Modern.az

Əhəd Abıyev “bir daşla 2 quş vuracağını” yuxusunda da görməzdi

13 Noyabr 2016, 20:27

Namidə BİNGÖL

 

Heç bilirsiniz, bölgədə məmur olmaq rütbəsinə yiyələnmək nə deməkdir?! O deməkdir ki, sən qoçu da ola bilərsən.

 

Həftənin hesabatını təqdim edirəm.

 

Yola saldığımız həftə, dünyanın gözü Amerikaya dikildi. Noyabrın 8-də keçirilən prezident seçkilərinin nəticəsi  bir çoxlarının düşüncəsini alt-üst etdi. Yəni Amerika xalqı,  Hillari Klintonu yox, Respublikaçılar Partiyasından olan Donald Trampı prezident seçdi. Seçkilərə qədər Trampın “şəninə” çox “təriflər” yağdırılırdı. Amma, fələk öz bildiyini ortaya qoydu. Artıq Tramp prezidentdir.

 

Yola saldığımız həftə, Milli Məclis də plenar iclasını keçirdi. Bir növ adət etdiyimiz spiker-deputat “qarşıdurması” baş verdi. Yəni deputat Zahid Orucla spiker Oqtay Əsədovun sözü yenə çəp gəldi.

Deputat Elmira Axundova isə yaşıllıqların məhv edilməsindən danışıb. “Yaşıllıqların məhvi adamların gözü qarşısında baş verir”-xanım deputat belə deyib. Məncə, yaşıllıqların məhv edilməsi məsələsi yeni deyil. Bu iş illərdir ki, “uğurla” davam edir. Əli baltalılara heç “dur deyən” də olmayıb. Bundan sonramı olacaq?!

 

 Şoulaşan məmurlarımız

 

Qanunları şüursuzcasına idarə edəndə,  elə sərgüzəştlər peyda olur ki, üstəlik borclu da sən çıxırsan.

Necə ki, Daşkəsənin icra başçısı Əhəd Abıyev Ermənistan bayrağı əvəzinə, Kolumbiya bayrağının rəngələrini əks etdirən şiferi sındırıb, eləcə, günahı da bizlərdə görüb. Kişi deyib ki, əcəb edib sındırmışam. Yəni, belə, lap əlimin içindən gəlib. Sonrası sizə nə ?! Düzdür də. Sonrası, bizə nə!

 

Etimad göstərib böyük bir kreslonu belələrinə həvalə edirik ki, problemlərimizin qulpundan tutub həll istiqamətlərini müəyyənləşdirsinlər. Bəs bunlar nə edir?! Mənasız işlərlə gündəmə gəlir. Üstəlik, “əcəb etmişəm, özüm bilərəm” deyir. Zatən, sizin ayağınızın  “bildiyini” bizim başımız nə karədir ki, bilə, ay Əhəd müəllim! O dərəcədə “kreativ” addımlar atırsız ki, bizə kənardan əl çalmaq qalır.

 

Bir məqam xüsusi diqqət çəkir. Dövlətin, xalqın  taleyüklü məsələlərinin həll edilməsində niyə bu məmurların başı işləmir axı?! Qurduqları bayağı əyləncənin mərkəzində elə özləri çalıb, özləri də oynayırlar.

 

İri gövdəyə sahib olmalarına baxmayın. Çəkiləri, tərəzinin gözündə ağır gəlməyə  yarayır. Nə yazıq ki, bunlar ağır düşünmək qabiliyyətinə malik deyillər. “Vur çatlasın çal oynasın” məsəli də lap yerinə düşür. Bəs yerində olmayan nədir?! Düşüncə və idarəetmə məharəti.

 

Qaşqabaqlı, hirsli olanda belə, vətəndaşla  rəftar məsələsində təmkinli ola bilmirlər.  

 

Təəssüf ki, bölgə məmurlarının çoxu, qolçomaq ənənələrindən də xilas ola bilmir. Halbuki, məmur da bir qulluqçu, dövlət xidmətçisidir. Həmin məmurlar, bundan da xəbərsizdirlər.

 

Daha, vətəndaşla, “ağa”, ”şah” dilində danışmaq nə deməkdir?!

 

Vallah, bəzi məmurlarımız üçün qış da bahar kimidir.

 

Daşkəsənin icra başçısı Əhəd Abıyev isə elə “möhtəşəm” addım atdı ki, sorağı okeanın o tayından gəldi. Şiferdən hazırlanmış “Ermənistan” bayrağını bir yumruqla iki yerə bölən icra başçısı, kim bilir, nə xəyallar qurubmuş. Bayraq günündə erməni bayrağını ikiyə bölməklə tarixi ənənənin əsasını da qoya bilərdi. Təbii ki, öz aləmində. Di gəl ki,  “bir daşla iki quş vuracağını” yatıb yuxusunda da görməzdi. Sadəcə, gerçəkdən görmək nəsib oldu.

 

Bayraq sındırmaqla gündəmə gələn Əhəd Abıyev də digər məmurlarımızdan fərqli davranış sərgiləyə bilmədi. O üzdən, fövqəladə paradoks da baş vermədi. Sadəcə, növbəti məmur kobudluğu, “əlimizi üzümüzdə qoydu”.

 

Nə olsun ki, okeanın o tayında  tanınan artistlərimiz yoxdur. Əsas odur ki, uzaq Kolumbiya məmləkətində parlayan məmur ulduzumuz  var.

 

Nə isə. Bəzi məmurlara, istedadlarını nümayiş etdirmək üçün geniş meydan vermək lazımdır! Təbləri gələndə, daha dövlət müəssisələrində şadyanalıq etməsinlər. Kütləvi şəkildə meydana axın etsinlər. Çalsınlar, oynasınlar hoppansınlar, şpaqat açsınlar. Bir sözlə, nə istəyirlər onu da etsinlər. Bircə rəsmi geyimdə Remboluq etmək eşqinə düşməsinlər.

 

Görünür, bəziləri hələ də yerini müəyyənləşdirə bilmir. Yoxsa,  sözü ağızdan necə bişirib çıxarmaq mədəniyyəti bu formada “fontan” vurmazdı.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır