Hidayət ELVÜSAL
(Elşada)
Həmin yay kənddə – dayımgildə idim. Bir dəfə uşaqlarla çimməyə getmək istəyəndə nənəm dilə tutdu:
- Gəl, dərindir, ay bala. Sən də üzmək bilmirsən. Allah eləməsin, başına bir iş gələr, xəcalətli olarıq.
- Nənə, qorxma e… dərin yerdə çimmərəm.
- Sabir, bu gün səni ayrı yerə aparacam, - deyə bayırda arvadlarla yun çırpan Cəvahir dilləndi. Cəvahir nənəmgilin qonşusu Heyran xalanın qızı idi.
- Sabir, heç adam belə qızı qoyub çimməyə gedər?
- Ədə, qız özü səni çağırır, ay fərsiz.
- Əgər xoşuma gəlsən, sənə gələcəyəm. Gəlməsən özündən küs. Sözə baxan deyilsənsə, səndən mənə yar olmaz. Mənimlə gedirsənmi?
- Yox!
- Getmirsən? – deyə Heyran xala dilləndi. – Ə, bir qənşərə çıx görüm, mənim qızımı bəyənmirsən? Aaz, Həmayıl, onu bura gətir. Qoy bir də baxsın.
- Get bax gör, qadan alım.
- Getmirəm!
- Qəşəng qızdı e… Çoxlu nağıl da bilir. Gedəndə özünlə apar evinizə. De ki, bu da sizin gəlininiz, evlənmişəm.
Cəvahir çubuğu yerə qoyub mənə tərəf gələndə bərk-bərk nənəmi qucaqladım.
- Gəl bura, söz deyirəm. Zorla olsa da sənə gələcəyəm.
Nənəm də uğunub getmişdi.
Cəvahir üzümdən öpdü. Öpdüyü yeri əlimin dalı ilə siləndə arvadlar qəhqəhə çəkdilər:
- Üzünü silir, ay Həmayıl.
- Sən də onu öp, ay fərsiz!
- Öp, qadan alım, öp məni – deyə Cəvahir üzünü mənə yaxınlaşdırdı.
Cəvahiri itələyir, saçlarını yoluşdurdum.
- Adam nişanlısını döyməz, ay insafsız.
- Əşi, siz allah, incitməyin balamı, - deyə nənəm məni bağrına basdı.
- Yox, Həmayıl xala, qoy desin görüm məni alır, ya yox?
- Alır ey, alır.
- Yox, qoy özü desin.
- İndi utanır, adam çoxdu, sonra deyər.
- Bura bax! Birdən başqasına-zada vurularsan haa. Od vurub özümü yandıraram. Sənin nişanlın mənəm, vəssalam.
Başımı nənəmin qoltuğunda gizlətmişdim.
Bundan sonra məni görən «Cəvahirin nişanlısı» deyə çağırırdı. Onunla qarşılaşanda məni gülmək tuturdu. Üzümü gizlətməyə çalışırdım, Cəvahirdən utanırdım. O isə hara gedirdi, məni də özüylə aparırdı. Get-gedə Cəvahirə isinişirdim, hələ onsuz darıxırdım da…
Bir dəfə də nənəm məni səslədi:
- Nişanlın səni çağırır.
Bayıra çıxdım. Cəvahir çiynində səhəng məni gözləyirdi. Bulağa tərəf yollandıq. Oxuyurdu. Bulağa çatmağa az qalmış mahnını yarımçıq kəsdi:
- Biabır olduq.
- Niyə?
-- Oxuduğumuzu eşitdilər.
- Kim?
- Odey… o, - deyə bulaq tərəfi göstərdi.
Bulağın yan-yörəsinə düzülmüş daşların üstündə həmin oğlan oturmuşdu. Tanıyırdım onu. Biz bulağa gələndə ya yolda dayanır, ya da elə burda gözləyirdi. Söhbət edirdilər. Cəvahir də mənə bərk-bərk tapşırırdı ki, heç kəsə deməyim, yoxsa mənə gəlməz.
Mən də heç kimə demirdim.
Çatanda oğlan mənimlə əl tutub görüşdü. Həmişəki kimi əlində qamçı, ayağında uzunboğaz çəkmə var idi.
- Nişanlını qaçırdaqmı?
- Yox, - dedim.
- Toy eləyək?
- Sənə nə, özümüz bilərik, - deyə Cəvahir dilləndi. – Eləmi, Sabir?
- Hə!
Cəvahir səhəngi novun altına qoydu. Oğlan başımı sığalladı:
- Sabir, niyə nişanlına çiçək yığmırsan?
- Lazım deyil, Sabir.
Oğlan:
- Sabir özü bilər, lazımdır, ya yox.
Cəvahirə xeyli çiçək yığdım. Qayıdanda, əlimdəki dəstəyə baxım gülümsündülər. Bir-birinə nəsə dedilər. Çiçəkləri Cəvahirə verdim. Üzümdən öpdü. Oğlan məni havaya qaldırdı:
- Ay səni, kişi qırığı! İndi bildim ki, bərk vurulmusan, - dedi və o da üzümdən öpdu.
Cəvahir səhəngi çiyninə qaldırdı. Oğlanla sağollaşıb evə qayıtdıq. Yenə tapşırdı ki, heç kəsə heç nə deməyim.
Mən də dedim ki, demərəm.
Günlər beləcə ötüşürdü. Cəvahirlə gah bulağa, gah da çiyələk yığmağa gedirdik. Və hara gedirdiksə o oğlanı görürdüm. Adı Həmid idi. Ondan xoşum gəlirdi. Mənə mərsin budağından fişəng düzəldirdi. Cilovu özü tuturdu, mənə də tapşırırdı ki, yəhərin qaşından bərk yapışım. Kəndə yaxınlaşanda məni atdan düşürür, sağollaşıb ayrılırdı.
Arabir Cəvahir ağacın kölgəsində oturub mənə nağıl danışırdı. Ondan küsüb eləyəndə əlimdən tutub, barmağı ilə ovcumun ortasına döyəcləyirdi:
- Uçdu, gəldi, bura bir quş qondu, - sonra barmaqlarımı bir-bir qatlayırdı. – Bu gördü, bu vurdu, bu bişirdi, bu yedi, - çeçelə barmağıma çatanda isə silkələyirdi, - vaay, bu balacaya qalmadı, vaay… bu balacaya qalmadı.
Mən də uğunub gedirdim.
Bir dəfə xırmanda uşaqlarla oynayırdım. Heyran xala məni səslədi. Qaça-qaça onun yanına gəldim. Əlimdən tutdu və evə çatana qədər susdu. Nənəmgilin qapısında aşağı əyilib soruşdu:
- Sabir, başına dönüm, Cəvahir kiminlə söhbət eləyirdi?
- …
- Sənə konfet verəcəm desən.
- Heç kəslə!
Nənəm Heyran xalagildən çıxdı. Bizi görüb addımlarını yeyinlətdi:
- Ay Heyran, başına iş qəhətdi? Sən lap uşaqmısan ki…
- Kim idi o, Sabir?
- Heç kim!
- Bəs səni ata kim mindirmişdi?
- Mən ata-zada minməmişəm!
Heyran xala deyinə-deyinə evlərinə tərəf getdi. Nənəm məni çağırdı. İçəri girəndə gördüm ki, Cəvahir dizlərini qucaqlayıb ağlayır. Mənə baxıb bir anlığa duruxdu. Nənəm Heyran xalaya:
- Ay Heyran, Sabir boyda kişi də deyir ki, bu uşaq heç kəslə söhbət-zad eləməyib. Arvadların dedi-qodusuna havalanma, - sonra Cəvahirə tərəf döndü, - Sən də gözünün qorasını axıtma! Ana adama hirslənər də, döyər də. Arvadların üstünə od tökülsün! Onu pis başa salıblar. Sabir, get nişanlını kirit. Gəl, ay Heyran, sağ olmuş, hər şeydən ötrü mərəkə qoparırsan. Gəl bir bostana-zada baş çəkək.
Evdə ikimiz qaldıq. Cəvahir məni dizinin üstündə oturtdu.
- Anam səndən nə soruşdu?
- Soruşdu ki, Cəvahir kiminlə söhbət edir?
- Sən də dedin heç kəslə?
- Hə!
- Caan!...
Həmin gündən sonra anası Cəvahiri heç yana buraxmadı. Səhərdən axşama kimi gah «beşdaş» oynayır, gah da bostanı sulayırdıq. Bir dəfə Cəvahir mənə dedi:
- Sabir, səni bir yerə göndərsəm gedərsən?
- Hə!
- Get, gör Həmidi tapa bilirsənmi? Bulağın üstünə bax, uşaqlardan soruş, - sonra əlindəki kağızı mənə uzatdı. – Bunu Həmidə verərsən. Heç kəs görməsin haa.
Həmin gün Həmidi xırmanda tapdım. Ordakılardan aralanan kimi soruşdu:
- Cəvahir necədir?
- Yaxşıdır, - dedim. – Bu kağızı sənə göndərdi.
O, kağızı oxuduqca mən də Cəvahirin cibimə tökdüyü tumu çıtlayırdım. Sonra Həmid də bir kağız yazıb mənə verdi:
- Sabir, bunu Cəvahirə ver. Sabah bulağın üstündə olacağam. Nişanlın söz tapşırsa gəl mənə de. Yaxşımı?
- Yaxşı!
- Vallah, oğulsan, toyunda o qədər oynayacağam ki…
Kağızı gətirib Cəvahirə verdim. Oxuduqca gülümsünürdü. O sevindikcə, mən də sevinirdim. Oxuyub qurtarandan sonra üzümdən öpdü:
- Sabir, sənə qurban olum, Sabir!
Səhəri gün Cəvahirin yazdığı kağızı Həmidə verdim. Bundan sonra gah Həmidə, gah da Cəvahirə kağız aparırdım. Onlar da mənə deyirdilər ki, bu kağızlarda Cəvahirin cehizləri yazılıb. Başqa adam görsə nə Cəvahiri, nə də onun cehizlərini mənə verməyəcəklər….
Bir dəfə dayım yaylaqdan gəldi. Qayıdanda məni də özüylə aparmaq istədi. Nə qədər elədimsə də əl çəkmədi. Dedi ki, yay qurtarır, bir az da yaylaqda qal. Evinizə gedəndə pəhləvan kimi olacaqsan. Mənim getməyim Cəvahirin qanını qaraltmışdı.
Yaylaqda dayım uşaqları ilə oynasam da darıxırdım. Kəndə gedən olanda Cəvahirə qaymaq göndərirdim. Payız yaxınlaşırdı. Bir gün dayım dedi ki, kəndə gedirik. Toğlulardan birinin ayaqlarını bağlayıb atın üstünə qoydu:
- Nişanlının toyudur, bunu pay aparırıq. Sevindiyimdən az qalmışdım ki, uçam.
Axşam üstü kəndə çatdıq. Heyran xalagilin qapısında bir vur-həşir var idi ki… Nənəm məni görüb:
- Ə, nişanlın bizdədi, - dedi.
İçəri girdim. Cəvahiri görən kimi özümü onun üstünə atdım. Məni qucaqlayıb bərk-bərk öpdü. Sonra soruşdum ki, bu camaat niyə yığılıb. Cəvahir yavaşca qulağıma pıçıldadı:
- Bizə toy eləyirlər.
Elə sevinirdim ki… Məni dizinin üstündə oturdub qoz-fındıq ləpəsi, şirni yedizdirirdi. Deyirdi ki, səhər gedəcəyik. O gecə gözümə yuxu getmədi. ..
Səhər camaatın bir dəstəsi atlandı. Heyran xala, nənəm, Cəvahir ağlayırdılar. Qalan hamı gülürdü.
Və mən də gülürdüm… Nişanlım bizə gedəcəkdi. Ürəyim atlanırdı. Bayırdan çağırdılar ki, tez olun, camaat gözləyir, gəlini gətirin. Heyran xalagil lap hıçqırmağa başladılar.
- Nənə, ay nənə, niyə ağlayırsız? – deyə soruşdum.
- Vallah, heç özümüz də bilmirik, ay bala. Sevinmək əvəzinə gözümüzün yaşını tökürük. Həmid kimi oğlana gedir.
- Kim Həmidə gedir?
- Cəvahir…
- Həə?!... Bəs…
Cəvahir qız-gəlinlə görüşüb, öpüşdü. Nənəmdən məni soruşdu. Yaxınlaşıb üzümdən öpmək istəyəndə geri çəkildim. Məni ağlamaq tutdu. Gözümün yaşı üzümü yandırırdı. Cəvahir donub qalmışdı. Handan-hana dilləndi:
- Uy, mənim boynum sınsın, ay Həmayıl xala…
- Aaz, belə gündə ağlına gələni danışma! Allah xoşbəxt eləsin!
Arvadlar Cəvahirin qolundan tutub apardılar. Nənəm də məni ovundurmağa çalışırdı:
- Nişanlın qayıdacaq, qadan alım, vallah qayıdacaq.
Sonra barmağı ilə ovcumun içinə döyəclədi:
- Uçdu gəldi, bura bir quş qondu. Bu gördü, bu vurdu, bu bişirdi, bu yedi, vaay, bu balacaya qalmadı, vaay, bu balacaya qalmadı.
Mən də ağlayır… ağlayırdım…