Vəfa Allahverdiyeva
Əski ictimai-siyasi formasiyadan miras qalan elə şeylər var ki, onu beynimizdən, zövqümüzdən, həyatımızdan silib-atmırıq: konkret kino-filmləri.
Orda ideologiya saxtadır. Quruluş haqsız qan, istismar üzərindən bərqərar olub.
Yaxud, milli qəhrəmanları xarakterizə edən ifadələr, səhnələr...
Yeni təfəkkür sahiblərinə görə bizim o cür qəhrəmanlarımız da olmayıb.
Lakin sovet riyakarlığı ilə (fərqi yoxdur, o da öz ideologiyasını ideal sayırdı-müəl.) elə sənət əsərləri meydana gəlib, elə aktyor nəsli ortaya çıxıb ki, çağdaş mədəni qısırlıqda içi yanlış dolu o tarixi filmlər bizim yeganə təsəllimiz, bu günün prizmasında yalnız çəkiliş keyfiyyətinə, aktyor şəxsiyyətinə, məharətinə görə bəyəndiyimiz kino məhsulu kimi qalır.
İndi mifalogiyanın, fantaziyanın, saxta patriotizmin izindən kənara çıxmaq daha rahatkən, üzərinə gedilməli vacib, zamanın qatlarında qeyb olub, sonra tapılmış gerçək tarixi mövzular varkən, bəsit məişət mövzuları dövlətin pulunu əjdaha kimi udur, ortaya isə öz professionallığı ilə təfəkkürdə daim qalıcı, uğurlu aktyor nəsli yetişdirən heç bir ssenari və yüksək sənətkarlıq məhsulu çıxmır...
...Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybəkin türk kino sənayesinin inkişafı haqqındakı yekə fikirləri, zaman-zaman bu filmləri izləyib profesionallıq nöqteyi-nəzərdən təhlil etdikcə, öz gerçəkliyini ciddi şəkildə təsdiqləyir.
O deyirdi ki, türk kinosundakı dinamika, mövzu rəngarəngliyi, keyfiyyətli çəkiliş, yəni, texnoloji nailiyyət Amerika kino adamlarını əməlli narahat etməyə başlayıb. Çünki bu sarıdan Türkiyə onları uduzmağa məhkum qoyur və dünya türk filmlərinin tamaşaçısına çevrilməklə, Amerikanın bu sahədəki bazarını öldürür.
Burada 90-cı illərdən sonrakı kino inkişafının Amerikada buraxdığı təsirləri hamının görə bilməsi mümkünsüz, amma Avroasiyanın, ərəb coğragiyasının, Uzaq Şərqin türk filmlərinə düşkünlüyü, Türkiyənin filmlər üzərindən anlatdığı bəşəri və milli məsələlərin, aktual ailə-məişət mövzularının, tarixi problemlərin nəhəng sərhədləri adlayıb böyük məkanları necə öz təsiri altına aldığını hər kəs eşidib-bilir.
Yunanıstanda dövlət səviyyəsində buna görə başlanan açıq narahatçılıq heç də köhnə məsələ deyildir.
Bu, türk kino sənayesinin uğurlarına, parlaqlığına dair faktoloji isbatdır.
Lakin türk kinosunda son illərdə xüsusi qabaran, avropalıları, türk millətinin bədxahlarını məyus edən bir məqam millətin öz tarixini, keçmişini, çağdaş və əski düşmənlərini, bugünkü strateji siyasətini səhnə dili ilə dünyaya açması, ona bu müstəvidən ciddi mesajlar verməsindən ibarətdir.
Hazırda orta çağ dövründən tutmuş hərbi savaşlarla dolu 19-cu əsr və son siyasi təbəddülatları sinxron anladan ayrı-ayrı filmlərlə dövlət ekspansiv hisslərlə alışıb-yanan dünyanın qarşısına çıxır.
Tarixi filmlər Türkiyənin adından dünya ilə savaşır, meydan oxuyur, terror təşkilatları ilə ətrafını sarmış qüvvələrə həddini bildirir.
İdeya müəllifi prezident Ərdoğan, bu filmlərə nəzarət edən də prezident Ərdoğan.
Burada dövlət anlayşı ilə prezident anlayışını bir qədər fərqləndirmək lazımdır, çünki dövlət vəsaitləri ilə çəkilən bütün filmlər ölkənin birinci şəxsinin əlahiddə marağı dairəsində və nəzərləri altında həyat qazanmır. Həm də hər dövlət sifarişli film prezidentin mötəbər tribunalardan anlatdığı dövlət siyasəti ilə paralel çıxış edə bilmir.
Hazırda yayımda olan və bu həftə ilin ən yaxşı filmi kimi “Altun Kələbək” ödülü alan “Diriliş Ərtuğrul” dizisi çəkiliş meydançacına prezidenti gətirə bilən və siyasi elitanın diqqətlə izlədiyi bir filmdir ki, keçmişin parlaq, şərəfli tablosunda dövlətin hazırkı daxili və xarici siyasətinin hədəflərini elan edir.
Daxili siyasət aspektində: millət özünün etnos kimliyini dərk etməli, öz keçmişindən ruhlanıb gələcəyinə doğru yürüməlidir.
Xarici siyasət aspektində: kənar qüvvələr Türkiyəni hədəfə alarkən onun əskilərdəki mübarizə ruhunu, Bizans torpaqlarına bir ovuc oba kimi yerləşib, buraya necə sahibləndiyi və türk imperatorluğunun böyük miqyası əhatə etməsi tarixi prosesini hafizəsində təkrar canlandıra bilsin.
Bu film geo-siyasi savaşların, Türkiyə üzərindən imperial maraqlar güdən, parçalama niyyətlərini dövriyyəyə buraxan beynəlxalq ideoloji siyasi mətbəxlərin planlarına qarşı qoyulan milli dosyenin vacib tərkib hissəsidir və yabançı şeytani gözlərə sarsıdıcı cavabdır.
Dövlət yeni dünya savaşında özünü qorumaq, özünü təqdim etmək baxımından açıq deyə bilmədiyini filmlərdəki sujet xətti, oyunçuların xarakteri və dili ilə çatdırır. Daha doğrusu, son zamanlar dünyaya meydan oxumaq cəsarətinin davamı milli kimliyi daha cazib, daha coşğulu hiss etdirmək üslubunu özündə daşıyan dizilərlə sürət götürür.
Türkün gəldiyi, yayıldığı torpaqlar, onların xarakteri, ilkin və sonrakı məişəti, ailə dəyərləri, rituallara sarılmasını, dövlətçilik ənənəsini məruzələr, çıxışlar, şifahi anlatmalarda tələffüz edən dodaqlar türk toplumunun əzəmətini anlada bilmir.
Biz Osmanlı və Anadolu türkünün tərifini Azərbaycanda Əbülfəz Elçibəydən dinləmişik. Lakin görürük ki, türkü hiss etmək, sözün əsl mənasında tanımaq üçün filmlərdən yaxşı həyəcanverici, qürur yaradan piar modeli, vasitə yoxmuş.
Bu, həmin filmdir ki, türkdilli ölkələrin dövlət başçılarının qarşılanma törənini Ərdoğan həmin filmin şövqlü, mübariz ruhlu musiqisi altında həyata keçirdir və prezident İlham Əliyev də məhz bu dizi üçün xüsusi seçilmiş musiqinin sədaları altında Bəyaz Köşkdə dəfələrlə qarşılanıb.
Məsələ musiqiyə olan heyrət deyil, filmin sujet xəttindəki kredo nədirsə, türkdilli dövlətlərin başçılarının qarşılanmasındakı cazib məqamda da kredo odur-biz türk millətinin soyunu və boyunu təşkil edən nəhəng bir gücük!..
...Türk mədəniyyət və incəsənətinə uğurlu aktyor, rejissor nəslini də, məhz belə filmlər verəcək.
Vaxtilə Rasim Balayev, Həsən Turabov, Həsən Məmmədov, Hamlet Xanızadəni də Azərbaycan kino sahəsində parlaq ulduza çevirən belə filmlər idi. Baxmayaraq ki, orda ideologiya saxta idi və “xalqlar həbsxanası” yaratmışdı.
Dövlət bu ideologiyanı elə bəsləmiş, elə bəzəmişdi ki, altındakı çirkabı heç kəs görmürdü və harda var idisə, oranı güclü göstərə bilirdi.
Azərbaycanda indi nə yaxşı rejissor, nə də aktyor nəsli var. Bəsit ssenari ilə bu yaradıcı tandemi kəşf etmək qeyri-mümkündür. Dürüst tariximizi əks etdirən gözəl ssenarilərlə isə kino sənayesini də tənəzzüldən xilas etmək olar, aktyor və rejissor nəslində varisliyi qorumaq da; çünki tarix ehtişam, tarix qürur və şərəf deməkdir.
Axı biz də Allaha məxsus cahan torpaqlarının qazanılması mübarizəsində sözünü demiş Türk millətinin bir parçasıyıq! Dünyaya çox cazib piar vasitəsi olan filmlərin kəskin siyasət dili ilə anladacağımız çox seylər var: 19 əsrdən də, 20-ci əsrdən də, çağdaş eradan da. Təki ortada iddialı istək və prinsipial qərar olsun...