Vəfa Allahverdiyeva
Müasir, pilləkənvari təhsil sistemi insandan ölənə qədər oxumaq tələb edir-əvvəlcə bakalavr, sonra magistiratura, ardınca doktorantura, nəhayət, əlavə iki mərhələli imtahan prosesi: bu da dövlət qulluğuna qəbul üçün.
Əslində qəbir evinə qədər oxumaqda pis nə ola bilər ki: daim öyrənir, daim təkmilləşirsən; çox bilib, çox hörmət qazanırsan.
Di gəl ki, insan biliyinin bu qədər test edilməsi və testdən alınan pozitiv sonluqlar gələcəyinə zəhmət qoyub, gözünün nurunu verənləri ağ günlərə sarı çətinliklə aparıb çıxarır.
Hər bir sahəni nə qədər qanun müstəvisində göstərirsən-göstər , konkret dövlət işində çalışmaq məsələsinin pərdəarxasında kifayət qədər əyriliklər dayanır.
Elə çıxmasın ki, TQDK-ya birləşənə qədər adı Dövlət Qulluğu Komissiyası olan bu strukturun şəffaflığından, onun tele-ulduz olmağı sevməyən, populyarlıq səbəbləri daşımayan rəhbəri Bəhram Xəlilovun düz işləməsindən hər hansı şübhə və əsaslı tənqidi faktlar var.
Keçmiş TQDK nə qədər kasıb zümrəyə xidmət edirsə, adıçəkilən komissiya da başında biliyi olan hər kəsin -fərq etməz, o, sanballı təbəqənin, yoxsa, adi insan çevrəsinin mənsubudur-həmişə yanında olub və onun dövlət pilləsində vakant yeri tutmasını ikiəlli dəstəkləyib.
Amma Bəhram Xəlilov illərdir, son struktur birləşməsindən sonra müavini olduğu Məleykə Abbaszadə qədər şanslı və ictimai rəy qarşısında hörmətli, nüfuzlu maarifçi personaya, üstəlik dövlətçilik adamına çevrilə bilmir. Şəffaf test sistemi ilə böyük sayda evlərə sevinci simvolizə edən tələbə biletləri, diplomlar gedib çıxsa da, eyni imtahan qaydasına rəğmən, ailələr əmək kitabçasının, əmək haqqı kartının məmnunluğunu yaşaya bilmir. Məleykə Abbaszadənin adı keçən evlər həddən ziyadə, Bəhram Xəlilovun ismini bilməyən ziyalı ailələr kifayət çoxdur.
Nə üçün? Çünki dövlət işinə qəbulda məlum şəxsin fəaliyyət dairəsi dövlət postları ilə əlaqəlidir və bu postların başında dayanan fiqurlar o qədər güclü, ədalətsizliklərə, qanunsuzluqlara o qədər öyrəncəlidirlər ki, Bəhram Xəlilovun görmək istədiyi pozitiv işlər üzə çıxmır, heç kəsə çörək verə bilmir. Onun ismi də , statusu da “çörək oğrusu”, başqasının haqqını qəsb edən məmurlarla mübarizəyə yetmir.
Dövlət işlərini bölüşdürmək ixtiyarını qeyri-qanuni əllərinə alan yüksək vəzifə sahibləri faktiki onun fəaliyyətini, onun rəhbərlik etdiyi sahəni formal bir struktur halına salıblar. Birləşməzdən öncə də, birləşəndən sonra da.
Hər il vakant yerlərə keçirilən imtahanlarda birinci pilləni yetərli sayda iştirakçı adlayır. Bu etapda heç bir həyacan yaşamayanların ən böyük fobiyası ikinci mərhələdə-imtahanın müsahibə hissəsində başlayır. Çünki ədalətin bu hissədə itməsi, tar-mar olması hamıya məlum həqiqətdir. Ümidin ətəyindən tutub, möcüzə gözləntisiylə müsahibə mərhələsinə addım atmaq hər dəfəsində boşa çıxır.
Test hissədə ədalətə xəyanət olmasa da, müsahibə hissəsi məhz qeyri-şəffaflıq üçündür-dolaşdırılma, əngəllənmə, “hər yoldan ötən”in dövlət işinə sarı gələ bilməməsi burada öz hökmünü verir. Dövlət Qulluğu Komissiyasının rolu olmadan. Vakant yerlər nazirlərin, komitə sədrlərinin dost-tanış, tapşırıq, rüşvət məqamları üçün daim beləcə boş saxlamağa çalışdığı yerlərə çevrilir.
Dövlət Qulluğu Komissiyası təzə yarananda problem ondan ibarət idi ki, dövlət strukturları boş yerləri imtahan prosesinə təqdim etmir, hər vəchlə müvafiq orqandan gizlətməyə çalışırdı. Açıq irad və tənqidlərdən sonra siyahı komissiyaya verilsə də, şəfaflıq deyilən bir düzən formalaşmadı. Növbəti biclik müsahibə mərhələsində işə düşdü, hər il imtahandan keçən dövlət qulluğu həvəskarları bu sahədə peşəkarlıq xəyallarını böyük adamların ədalətsizliyinin, min cür oyunların, fırıldağın qoynunda dəfn etməli oldu.
Əgər ekspriment üçün nazirlik və komitələrdən hər il imtahanlardan keçib vakant yerləri tutanların siyahısını istəsək, heç bir instansiya onun qanuni davranışlarını isbatlayan misallar bolluğunu ortaya qoya bilməz. Əks təqdirdə ötən həftə Bəhram Xəlilov dövlət məmurlarının müsahibə mərhələsini sobataj etməsini cəsarətlə ifadə etmək məcburiyyətində qalmazdı.
Vəziyyətin anormallığı ortadadır-bu cür şərəfli bir qurum yüksək post sahiblərinin ucbatından etibarsız bir nüfuz qazanır. Bu utanc mənzərəyə yeni yanaşma tələbi diktə olunur.
Bir qurumu saxtakar imicdə daha nə qədər saxlamaq olar ki? Ya dövlət işinə qəbul tələbə qəbulu kimi tam şəffaf bir prosesdən keçməli, yəni, müsahibə mərhələsi tamamilə Dövlət Qulluğu Komissiyasının ixtiyarına verilməli, ya da formallıq naminə biçarə gəncliyi aldadıb imtahan zallarına dönə-dönə gətirmək, onları məqsədyönlü dolaşıq suallarda imtahana çəkməkdənsə, işə qəbul komissiyasını tarixin arxivinə sarı ötürmək gərəkdir.