Modern.az

İdeal İblisin evlərdəki kitablarının qorxusu...

23 Avqust 2016, 15:23

Vəfa Allahverdiyeva

 

Heç kəsə gizli deyil ki, hər il müxtəlif qurumların dəvəti, xəttiylə Türkiyədə səfərdə olan ayrı-ayrı media və ictimai-siyasi çevrəyə aid insanlar geriyə - Azərbaycana Fətullah Gülənin bir neçə dildə, avtobioqrafik xarakterli, həmçinin başqa mövzularda kitabları ilə dönürdülər.

Dostoyevskinin, Tolstoyun yüz ildən artıq  rus cəmiyyətinə fayda verən  kitablarından qat-qat yüksək çap keyfiyyətində və tərtibatda olan,   böyük coğrafiyalara qədər yayılan, fantastik tirajlı kitabları ilə. 

Təbii ki, bu kitablar bir hədiyyə idi; bəxşişin alt mənası verən tərəflərə  agah olsa da, alanlar üçün bu kitablar, sadəcə,  bir kitab rəfinin bəzəyi, savad, bilik mənbəyi kimi cazibə daşıyırdı. Başqa heç nə.

Çünki Fətullah Güləni hamı tanımırdı, adı sadəcə qulaqlara dəymişdi. O kitabların səhifələrini bəlkə də həmin bəxşişi alanların böyük əksəri bu günə qədər heç vərəqləməyib də.

Amma ilin-günün bu vaxtında Gülənin qəzavü-qədərdən evlərə qədər  gəlib girən, içində nə var bilmədiyimiz bu kitablar bir qorxu mənbəyinə çevrilib. 

Baxmayaraq ki, 40 il ərzində oturuşmuş Gülən şəbəkəsi ağılsız deyildi-Türkiyəni ziyarətə gəlmiş təsadüfü sayılan qonaqlara içində təhlükəli ideoloji çağırışlar olan kitabları, diskləri  hədiyyə etməzdi. Gözəl təhsil pərdəsi arxasında gizlənən Fətullahçı sistem kitab anlayışının dəyəri arxasına da saxlanıb öz piarını təşkil edirdi.

Qaranlıq siyasi məqsədlər  daşıyan kitablarsa yalnız həmin şəbəkə ilə birbaşa, dolayısı əlaqəsi olanlara verilə bilərdi.  

Bu mənada Azərbaycan hakimiyyəti Türkiyə iqtidarının FETÖ siyasəti ilə sinxron yürütdüyü prosesdə kimlərin üzərinə getdiyini və hansı ünvanlarda axtarış apardığını yaxşı bilir. Yoxsa ki, Gülənin çoxsaylı evlərə gedib çıxan kitablarının axtarışı ilə hamını gözaltına almaq ədalətsizlik olardı bir yana, heç məntiqi çəkisi də yoxdur.

Kimin o kitablara ön söz müəllifliyi, kimin o məktəblərin vəsfinə həsr etdiyi məqalələr də şübhə kimi istintaq mövzusu, insan şəxsiyyətini qaralama predmeti ola bilməz.  Həmin məntiqlə gərək Qafqaz Universitetini bitirən, bitirəcək məzunlar da təqib olunsun, istintaqa cəlb edilsin.

“Əkrəm Əylisli”ni bir anın içərisində od vurub yandıran toplum məmuniyyətlə, “Gülən”i atəşin içinə atıb külə döndərərdi, əgər sorğu-suallara çəkilmək ehtiyatından bunu aşkar, nümayişkəranə  etməkdən əndişə yaşamasaydı. Heç şübhə yoxdur ki, atəş aqibətindən sivrilib çıxan həmin bəxşiş kitablar  kitab rəflərindən zibil qutusuna sarı layiqli bir yol alıb. İstər qorxu səbəbindən olsun, istərsə də bədxah niyyətlər, qara planlara xidmətinin ifşası  səbəbindən.

Amerikanın mənəvi “kamillik zirvəsi”nə qaldırıb qoyduğu Güləni Ərdoğan o zirvədən endirənə qədər  o, Azərbaycan sərhədləri üçün də ideal iblis deyildi. Təhsil ideyası ilə qəlblərin fəth edilməsinə kim qarşı çıxa bilərdi ki?

Milli zəmindən ayrı düşüb iblisə, eybəcər dünyanın adamına çevrilən Gülənin ucbatından sayı-hesabı bilinməyən insan ordusu hər yerdə haqlı sorğu-sual,  onun sisteminə, cazibəsinə  gözüyumulu gedib düşənlərsə əbəs qorxu altında yaşayır. 

Gülən kitablarının öz söz müəllifləri, Gülən məktəblərini açıq müdafiə edənlər kitab hədiyyəsini qəbul edənlər qədər aldanmış ictimai elitanın peşman simalarıdır. Türkiyə dövlətinin içində kök atıb, bu gün həbsxanalara sığmayan, bir ölkənin yarısını təşkil edən həqiqi Fətullahçıların yanında bizim tamamən kənardan-kənara aldanmış Gülən müdafiəçilərimiz təmiz bir  mələkdir, əlbəttə.   

Amma ümumən vəziyyətin Azərbaycan üçün də ciddiliyi ortadadır, görünür ki, hardansa siqnal edilən faktlar, siyahılar var,  həbslər dalğasının başlanması da onun bir əlamətidir.

Məsələ Fətullah Gülənin Azərbaycan məkanına ayaq basmasına  hansı iqtidarın, hansı prezidentin dövründə yaşıl işıq yandırılması da deyil; çünki Türkiyədə 40 ildə dəyişən iqtidarların hamısı bilərəkdən-bilməyərəkdən Fətullah Gülənin isminə bağlı bütün siyasi, elmi, pedaqoji proyektlərə qapıları açıq saxlayıb.

İndi əsas məsələ odur ki,  Gülən siyasətinin həqiqi simasına açar verən hadisələr, dəlillər bolluğunda Azərbaycanda da onların təhlükə içinə girən fərdlərini bütün künc-bucaqlardan çıxarmaq iradəsində sistemlilik və şəffaflıq olsun...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır