Modern.az
Akif Təvəkküloğlu Səndən xəbər yox

Akif Təvəkküloğlu

Səndən xəbər yox

7 İyul 2016, 10:04

Akif  TƏVƏKKÜLOĞLU
Əməkdar jurnalist

 

Səni gözləyirəm, həsrət içində...
Qəlbim alovlanır, səndən xəbər yox.
Kimi görürəmsə sənin biçimdə,
Ruhum havalanır, səndən xəbər yox.

 

Özün uzaqdasan, sözün əzbərim,
Ay mənim parlayan almazım, zərim,
Qoy uca dağlardan sənə gül dərim.
Bağçalar saralır səndən xəbər yox.

 

Gözlərin gözümə göz salıb getdi.
Baxışın üzümə iz salıb getdi.
Sənsizlik gəlbimə köz salıb getdi...
Ruhun yanımdadı, səndən xəbər yox.

 

Qeybəmi çəkildin? Göyəmi çıxdın?
Ayrılıq oxunu sinəmə sıxdın...
Bil ki, ay insafsız, yandırıb yaxdın.
Atəşin burdadı, səndən xəbər yox.

 

Nigaran qoyma gəl, ay gözəl pərim,
Sən gələn yollara xalçalar sərim...
Çox atdım düşmədi, cüt mənim zərim,
Hamı qoşalaşdı, səndən xəbər yox...


***

Dərd...çəkmə

 

De, bu nə haldı belə?
Yenə xəyala dalıb
Üzündə, gözündə
Qəm yaşayırsan...
Dünyanın dərd-səri
Sənəmi qalıb?
Niyə bu dərdləri
Tək daşıyırsan?
O yükü çəkmə sən,
O, sənlik deyil!
O yük mənim yüküm,
Mən daşıyacam...
Səni dərd əlindən,
Qəm caynağından
Özüm qoparacam,
Mən ayıracam.
Qoy mənim çiynimə
Sən o yükləri,
Unut, bundan belə
Bütün dərdləri...
Verib qarşısına
Bax, bu əlləri
Çəpər olacağam,
Sədd quracağam.
Onsuz da öyrənib
Bu çiyin, bu can.
Hazıram çəkməyə
Dərdini hər an.
Məndən inciməsin
Uca Yaradan.
Bu bəxti elə bil
Qüssədən biçib,
Qəm suyun bulağın
Gözündən içib.
Kim desə çəkəcəm
Yalandır-yalan...
De məndən savayı
Dərd çəkən hanı?
Kimdi özgələrin
Qeydinə qalan?
Əzizim dostunu,
Düşməni tanı!
Gecələri özümə,
Günü sənə verəcəm.
Özüm bəmdə oxuyub
Səni zil kökləyəcəm.
Dərdləri səndən alıb
Əsən yelə verəcəm
Qoymayacam sıxılsın
Canın qəmin əlindən
İtirib yox edəcəm
Dərdi səndən, özümdən...
Dərdi səndən, özümdən...

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum