Modern.az
Akif Təvəkküloğlu Bitməyən dərslər

Akif Təvəkküloğlu

Bitməyən dərslər

18 Noyabr 2016, 14:41

Akif Təvəkküloğlu,
Əməkdar jurnalist


Çox qəribədir. Orta və ya ali məktəb illərindən uzaqlaşmış, yəni o illəri yaşayıb arxada qoymuş və həmin dövrün nostalji hissləri ilə yaşayan insanlarla söhbət edən zaman hamısı kövrəlir. Həsrət dolu baxışlar o illərə zillənir, zamanın əlçatmaz səddindən o tərəfə ha boylanır, amma xatirələrdən başqa nəzərə bir şey çarpmır. Gələcək illərini bir yerə toplayıb (hərçənd ki bu heç kəsin qadir ola bilmədiyi  işdir və xam xəyaldan başqa bir şey deyildir) o illərin bircə anına dəyişmək istəsən də bacarmazsan və bu əlçatmaz, ünyetməz bir işdir. Təsəlli yalnız və yalnız xatirələrdir. Xatirələr xoş olanda onu yada salmaq xoş əhval-ruhiyyə yaradır, o illərin ətrini daha yaxından duymaq mümkün olur. Əks halda isə can üzən, qəlb incidən, peşimançılıq hissi yaradan bir mühitin içərisinə düşürsən. Amma bir daha qeyd edirəm ki, ümumiyyətlə məktəb illəri ilə bağlı xatirələr çox kövrək olur və bu da həmin xatirələrin burulğanına düşən hər bir şəxsin qəlbində incə telləri yerindən oynadır.

Görəsən niyə məktəb illərinin hissi, həyəcanı, xatirələri bu qədər zərif, incə və kövrəkdir? Bu sualın cavabının özündə də incə, kövrək məqamlar çoxdur. Mən bu məqamların hamısına toxunmaq istəmirəm. Çünki mövzumuzdan uzaqlaşa bilərik. Amma bəzi fikirlərimi də çatdırmaqdan yan keçə bilmirəm. Əvvəla, məktəb illəri insan həyatının qayğısız, kövrək illəri hesab olunur. Hər şeyi yalnız müsbət müstəvidə görürsən: - doğru, gözəl, məhəbbət, xeyir, aydınlıq.... Elə zənn edirsən ki, bu dünya şər, qaranlıq, nifrət, rəzalət kimi mənfiliklərdən çox-çox uzaqdadır. Əslində isə həmin yaş dövründə cahan yox, yalnız sənin dünyan zülmətdən uzaq ömür yaşayır. Çünki elə yaşdasan ki, hər şey sənə mavi səma kimi aydın, bulaq suyu tək saf, büllur tək təmiz, münbit torpaq tək bərəkətli görünür. Dünyaya yalnız gözəllik bucağından baxırsan. Özün pak olduğun kimi, baş verənlərə və onun iştirakçısı olan insanlara da pak nəzərlərlə diqqət yetirirsən.

Nə isə. Orta və ali məktəb dövrünün yaşantıları, xatirələri ilə bağlı mənim də çox kövrək hisslərim var və o hisslərin kövrəkliyinin niyəsini bir neçə cümlə ilə çatdırmağa çalışdım. Bu yalnız mənim baxışlarım və bu baxışların çox cüzi bir ifadəsi idi. Amma məqsədim nə orta, nə də ali məktəb haqqında danışmaq deyil, toxunacağım mövzu daha böyük, daha ulu, daha ali bir məktəbin verdiyi dərslərdən ibarətdir. Bəs hansı məktəbdir o? Bu sualın cavabına keçməzdən əvvəl ortaya çıxa biləcək başqa sualı cavablandırmaq istəyirəm. Oxucu soruşa bilər ki, əgər mövzu orta və ali məktəblərdən deyilsə, onda bəs nə üçün vaxtımızı alırdın? Olmazdımı ki, birbaşa mətləbə keçəydin? Hə, onda qoyun izah edim. Bu məktəblər, yəni orta və ali məktəb mən bəhs edəcəyim o böyük məktəbin tərkib hissələridir. Əslində mən həmin məktəbləri bəhs edəcəyim o Böyük məktəbin təməl hissəsi hesab edirəm. Bu Böyük məktəb HƏYAT məktəbidir. Məncə, biz o məktəblərdə təhsil, tərbiyə alarkən özümüz də bilmədən paralel olaraq həm də Böyük məktəbin dərslərini almışıq. Orta məktəbdə oxuyarkən bizə şagird deyiblər, ali məktəbə daxil olub tələbə adını qazanmışıq. Onları bitirdikdən sonra isə məzunlara çevrilmişik. Əlbəttə, elələri var  ki, ümumiyyətlə məktəbdə oxumayıb. Yəni nə orta, nə də ali məktəbə getməyib, həmin məktəblərin dərslərini almayıb. Amma həyat məktəbinin dərslərindən heç kəs kənarda qala bilməz. İstəsə də, istəməsə də. Burada könüllülük prinsipi rol oynamır və ümumiyyətlə bu prinsip mövcud deyil. Əgər sən bu dünyaya gəlmisənsə, yaşayırsansa, deməli, mütləq həyat məktəbində dərs alanlardan birisən. Özü də bu dərs səni ömrünün axırına qədər müşayiət edir, öyrənməyə, nəticə çıxarmağa, imtahanlardan alnıaçıq, üzüağ çıxmağa, istiyə-soyuğa, sevincə-kədərə, gecəyə-gündüzə, enişə-yoxuşa dözməyə və duruş gətirməyə səsləyir. Həyat məktəbində xeyir də var, şər də. O başqa məsələdir ki, sən bunların hansına meylli olursan: həyat dərslərindən öyrənə-öyrənə haqqın, ədalətin, xeyirin təntənəsinə üz tutursan, yoxsa şərə, böhtana, zülmətə əl uzadırsan.... Böyük məktəb insanın həyatını, onun ömrünün çalarlarını, yaşam tərzini müəyyənləşdirir. “Dərsini deyir” və istiqamətləri buraxır sənin öhdənə. Hansından necə nəticə çıxarmaq artıq hər kəsin öz seçimidir. Bu məktəbdən dərs almamaq zamanı itirmək deməkdir. Zaman isə insan həyatını məkan müstəvisində dünəndən bu günə, bu gündən sabaha aparır. Həyat məktəbi zaman və məkanın vəhdətində baş verən hadisələri insana nümayiş etdirir. El dili ilə desək, insanlara görk edir. Bəs hamıya “görk” olurmu? Təbii ki, sualın cavabı çox sadədir və hər kəs deyə bilər ki, kimisinə olur, kimisinə yox. Burada növbəti bir sual çıxır: onda bunların hansı həyat məktəbinin dərsləridir -  görk olanlar, yoxsa olmayanlar? Zənnimcə, maraqlı burasıdır ki, hər ikisi həyatın biri-birindən güclü və əhəmiyyətli dərsləridir. Həyat üçün yaxşı və ya pis dərs yoxdur. O heç bir fərq qoymur. Yaxşısını da öyrədir, pisini də. Yəni yaxşıdan yaxşı öyrənərsən, pisdən də “gözü çıxmış qardaşdan” öyrənən kimi daha düzgün öyrənib yaxşıya üz tutarsan. Bütün bunların əksi də ola bilər.

Yazının əvvəlində orta və ali məktəbləri bitirdikdən sonra onların məzunlarına çevrildiyimizi yada saldım. Həmişə də bununla qürur duyuruq. Bu məzunluq təbii ki, sonrakı həyatımızın hansı istiqamətə yönəlməsində çox mühüm rol oynayır. Məzunluğumuzu təsdiq edən həmin məktəblərin verdiyi sənədlər xüsusilə əmək fəaliyyətimiz zamanı ən vacib və dəyərli məqama çevrilir. Amma Böyük məktəbin yəni, Həyat məktəbinin məzunu olmur. Sual oluna bilər ki, niyə mən belə fikirdəyəm? Bu qənaəti şərtləndirən amillər hansılardır? Cavab verirəm:

  1. Həyat məktəbini bitirmək, sona yetirmək mümkün deyil. Zənnimcə, elə bir adam tapılmaz desin ki, “mən həyatın bütün dərslərini keçib qurtardım və öyrənməli, görüb-götürməli, bilmədiyim bir şey qalmadı”. Həyat dərsi insanın ömrünün sonuna qədər davam edir. Yəni həyat dərsi o vaxt bitir ki, artıq Tanrının insana bəxş elədiyi ömür bitmiş olur. Məncə, bu fikirlər müqəddəs kitablarımızda buyurulan “oxumalı, qəbr evinədək oxumalı” fikirləri ilə təsdiqini tapır. Həyat məktəbi bitmirsə və bu məktəbdə ömrünün sonuna qədər oxumalısansa, deməli, burada ikinci şərt meydana çıxır.

  2. Bitməyən, sonu bilinməyən məktəb heç kəsə sənəd də vermir. Elə bir adam tapılarmı ki, desin mən bu məktəbin diplomunu almışam? Əsla yox. Onda görəsən sənədi olmayan, sonu bilinməyən bir məktəbin dərslərini bütün ömrün boyu keçməyə, öyrənməyə nə lüzum? Bunun nəticəsi nədir? Nəticə budur: seçdiyin həyat yolu, bu yolun istiqaməti, cəmiyyətdə tutduğun mövqe, ağlın, düşüncələrin, biliyin, savadın, qabiliyyətin, təlimin, tərbiyən, mədəniyyətin, dünyaya baxışın, mənəviyyatın, dünənin, bu günün, sabahın, həyat tərzin, sevgin, məhəbbətin, bir sözlə, dünya ilə, təbiət və cəmiyyətlə təmasın. Bunlar həyat məktəbinin verdikləridir, bəhrələridir. İnsana xas olan bu cür xüsusiyyətlər və xarakterik cəhətlər bitib-tükənməzdir. Hansı ki, bütövlükdə insanın mövcudluğunu, varlığını şərtləndirir. Bütün bunlar isə insana yazılı diplom şəklində verilmir. Həyat məktəbinin bəhrələri diploma, sənədə sığışan bir şey deyil. Deməli, istər-istəməz növbəti şərt meydana gəlir.

  3. Əgər Həyat məktəbi diplom vermirsə və bitmirsə onda onun məzunu olmaq da mümkün deyil. Fikrimiz bir daha  təsdiqlənir. Həyat məktəbinin məzunu olmur. Bəs bu məktəb nəyi öyrədir, necə öyrədir və öyrənənlər nə öyrənir? Bu sualların hər birinin cavabı çox böyükdür. Bu cavabları nə bir yazı, nə məqalə, nə qəzet, nə jurnal, nə də kitab əks etdirmək iqtidarında deyil. Heç cild-cild kitablar da bəs etməz. Amma bir kəlmə ilə bu suallara cavab vermək istəsək, zənnimcə, onların cavabı belə olar: “Bir ömürlük yaşam tərzi”. Bilirsiniz mən niyə bu qənaətə gəlmişəm? Çünki Həyat məktəbi insana bir ömürlük dərs verir. Ona görə də bu sualların cavabını bir ömürlük dərsdən kənarda axtarmaq mümkün deyil.

Bəzən həyatın bir dərs nümunəsi bir insan ömrünə bəs edir. Bu dərs insanın yaşam tərzinin, həyatının sonrakı mərhələlərinin formalaşmasına, müəyyənləşməsinə əsaslı şəkildə təsir edir. Bəzən isə minlərlə, milyonlarla nümunə insana görk olmur. Bəziləri heç bir şeydən, yəni həyatın heç bir dərsindən nəticə çıxarmaq istəmir. Zənnimcə, qozbelin yalnız qəbirdə düzələcəyini söyləyən ulularımız elə ikincilərə baxıb bu qənaətə gəliblər. “Qozbeli ancaq qəbir düzəldər” ifadəsində yəqin ki, əsas məsələ ağıldakı, şüurdakı, mənəviyyatdakı “qozbellik”, yəni əyrilik məsələsidir. Həyatın dərslərindən nəticə çıxarmayan adam düz yolla gedə bilməz. Bax, budur əsas məqam. Bir də ki, nəticə vaxtında çıxarılmalıdır. Əgər söhbət ömürdən gedirsə, ömrün heç bir anı təkrarlanmır. Hər anın öz qiyməti, öz məzmunu və öz mənası var. Ömür  təkrarlanmır. Ömrün hər dövrünün öz dərsləri var. Onu vaxtında keçmək və gələcək naminə vaxtında lazımi nəticə çıxarmaq gərəkdir. Gecikdikcə əlçatmaz, ünyetməz olacaq.

Bu məqamda çox eşitdiyim bir bənzətməni yada salmaq istəyirəm. Çoxları ömrü kitaba bənzədir, onun günlərini isə kitabın səhifələrinə. Amma mənim bu bənzətməyə münasibətim ayrı cürdür. Mən belə düşünürəm: “Ömür kitab deyil ki, onu təkrar oxuyasan”. İstənilən mövzunu əhatə edən bir kitabı ehtiyac duyduqda dönə-dönə oxumaq imkanı var. Yəni əgər oxuduğun kitabda başa düşmədiyin məqamlar varsa, onu təkrarən oxuyursan, yenidən gözdən keçirirsən. Çünki kitab da, onun səhifələri də sənin əlindədir. Ömür və ömürdən keçən anların, ümumiyyətlə zamanın ixtiyarı isə nə sənin nə mənim əlimizdə deyil. Burada hökm və ixtiyar sahibi yalnız və yalnız Yaradandır. Ona görə də ömrün vərəqlədiyimiz hər hansı bir səhifəsini yenidən oxumaq imkanı mümkün olmayan bir işdir. Yəni eyni şəkildə onun yenidən təkrarlanması qeyri-mümkündür. Ötüb-keçdikcə tarixə çevrilir. Tarixdən isə yalnız dərs almaq mümkündür. Bu isə hər kəsdən ömrün hər anına tam məsuliyyətlə yanaşmağı, onu düzgün qiymətləndirməyi tələb edir. Bax bunlar həyat məktəbinin vacib məqamlarındandır. Böyük məktəbin dərslərinin nəticəsi o vaxt uğurlu olur ki, keçmişdə, yəni tarixdə olanları heç vaxt unutmayasan, ondan doğru-dürüst nəticə çıxarıb bu günün yaşam konturlarını düzgün cızasan və gələcəyin təməlini möhkəm yaradasan. Bir ömürlük məktəb məhz bu əsas şərtlər üzərində bərqərar olur və uzun bir yol gedir. Bu yolu necə gedirsən, bu yol səni haraya aparır? Bu, başqa bir məsələdir. İşığamı, zülmətəmi, enişəmi, yoxuşamı, xoşbəxtliyəmi, bədbəxtliyəmi? Bu suallara mən belə cavab verərdim: baxır sən Həyat məktəbindən necə dərs alırsan, həyatda baş verən hadisələrdən necə nəticə çıxarırsan. Bütün bunların ölçü vahidi isə zənnimcə, yalnız insanın əməlləridir.

Həyat məktəbini digər məktəblərdən fərqləndirən başqa cəhətlər də var. Bu dərslərin bitmədiyini dedik. Və dedik ki, insan ömrü bitərkən o, bu məktəbdən ayrılır. Yəni ömür bitirsə, o insan üçün həyat dərsləri də bitir. Amma dərk etməliyik ki, bizim həyat yolumuz digərləri üçün həyat dərsinin bir elementinə çevrilir. Bizdən asılı olmayaraq bu dünyada olanda da, bu dünyadan köçəndən sonra da hər birimizin həyatı digərləri üçün örnəkdir, nümunə və dərsdir. Elə etməliyik ki, bizim ömür yolumuzdan, əməllərimizdən həyat dərsi alanlar şərə, böhtana, nahaqqa yox, xeyirə, ədalətə, haqqa üz tutsunlar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum