Akif CABBARLI
(pritça)
Hündür yaşayış binasının on altıncı mərtəbəsinin küçəyə açılan pəncərəsindən boylanan orta yaşlı, boylu-buxunlu kişinin qəzəbli çığırtısı bayaqdan bəri aramsız ulayan köpəyin səsini anındaca kəsdi:
- Ay it, qanacağın olsun da, qoymazsan bir çimir alaq, yuxumuzu yataq, öldük axı əsəblikdən. Allah sənə bir insaf versin, nooolar axı...
Ala köpək bulanıq gözləri ilə yuxarıları seyr elədi, açıq pəncərədən baxan idmançı görkəmli kişini gördü və başını aramla aşağı-yuxarı yellədi. Yəni ki, “anladım, ağsaqqal, daha hürmərəm” – məntiqli bir jest elədi.
Pəncərə örtüldü və Ala köpək sədaqətli Boz Qancığını yanına çağırdı:
- Görürsən də, məndən qanacaq umurlar. Daha bilmirlər ki, qanacağım mərfətim olsaydı indi hansısa oliqarxın bağında şellənirdim. Qanacaq deyəndə ki, arvad, gərək felin-fəndin olsun, quyruq bulamağı bacarasan. İndi bacarmamışam da, vurun öldürün məni. Fərsiz olmuşam ki, indi Yeni Yasamalın tozlu-torpaqlı, zığlı-palçıqlı küçələrində səninlə bir yerdə aşağı-yuxarı sülənirik ki, görən hansı pəncərədən sür-sümük atacaqlar, iylənmiş kolbasa tolamazlayacaqlar ki, biz də ac qalmayaq. Bu Dadaş Bünyadzadə- 15-də yaşayan sakinlər var ey, qəribə adamlardır. Yayda əllərindəki ağac parçasını, qışda da zontiklərini az qala gözümüzə soxurlar. Soruşan lazımdır ki, balam sizə nə eləmişik. Yayda maşınların altında xudmani kölgələnirik, soyuq havalarda isə başımızı soxmağa isti yer də tapmırıq. Ac-yalavac itlərlə nə əkmisiniz ki, biçə bilimirsiniz.
İnsanlar heç vaxt yaddan çıxarmamalıdır ki, Yaradanın sevimli məxluquyuq ki, bizə adamların lap süfrəsinin qırağında, evinin qənşərində görünmək, şöngümək, bir tikə çörəkdən, ətdən-kolbasadan dadmaq icazəsi, şansı verilib uca göylərdən. Başqa hansı heyvanı, həşəratı insan evinə, həyətinə buraxar? Heç birini. Bizik, bir də pişiklər. Atlar da ki, öz yerində. Sədaqətən, etibardan söz düşəndə atlarla biz itlərin adı həmişə birinci çəkilir. Adamları hər cür təhlükədən, lap ayıdan, canavardan da qoruyuruq. Qışın şaxtasında, yayın qızmarında qulluqlarındayıq. Eşitdiyimə görə Allah çörəyi də birinci biz itlərə göndərib. Düzdür, bizim içərimizdə də naşükürləri, xəyanətkarları, oğruları tapmaq olar. Amma bütövlükdə itlər insanların yaxın dostu olub və bu hal yəqin ki, heç vaxt aradan götürülməz.
Boz Qancıq sevgilisinin sözlərini təstiqləmək üçün iri başını xeyli yellədi:
- Düzdür əzizim, qohum-əqrabamızdan bəziləri xod tapıb qəssabxanaların, kababxanaların yan-yürəsində girələnirlər. Tanış-biliş də var ki, bağları, obyektləri, tikinti sahələrini qoruyur. Lap yekə gedənlərimiz də narkotik axtarır, kəşfiyyata çıxırlar. Şimaldakı soydaşlarımızı lap xizəyə, arabaya da qoşullar. Eşitidyimə görə bizim cinsdən olanlar Avropa şəhərlərində tam sərbəst gəzib-dolaşırlar. Ara-sıra onları iynələyirlər ki, xəstəliyə tutulmasınlar. Bizdə isə Allah göstərməsin, birinə lap xoş niyyətlə dişini ağartsan daş götürüb başını yaracaq, ayaqlarını qıracaq. Hələ bir hansısa idarəyə zəng edib tələb edəcək ki, gəlib güllədən keçirisinlər. Soruşan lazımdır ki, sizə nə pisliyimiz keçib. Yemək vermirsiniz , imkan verin özümüz aşıb-daşan zibil qutularından görək axtarıb nə tapırıq da...
Ala köpək pəncəsini qaldırıb diqqətlə onlara qulaq asan balalarının çirkli başlarını bircə-bircə sığallayıb köksünü ötürdü:
- Bu küçükləri böyütmək üçün nə qədər əziyyət çəkirik, tənələri, tənbehləri qəbul edirik. İndi gecədir, bekarçılıqdır, bir ağız çaşıb hürdüm də, nə olsun. Bu adamlar hələ haqqımızda lətifələr də düzəldirlər. Deyir ki, itdən soruşullar, ay it niyə hürürsən? Cavab verir ki, qorxuzuram. Bəs niyə quyruğunu bulayırsan sualına da guya itin cavabı bu olur ki, həm də qorxuram axı... Bəli, qorxuruq. Vururlar, şikəst edirlər, üstümüzdən maşın da keçirillər. Hələ bir zağlı məsəllər də düzəldirlər – itlə dostluq elə, çomağı yerə qoyma. Amma əksinə deyilmiş bir söz də var – it insanın sadiq dostudur. İndi hansına inanaq, bir qəti fikriniz olsun da... Görün hələ nə deyirlər – it itin ayağını basmaz, flankəs it günündədir . Bəli basmarıq, özümüz özümüzü qorumasaq bizi kim qoruyacaq bəs. Sizsiniz bir – birinizi tapdalayan, sürüyən, canını alan, biz yox. Sonra, elə gəzin-dolanın ki, it gününə düşməyin də. Ağlınız – başınız var, bizim kimi çöl quşu, səhra daşı deyilsiniz ki... Savadınız, işiniz, pulunuz-paranız, soyuducuda ətiniz-yağınız...
Boz Qancıq “ət” sözünü eşitcək ayağa qalxıb yaxşıca gərnəşdi, sonra silkələndi:
- Deyirəm görəsən bir də möhkəmnən hürsək, on altıncı mərtəbədəki kişi bizə sür-sümük atmaz ki? Atanda nə olar ey, onsuz da mənzillərdən hər gün atılan əşyaların, çəkicin-mişarın, ərzaq qırıntısının sayı-hesabı yoxdur. Biri də olsun bizə atılan sür-sümük. Allahı çağırıb bir ağız da ulamaq keçir axı könlümdən...