Modern.az

Borc tapa bildim

18 Noyabr 2016, 13:44

Hidayət ELVÜSAL

 

On-on beş min pul lazım idi ki, bir sot torpaq alıb ev tikim, külfəti yığım içinə. Bilirsiniz də, bu şəhərdə pulun olmadı, küçələrdə qalacaqsan, ya da allah üzünə baxsa «kvartirant» rütbəsi alıb sürünəcəksən. Nə isə, bələdiyyədəki o gədəyə vermək üçün on, on beş min manat…

Qohum deyib üz tutduğum adamlar elə and içdilər ki, ağzımı açmağa peşman oldum. Dayım oğlu dedi:

- Sən öl, olan-qalanımı müdirə verdim.  Təzə vəzifəyə  iyirmi min istəmişdi.

Əmioğlu sızıldadı:

- Balaca gədəni məktəbə qəbul elətdirdim. Dədəmin goru haqqı verdiyimin yarısını borc eləmişəm.

Qaynanam başını buladı:

- Evin tikilsin, məndə pul hardandı? Bu fərsiz oğlu fərsiz yenə küçədə dava salmışdı. Müstəntiqə o qədər xahiş, minnətdən sonra onca min pul verdim.

Bu da qohumlar. Pulu paçka-paçka xərcləyirdilər, amma məni görəndə zülüm-zülüm ağlayırlar. Elə dünən yadıma bir köhnə dostum düşdü. Özümü çatdırdım ona. Sağ olsun, yaxşı-yaxşı qulaq asıb, boynunun ardını qaşıdı:

- O adam kimdi?

Dedim ki, filankəsdi. Yenə boynunun ardını qaşıdı və handan-hana dilləndi:

- Nə qədər istəyir?

- On beş min.

- Hm… satmağa bir şey var?

- Yox!

- Niyə?

- Cəmi iki-üç ildi ki…

- Hə, hə, bildim. Elə o vaxt da gəlmişdin. Mənim də əlim aşağı idi. Yenə gəlmisən, - deyə indi də qulağını qaşıdı, – Deyirsən on beş min istəyirlər?

- Hə!

- Yaxşı istəyirlər. Yeznəmnən otuz min aldılar. Amma yaxşı yerdi. Suyu, qazı, havası əla.

- Sağlığına qismət olsun.

- Çox sağ ol, çox sağ ol. Yaxşı, qoy görək neynəyirik. Bir təzə şöbə müdiri götürmüşəm, beş min verəcək. Xeyli inventar spisat eləmişik, satıb pulunu gətirəcəklər. Yaxşı, pulu nə vaxt qaytaracaqsan?

- Nə deyim, vallah! Mənim nə vaxt pulum olacaq? Küçənin ortasında dayanacağam, - dedim. – Maşın məni vuracaq. Dörd-beş min sürücüdən alacam. Bir kefliyə sataşıb özümü döydürəcəm. Sonra milisə şikayət edəcəm. Bir az onlar alacaq, barışıb, bir az da özüm alacam. Sonra…

- Danışdıq, - deyə dostum əlini stolun üstünə vurdu, - Tez elə! Amma özünü super maşınlara vurdur. «Jiquli»yə, «Zaparojes»ə pul verən yoxdu. Döyüləndə də o bahalı restoranların qabağında döyül. Pullular orda yeyib-içirlər.

Küçəyə çıxan kimi bələdiyyə sədrinə zəng elədim:

- Gələn həftə pulu gətirəcəm.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU