının oturduğumuz hücrəyə verdiyi alatoran işığa vərdiş etməliyik. 

Qazanlar qapaqsız odun üstünə gəlməməlidir.

Bir adama bişirilən nəsə, həmin ölçüyə uyğun suda qaynamalıdır: öyündüyümüz çağdaşlıq və inkişafın səviyyəsinə qeyri-adekvat, gülməli qənaət “mühazirəsi”!  Yaxşı ki, bir kiloqram əti 10 dəfəyə bişirmək, bir çörəkdən bir dilim yemək tövsiyyəsi kimi acı mühazirələr hələ başlamayıb.     

Fikrin üzərindəki ironik vurğu bir yana, amma qənaət, doğrudan da, optimal, alternativsiz dolanışıq “model”idir; Dərya bir damla su ilə başlayır. Qənaət, həm də milli resurslara, maddi sərvətə hörmət, tükənmə qorxusu ilə onu qorumaq dərkidir.

Amma qənaət də olan yerdə qənaət istəyir.   

Tarif Şurası  şəhər insanı ilə müqayisədə rayon, kənd insanının gözünü qorxudan addıma getməyib. Çünki onun altermativ variantı meşələrdir. Təzəkdir. Dar məqamda kustar sobalar pulun, qazın qənaət vasitəsidir. Baxmayaraq ki, 90-cı illərdəki meşə qırğınları, meşə vandalizminə əsas verən bir yola çıxmaq məcburiyyəti yaranır, ekoloji cinayətlərə yuvarlanma başlayr...

Hamı sosial imtahan platformasına qalxıb. İmkanlı bu imtahandan həmişə olduğu kimi yaxşı qiymətlə çıxacaq. Yaxın günlərə gözlənilən əmək haqları və pensiyaların artırılması qərarı yüksək sıçrayışlı qiymət artımı qarşısında sosial yara üzərinə axıdılan bir damcı məlhəm olacaq. Odur ki, ağ qalan sosial imtahan vərəqi yenə də  kasıbındır...

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır