Modern.az
Akif Təvəkküloğlu Çərxi dönmüş dünya

Akif Təvəkküloğlu

Çərxi dönmüş dünya

31 Oktyabr 2016, 16:21

Ey dünya, insan sənə

Evim, məskənım dedi.

Ana yurdum, el-obam,

Canım, Vətənim dedi.

Amma başın qarışıb

Biganəsən sən indi,

İnsafın-mürüvvətin

Didərginmi düşübdür?

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Dərdlilərin dərdinə

“Yanıb” məlhəm olardın,

Sınan qəlbi oxşayıb

Ona həmdəm olardın,

Hamıya doğmalar tək

Yaxın, məhrəm olardın.

Bu duyğular, bu hisslər,

Nədən belə sönübdür?

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Xeyirxahliq əzəldən

Mayasıdır cahanın,

Fərqini itiribsən

Sən yaxşının, yamanın,

Qan-qadalar deyirsən-

Günahıdır zamanın?

Böhtan atma zamana

Zaman dərdə düşübdür...

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Qanlı muharibələrdən

Cana doyubdur insan.

Torpaq qanla sulanır,

Nə halətdir ay aman...

Südəmər körpənin də

Gözü yaşlı, bağrı qan

Anaların naləsi

Göyə bülənd olubdur.

Ay qoca dünya sənin,

Çərxin niyə dönübdür?

Meydanda davakarlar,

At oynadır neyləyək ?

Səndən sənə

Şikayətmi eyləyək ?

Daha bəsdir

Oyan görək, dur görək.

Qan-qadadan insanın

Gözündə nur sönübdür.

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Keçmişdə qarlı qışın

İsti yayın var idi.

Toy–düyünlü payızın,

Güllü yazın var idi.

Dərdsiz gözəllər təki

Qəmzən, nazın var idi...

Nədən bəs gözəllərin

Qəlbi qana dönübdür?

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Bu aləm yaranıbdır

Torpaqdan, sudan, oddan.

İnsan dünyaya gəldi

Bir atadan-anadan

Heç nə heç kimin deyil

Bir sahib var “Yaradan”

Tanrıdan, Yaradandan

Üzün yaman dönübdür,

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Haqq olanın

Haqq işinə yarı sən!

Qılıncını haqsıza çək,

Haqqa dost ol, yar ol sən

Nədəndir haqsızları

Haqqa hakim etmisən

Elə bil ki, qəlbinə

Qara zülmət çökübdür.

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

Üzündən zəhər yağan

Cəllada bənzəyirsən...

Zalımlara güc verib

Gücsüzləri əzirsən...

Aləm vecinə deyil

Veyil-veyil gəzirsən

Axı belə yaramaz

İnsanı dərd üzübdür...

Ay qoca dünya sənin

Çərxin niyə dönübdür?

 

 

Akif  TƏVƏKKÜLOĞLU
Əməkdar jurnalist
1991-ci il

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum