Namidə BİNGÖL
Yeri gəldi gəlmədi işıqlı gələcəkdən ağızdolusu danışırıq. Yan-yörəmizdə dövr edənləri görməzlikdən gəlirik. Nə vaxta qədər?!
Həftənin hesabatını təqdim edirəm
Ermənistan yeni obrazda
Ara-sıra elə əhvalatlar baş verir ki, hadisə yerindən yayılan sorağa lap bişmiş toyuğun da gülməyi gəlir. Onsuz da Ermənistan rəhbərliyinin sayıqlamalarına adət etmişik. Bu dəfə də xarici işlər nazirinin müavini Aşot Hovakimyan işğalçı dövlətini “səxavət mələyi” obrazında təqdim etməyə çalışıb.
Cenevrədə təşkil edilən konfransda Aşot Hovakimyan deyib ki, Ermənistan Suriyadan gələn 20-dən çox qaçqına sığınacaq verib. İşə bax ha! Özləri oğru pişik kimi özgə torpaqlarına sığınıblar. Üstəlik, başqalarına da “yardım əllərini” uzadırlar.
Gürcü xalqı səs verdi
Yola saldığımız həftə qonşu Gürcüstanda parlament seçkiləri keçirildi. Demək olmaz ki, seçkilər tam sakit şəraitdə baş tutdu.
Hakim “Gürcü arzusu” Partiyası ilə Sakaşvilinin “Vahid Milli Hərəkatı” Partiyası arasında açıq savaş gedirdi. Elə dünya mediasının diqqəti də bu iki partiyaya yönəlmişdi. Sakaşvilinin hakim partiyaya müxalif mövqedə dayanması, sanki odun üzərinə benzin tökmək təsiri bağışlayırdı.
Seçki günü yaşanan qalmaqalın mərkəzində müxalifətin dayandığı iddia olunduğundan, döyülənlər də Sakaşvilinin adamları oldu. Hərçənd ki, hakim partiyaya yaxın qüvvələr bunun provakasiya xarakteri daşıdığını irəli sürdülər.
Exit-Pollun nəticələri açıqlanan kimi baş nazir İrakli Kvirikaşvili qalibiyyət kürsüsündə əyləşdiklərini sevinclə elan edib.
Müəllimlərin günü
Yola saldığımız həftə ölkə gündəmini təhsil işçilərinin peşə bayramı ilə bağlı məlumatlar zəbt etdi. Şənlərinə iradlar da, tənqidlər də, təriflər də söylənildi. Təəssüf ki işıqlı gələcəyimiz olan təhsildə indi fərqli ab-hava hökm sürür. Çətin ki, 10, 20, 30 ildən sonra indiki fidanlar “müəllimlik şərəfli peşədir” deyə bilsinlər.
Bilmirəm, bu ifadəni nümunəvi formada təqdim etmək nə dərəcədə doğrudur. Amma bizim kiçik beynimizdə sual işarəsi daima yaranırdı. “Görəsən, müəllimlər çörək yeyirmi?!” deyə öz-özümüzə sual edirdik.
Küçədə, parkda, nəqliyyat vasitələrində rastlaşdığımız zaman sanki əlimiz ayağımıza dolaşırdı. Müəllimin çəkisi o dərəcədə yüksək idi ki, şagird olaraq hörmət meyarlarımız da çərçivəni aşmırdı. Ailədə valideyn sözünü eşitməyən dəcəl uşaqlar üçün “müəlliminə deyəcəm, bax, ağıllı ol ha” kəlməsi kifayət idi.
Bir sözlə, müəllim sözü bir zamanların brend markası hesab olunurdu. O brend marka bugünkü kimi təbəqələrə bölünməmişdi. Varlı, kasıb, yetim, xəstə ailələrdə müəllim seçim etmirdi. Haqq hesab aparmırdı. İldə bir neçə dəfə “cibəgirən” rolunda çıxış etmirdi.
Bu gün isə müəllimlik missiyası fərqli formalarda təzahür edir. Təəssüf ki, şagirdin əlinə göz dikən müəllimin, mənəvi hissləri də yavaş-yavaş tükənməyə başladı.
Şagirdlərə milli-mənəvi sərvətlərin qorunub saxlanılmasını aşılayan müəllim, bir də ayıldı ki, mənəvi hisslərini elə şagirdin ayaqları altında özü əzdirib.
Mənəvi hisslər tükənəndə bilirsiz də nələr baş verir?!
Yavaş-yavaş siniflərimiz döyüş meydançası, tövlə ilə səhv salınmağa başlandı. Bir gün eşitdik ki, müəllim şagirdini şillə təpiyin altına salıb. Az keçmədi ki, ehtirasını, şagirdini zorlamaq yolu ilə “öldürən” müəllimin xəbəri gəldi.
Bunların hamısı o zaman kriminal aləmin “bəzəyinə” çevrildi ki, müəllim, 3-5 manata görə şagirdlər arasında seçim etməyin bünövrəsini artıq qoymuşdu.
Paralel hüquqlara sahib olanları ayırıb birini qara, digərini ağ çadıra salanda, nəticə heç də ürəkaçan olmur. Olmadı da!
Elə illərdir cibimizi süpürgə pulu ilə soyanların görünür, nə dini var, nə də imanı. Hər şeyə bir çarə tapılıb. Amma süpürgə pulu yığmaq bitmir ki, bitmir.
Bu yaxınlarda bu süpürgə pulu məsələsinə görə Bərdə sakini elə bir addım atıb ki, sətraltı mənası başdan-ayağa sarkazmdır. Deməli, Bərdə rayonu Hacallı kənd sakini Elxan Zeynalov uşağının oxuduğu məktəbdə süpürgə pulu yığılmasından bezib. Nəhayət, çarə də tapıb. 150 ədəd süpürgə alaraq məktəbə verib. Əslində, 150 ədəd süpürgə məsələsi müəllim ordusu üçün xoş olmayan “hədiyyədir”.
Yəni, “müəllim nə qədər pul istəyər şagirddən. Alın, bu 150 ədəd süpürgəni, əl çəkin! Bəlkə, gözləriniz doydu” deyir. Təəssüf ki, 150 ədəd süpürgə təhqirə bürünmüş etiraz formasıdır. Və biz də buna etinasız yanaşırıq.
Təbii ki, bizim vicdanlı, işinin öhdəsindən peşəkarlıqla gələn MÜƏLLİMLƏRİMİZ var. Onlar dünən də sevgilə xatırlanıb bu gün də xatırlanır. Sabah da xatırlanacaq.
Əmir Teymur, Sultan Süleyman Qanuni kimi hökmdarlar müəllimlərini hər zaman minnətdarlıqla anıblar.
Dövrümüzün dahilərindən olan Çingiz Aytmatova sual olunmuşdu: “ölkəni üzləşdiyi tənəzzüldən necə xilas etmək olar?!” Cavabı çox qısa olmuşdu. Sadəcə, “məktəbləri düzəldin” demişdi.
Ona görə də məktəblərdə təhsil alan şagirdlərin işıqlı yolu müəllimlərdən asılıdır. Özü də əsl müəllimlərdən!
Bayramınız mübarək!