Modern.az

Qısır mübarizədən keçmək...

5 Avqust 2016, 12:04

Vəfa Allahverdiyeva

 

Azərbaycanın pərakəndə, sosial-ictimai etirazların lokomativi olmaq potensialından uzaqlaşmış siyasi qüvvələri Konstitusiya islahatları barədə tənqidi fikir söyləyən bir ovuc kəsimdir və sentyabra doğru bu yöndə etiraz motivli nələrsə etmək istəyirlər.

Amma hakimiyyətlə ziddiyyət başda oturanların davasından aşağıların davasına qədər uzanmayınca, ortadakı çaba  qısır mübarizə olur; indiki fakt ondan ibarətdir ki, onların belə məsələlər qarşısında ənənəvi olaraq sonuc verməsə də, ən azından  sipər kimi görünən sosial bazası tarixi keçmişlərdə qalır.  

İslahatlarla əlaqəli anti-tezislərini anlaya bilən müstəqil insan toplusu da etirazın hərəkətverici qüvvəsi olmağa hazırlaşmır. Ümumiyyətlə, çoxdandır, ölkəyə aid siyasi məsələləri toplum deyil, siyasətin üst qatı həll edir.  Çünki cəmiyyət siyasi potensialı axtalanmış, hakimiyyət-müxalifət məsələlərini bir kənara atıb, öz ailə-məişət qayğılarının arxasınca gedən toplumdur, artıq.  

Beləliklə,  siyasi dəyişikliklərin xətalı olub-olmadığını düşunən və bunun qarşısında dayanmaq  istəyənlər müxalif cəbhənin başındakı bir ovuc müəyyən statuslu siyasilərdir. Konstitusiya islahatları onların ictimai diqqətə gəlmələrinə səbəb verir və uzunmüddətli sükutun bu mövzu üzərindən pozulması, kütlə ilə əlaqələrin bərpası şansını dəyərləndirmələri anlaşılandır.   

Obyektivlik naminə isə, bir ölkənin xarici maliyyə mənbələrinə bağlı olmayan, lakin gücə sahib, sözündə, mövqeyində ağır çəki daşıyan müxalifətinin mövcudluğu onun siyasi inkişafı naminə mütləq lazımdır; Kaş ki, sözügedən islahatları obyektiv, doğru-dürüst, cəmiyyəti inandıran formada izahlayan nüfuzlu cinah mövcud olaydı; Azərbaycan bu sarıdan heç də bəxti gətirmiş məmləkət deyil.  

Tənqidi tərəflərinin olub-olmamasına baxmayaraq, Konstitusiya islahatları ilə əlaqəli Referendum Aktının yolu açıqdır.

Səbəb təkcə etirazçı tərəfin tükənmiş imkanları ilə bağlı deyil.

Başqa vaxt olsaydı, Referendum Aktı əleyhinə mövqelərin tərəfinə keçmək  olardı. Çünki parlamentar sistem dünyada demokratik inkişafın başlıca şərti kimi müdafiə olunur, üzərinə nəzarət mexanizmləri gətirmək onun mahiyyətini hardasa, dəyişir.

Hakimiyyət budaqlarına verilən müstəqillik demokratik idarəçiliyin tələbidir, bunun məhdudlaşdırılması bir əlin hökmünə tabeçilik kimi qəbuledilməzdir.

Lakin biz  Şərq coğrafiyasında demokratiyası parlaq Türkiyənin siyasi sistemi ilə əlaqəli dəyişiklikləri, buradakı  son ciddi prosesləri, MİT başda gəlməklə, əksər dövlət qurumlarının prezidentə birbaşa tabeçiliyi kimi məsələlər, onları doğuran səbəbləri diqqətlə izləyərək,  eyni vaxtda Azərbaycanda atılan addımları anlamaq məcburiyyətindəyik.

Əslində ölkədə Konstitusiya islahatlarına ictimai dözümlülük və sakit reaksiyalar bir az da  Türkiyənin mövcud durumundan, atdığı addımlardan  yaranır. Türkiyənin bütün vücuduna sarılan paralel sistemə memarlıq demokratik prinsiplərin lideri ABŞ-ın adı ilə bağlıdır. Modern Türkiyənin timsalında aydın olunur ki, özgənin başqalarına görə faydasız demokratiya örnəyi ilə düz yolda görünməkdənsə, özünün anladığın, dövləti, ölkəni monolit saxlayan demokratiyanın məhdud, qeyri-məhdud forması ilə əyri yolda görünmək daha optimaldır. Geo-siyasi savaşın öldürücü qəlpələrini alan  Türkiyəni məcbur edirlər ki, demokratiyaya dönüklük olan addımları ön plana keçirsin.  Türkiyənin demokratiyanın ziddinə göstərdiyi son nümunə isə eyni coğrafiya üçün istər-istəməz etalon səciyyə daşıyır.

Yalnız geosiyasi savaşlardan, xarici mətbəxlərin istila xarakterli proyelərindən  uzaq olmaqla, daxili demokratiyanı qucaqlamaq, ölkəni sırf bu rels üzərində irəli aparmaq faydalı sonuc vəd edə bilər. Dünyanın kədərli və bədbin siması  müsəlman ölkələrinin içərisində baş verən, bitməyən xaosla formalaşır. Və bu xaos zəhərli idxal “məhsul”udur. Demokratik təfəkkürü zəif, təcrübəsi yetərsiz, kövrək addımlara sahib ölkələr üçün nəzərdə tutulur, sonda onları köləyə çevirib, dünyadakı imicinə də zərbə vurmaq məqsədi daşıyır.

Azərbaycan Türkiyənin durumundan, qucaqladığı demokratiya ağacında əmələ gələn  zəhərli meyvələrdən sığortalı deyil. O, bu məkanın yeganə ölkəsidir ki, rəngli inqilabları öz mətbəxindəcə zərərsizləşdirib.

Prezidentin parlamenti buraxmaq səlahiyyəti acı təcrübələrin diqtə etdiyi islahat bəndidir. Xarici qüvvələr ekstremal situasiyalarda birinci qanunverici orqanı ələ alır. Mütəllibov, AXC-Müsavat dönəmində parlamentdə Rusiyanın adamlarının qərarlarda, müzakirələrdə tormozlayıcı rolu hamıya aydındır. Üstəlik, məmur övladları vəhabi çıxırsa, məmurların özlərinin nurçu, islamçı, iranpərəst, Rusiyanın beşinci kalonu kimi təhlükəli bölgü altında dövlətə nə vəd etdiyinə siyasi tapmaca qurmaq lazım deyil; vədolunan bəllidir. Parlamentdəki adamlar satqın çıxanda, prezidentə verilən səlahiyyətlər bu problemi ağrısız yoluna qoya biləcək.         

Prezidentlik müddətinin 7 ilə qaldırılması beş ildən bir ölkədə hərəkətə keçən beynəlxalq güclərin iştahasını iki il də əlavə gecikdirir və ölkəni siyasi anarxiya  cəhdlərindən bir qədər uzağa atır.

Bu islahat da sonuncu və ən yaxşısı deyil. Bəlkə Azərbaycan Britaniya və onun tip ölkələrin   modelinə uyğun bir modeldə son dayanacağını qurmalıdır. Siyasi sistemin mahiyyətinə tam aydınlıq və birdəfəlik ictimai qəbul üçün. Onda ölkəni idarə edən parlamentar sistem, müstəqil hakimiyyət qolları özü ilə bütün demokratik normaları da siyasi həyata daşımış olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır