Akif CABBARLI
(hekayə)
Vasif müəllim builki məzuniyyətini də çoxdan bəri arzuladığı Trutskavetsdə keçirə bilməyəcəyini çox gözəl anladığından ailə üzvlərinin təklifini ürəksiz də olsa yerə salmadı. Pal-paltarlarını, azdan-çoxdan ərzaq ehtiyatlarını, qohum-əqrəbaya verəcəkləri pay-pürüşü də götürüb yollandılar Yaşıltəpəyə. Qəhrəmanımızın əsli elə bu rayondan idi, amma uzun illər əlində imkanı, az-çox pulu olsa da, özünə bu dağlar qoynunda bir daxma qaralda bilməmişdi. Arabir özünə təskinlik versə də ki, həmişə düz işləyib, maaşa baxıb, ona görə də ev tikdirməyə vəsait tapmayıb, ürəyinin dərin guşələrində fərsizliyi, bacarıqsızlığı və laqeydliyi ilə də barışmalı olurdu.
Nə isə, maaşını, məzuniyyət pulunu almışdı, ürəyində bərk-bərk kişiləşmişdi ki, Yaşıltəpədə yaxşı bir həyət evi kirayələyər, övladlarını, nəvələrini başına yığıb yaxşı-yaxşı dincələr. Rayon mərkəzindən xeyli aralıda yaşayan qardaşının evində qala bilməzdilər. Çünki onların mənzil şəraiti uzun illər paytaxtda yaşayan böyük bir ailənin rahatlığına heç cür yaramırdı, üstəlik də Vasif müəllimin nəvələri ilə qardaşı balaları uzağı yarım gün dinc dolanacaqdı, sonrası isə Allah bilir nələr baş verəcəkdi. Odur ki, ən salamatı mənzil tutmaqdı ki, bu da Vasif müəllimin əslində son və pozulmaz qərarı idi.
Yaşıltəpənin tanınmış inşaatçılarından olan Eyvaz dayı Vasif müəllimin ziyalılığını, obrazlı və məntiqli danışığını nəzərə alaraq, kirayə ödənişində müəyyən qədər endirimə də razılaşdı. Ailə iki mərtəbəli, geniş və işıqlı evə rahatca yerləşdi. Yasamaldakı dar qəfəsdən sonra bura əsl cənnətdir ki, durmuşdu. Amma həyət-bacaya uzun müddət baxılmadığından (Eyvaz dayının Yaşıltəpənin bir neçə yerində evi vardı) hər yeri ot-ələf basmışdı. Vasif müəllimin nəvələrindən ən dəcəli Kənan babasına sualı sual dalınca verirdi:
-Baba, indi bu otluqda görəsən neçə ilan var, hə?
Bu sualı eşidən Ayanla Nurayı saxlamaq olardımı? Qızlar da nənələrini sorğu-suala tutdular:
-Nənə, ay nənə, ilanlar bizi sancacaq? Biz onları görmək istəmirik axı...
Eyvaz müəllim evi təhvil verib getmişdi, Allah bilir bir də buralara nə vaxt ayaq basacaqdı. Odur ki, Vasif müəllim oğlu Turxanı bazarın qənşərinə göndərdi ki, bir fəhlə tapıb gətirsin, ot-ələfi təmizlətdirsin. Belə də oldu, iki saat keçmədi ki, həyət tərtəmiz idi, indi alma, armud, fındıq ağacları daha barlı görünür, uşaqlara gəl-gəl deyirdi. Ağaclara yaxınlaşmağı, mer-meyvə yeməyi Eyvaz dayı özü məsləhət görmüşdü uşaqlara.
Lap axşamüstü həyətə bir pişik balası gəldi. Zəif, sısqa, ağappaq bir mavrı idi. Hiss olunurdu ki, anasını vaxtsız itirib, süddən yarımayıb. Dilarə xanım ərini muştuluqladı:
-Vasif, gözün aydın, pişiyin də gəldi. İstədiyin yar idi, yetirdi Pərvərdigar.
Xanım ərinin bütün heyvanlara, xüsusən də pişiklərə olan sonsuz ehtiram və istəyini yaxşı bilirdi və yüksək qiymətləndirirdi. Ötən yay Novxanıda bağ evində kirayə qalanda da “qonaq”ları olmuşdu. Bağa köçdükləri ilk gün haradansa bir beçə gəlib çıxmışdı. Düz bir ay bu ailə ilə baş-başa, pişiklərin, tülkülərin təhlükəsindən uzaq yaşamışdı. Mövsümün axırında Vasif müəllimə demədən, məsləhətləşmədən nəvəsi kiçik Vasifin adına beçəni qana boyamış, bişirib vermişdilər uşağa. Bilirdilər ki, açıb-ağartsalar, kişi aləmi bir-birinə qatacaq. Bu məsələ çox sonralar açıldı və çolpanı kəsən də, bişirən də əməlli-başlı danlandı, lap deyəsən söyüldü də.
İndi də pişik gəlib çıxmışdı. Vasif müəllim zarafatla dilləndi:
-Arvad, birdən bu zavallını da kəsib şişə keçirərsiniz ha. Bax, ehtiyatlı olun, pişiyin başına bir iş gəlsə, məhkəməliksiniz.
-Yox, ay kişi, onu lap sənin qədər çox istəyəcəyəm, yedirib ətə-qana dolduracağam – Dilarə xanım da zarafatından qalmadı.
Ertəsi gün Vasif müəllim xanımını da götürüb bazara yollandı. Bazarda hər şey vardı, hamısı da “od qiymətinə”. Yay fəsli olduğundan, ərəbdən tutmuş moltanıya qədər turist kimi bu şəhəri “zəbt edənlər” qaldırmışdılar qiyməti. Bazardakılar adamın üzünə baxanda ciblərini də yaxşı görürlər, axı... Kim idi axı camaatın, yaxud Vasif müəllim kimi öz yurdunda kirayənişin qalıb, təmiz hava eşqinə gününü yola verənlərin halını fikirləşən. Bir halda ki, turist gəlib, pulu da çox, niyə də bazarda ərzağın, mer-meyvənin, ətin-yağın qiymətini qaldırmasınlar axı. Nə isə, Vasif müəllimin haqq-hesabdan yaxşı başı çıxmasa da, xanımı bir səliqəli evdar kimi kişini başa saldı ki, o qədər də bədxərclik eləməsin. Axı, hələ qabaqda düz bir ay vardı. Odur ki, yüngülcə bazarlıq edib evə qayıtdılar. Şam yeməyində Dilarə xanım qarşısına bir kağız parçası qoyub, sonrakı günlərdə nə alınacağını, nə qədər alacaqlarını siyahı şəklində tərtib edib qoydu ərinin gözünün qabağına.
-Bax, ay kişi, elə elə ki, daha kiməsə ağız açmayasan. Qohum-qardaşdan da hay yoxdur. Elə bil xəsisləşiblər, axı. Allahın bir cücəsini də qıymırlar adama. Sən demiş, toyuq-cücə elə bil strateji məhsula çevrilib onlar üçün. Odur ki, bədxərclik eləmə, amma ac da qalmaq olmaz, görək də, Allah kərimdir.
Şəhər çayxansında tünlük idi. Vasif müəllim oturanların çoxusunu tanımırdı. Bəlkə də onun kimliyini bilirdilər, amma üzə vuran, yaxınlaşan yox idi. Ürəyində fikirləşirdi, görəsən, haradan öyrəniblər ki, işdən çıxıb, pensiyadadır. Yerlilərinin xasiyyətini yaxşı bilirdi – nə qədər ki, vəzifədəsən, əlin gətirir, səndən əl çəkməz, böyür-başında fırlanarlar. Elə ki, kreslondan ayrıldın, dərhal buxarlanarlar. Bu fikrini sadiq dostu, orta məktəb yoldaşı Mirhəsən müəllimə açıqlayanda kişi qımışdı:
-Neçə ildir uzaqdasan, amma bizimkilərin xasiyyətini unutmamısan, oğulsan vallah, xalı!
Müəllimin bir tərəfi ləzgi millətindən olduğundan, arada ləzgi kəlmələri də işlədirdi. Xalı da ki, dayı demək idi və həmyaşıdının Vasif müəllimə dayı deyə müraciət etməsi kişini əməlli-başlı kövrəltmişdi də.
Günlər beləcə keçib gedirdi. İki xalı və xanımları demək olar ki, hər gün görüşür, çay içir, söhbətləşirdilər. Bir aylıq məzuniyyət dövründə Mirhəsən müəllimdən savayı bircə nəfər də olsun Vasifi arayıb axtarmadı, qonaq dəvət eləmədi. Çünki çayxanada Mirhəsən müəllim ağzından bədahətən çıxarmışdı ki, bəs, Vasif müəllim işindən ayrılıb, təqaüdə çıxıb. Heç bəlkə daha şəhərə də qayıtmadı, onu da əlavə etmişdi ki, indi qeyrət dəmidir, yığışıb kişiyə vətənində bir balaca koma da tikməliyik ki, yığılsın içinə. Şəhərdəki daracaq mənzildə uşaq-muşağın içində yaşaya bilmir. Belə getsə, dostunuz çərləyib ölə bilər.
Bu fikrə nə hə demişdilər, nə də ki, yox. Bircə onu bacarmışdılar ki, buxarlanıb yox olsunlar. Bir də nə vaxt görünəcəkdilər, bir Allah bilirdi.
Çarəsini tapdılar, Mirhəsən müəllim bir gün çayxanada “təsadüfən” kiməsə dedi ki, Vasif müəllimin oğlu Turxanı Vergilər Nazirliyində mühüm vəzifəyə təyin ediblər, çiyinlərinə də üç ulduzlu bir paqon taxıblar.
Pah-pah!!! Ertəsi gün Vasif müəllimin kirayə qaldığı evin qarşısında maşın maşının dalınca düzülmüşdü. Gələnlər əllərindəki ərzaq bağlamalarını, içki şüşələrini, mürəbbə balonlarını həyətə daşımaq üçün növbəyə durmuşdular. Amma Mirhəsən müəllim heç kimi içəri buraxmırdı. Demişdi ki, kişi kefsizdir, görüşmək istəmir. Elə bu vaxt həyət qapısı açılmış, məzuniyyət dövrünü artıq başa vurmuş Vasif müəllim xanımı və nəvələri ilə əllərində çemodanları, bağlamaları küçəyə çıxmışdı. Kişinin də qucağında bir ay bəslədiyi, qulluq elədiyi məstan pişik.
-Deyirəm, ay Mirhəsən müəllim, bəlkə bu sədaqətli pişiyi də özümlə aparım Bakıya. Burada qalsa, vallah, acından öləcək. İşi yox, vəzifəsi yox, sən də ki, müəllim adamsan, nə qazanırsan ki, bu pişiyə də qulluq edəsən. Bir də ki, bu bir ayda süfrəmin başında bir sən oturmusan, bir də bu nazlı pişik. Üçüncü kəsi görmədim, axı.
Bu mənzərəni seyr edənlərdən biri dözmədi:
-Bəs, ay Mirhəsən müəllim, deyirdin Turxanı nazirliyə...
-Hə, hə, müəllimin oğlu vəzifəyə keçib, amma bu məsələnin yalnız bax bu balaca pişiyə dəxli var, sizə yox. Gedin, işinizlə məşğul olun.
Mirhəsən müəllimin üzündən qəzəb qarışıq qəribə bir sevinc hissi də duyulurdu. Dostunun orijinal jesti lap ürəyindən olmuşdu.