Modern.az

Müvəqqəti çətinlik

14 Oktyabr 2016, 15:12

Hidayət ELVÜSAL


Belə-belə işlər

Elə anadan olanda da ölkə müvəqqəti çətinlik keçirirmiş. Yəni İkinci Dünya və Böyük Vətən Müharibəsi deyilən müsibətlərin yaraları sarınırmış. Sarıyıblar-sarıyıblar və deyiblər ki, bu müvəqqəti çətinlik qurtaran kimi, hoppanıb düşəcəyik kommunizmin qucağına.

Müvəqqəti çətinliklərlə yavaş-yavaş böyüyürdük. Düşünürdük ki, böyüyən kimi hər şey düzələcək. Bir-birimizin pal-paltarını geyinib müvəqqəti çətinliyə  sinə gərirdik.

Və günlərin birində gördük ki, əməlli-başlı böyümüşük. Ali məktəbə də daxil olmuşuq. Amma pul-paramız… Təqaüd bəs eləmirdi. Evdən az-maz göndərirdilər ki, müvəqqəti çətinlikdir, döz! Dözürdük!

Birtəhər diplom aldıq. İş verdilər. Dedilər ki, hələlik maaş azdır, amma düzələcək, müvəqqəti çətinlikdir. Pencək alanda şalvar, şalvar alanda da pencək əldən gedirdi. Amma hər gün bizə işıqlı sabah vəd edirdilər. Biz də xəyallar quraraq yuxumuzda o sabahı görürdük. Deyirdilər ki, «vot-vot» kommunizm gəlir, ayaqlarının səsi eşidilir. Maaşımızdan çıxılan «subaylıqpulu» kommunizmin qədəmlərinə qurban kəsilirdi.

Evləndik. Pahooo… Ev yox, eşik yox, kommunizm şoğərib də hələ gəlib çıxmayıb, qalmışıq kirayələrdə. Müvəqqəti çətinlik bizi salıb təmiyin altına, dəli inək balasını çığnayan kimi çığnayır. Mənzil növbəsinə baxanda gözümüz qaralırdı.

Nəhayət, bir səhər o sabahdan xəbər gətirdi. Dedilər ki, «pəpiş», kommunizm-zad nağıl idi. SSRİ dağıldı, partiya getdi işinin-gücünün dalınca və pulları da özü ilə aparıb yığdı xarici  banklara. İndi azadlıqdı. Əlbəttə, müvəqqəti çətinliklər olacaq. Dözün!

Müharibə başladı. Torpaqlar əldən getdi. Dedilər fikir eləməyin, lazım olsa alacağıq. Almadılar. Hələ biri dedi ki, müvəqqəti çətinlikdi torpaqları əlborcu vermişik, qaytaracağıq. Qaytarmadılar.  Dörddə bir əsrdir ki, o torpaqlar müvəqqəti olaraq işğal altında, biz də müvəqqəti çətinliklər içərisində.

Bir başqası da dedi ki, onların hamısı düşmən deyil. Buna görə də kilsələrinə pulsuz qaz veririk. Biz isə soyuqdan titrəyəndə dedilər dözün, müvəqqəti çətinlikdi, keşişləri qızdırandan sonra sizə də qazdan-zaddan verəcəyik. Deyirik ki, axı, biz o qazın pulunu veririk. Deyirlər ki, susun, sizi qaz kimi yolarıq, qazda ütərik, qazanda qaynadıb qarnımıza dolduraraq. Susuruq.

Amma o gün qanım qaraldı. Dedilər ki, sizin eviniz olacaq, maaşınız artacaq. Elə bil başıma bir qazan qaynar su tökdülər. Necə yəni… ev… maaş… Axı, müvəqqəti çətinlik olmasa ürəyim partlayar. Şəxsən  mən özgə cür yaşaya bilmərəm. Müvəqqəti çətinlik həyat tərzimdir. Hər şeyimizi aldılar. Heç olmasa bu müvəqqəti çətinliyimizə toxunmasınlar. Müəllimlər qul bazarından, alimlər çörək qazandıqları taksi maşınlarından məhrum olsalar, müvəqqəti çətinlik əbədi xoşbəxtliyəmi təslim olacaq. Axı, adət-ənənəmiz var – yüzü işlər, biri, ya da biri işlər, yüzü dişlər – yəni toplananların yeri dəyişəndə cəm dəyişməz.

Əbədi komfort bir zümrənin, müvəqqəti çətinlik qalanların alın yazısıdır. Bax, gör orada nə yazılıb – sən onların yediyini yeyə, geyindiyini geyinə, aldıqlarını qazana, yığdıqlarını  saya… bilməzsən.

Bilirəm!

Buna görə deyirəm ki, heç olmasa müvəqqəti çətinliyimizə toxunmayın. Onsuz da yaşamırıq, sürünürük…

Bu da oğlum. O gün deyir ki, qonşumuz deputat oğluna «Mersedes» alıb. Hər gün saxlayırlar öz marketlərinin qarşısında, camaata acıq verirlər. Hələ icra başçısının qardaşı binanın qarşısındakı ağacları kəsdirib sauna tikdirmək istəyir. Amma biz…

Dedim oğlum, darıxma, müvəqqəti çətinlikdir…

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi