Modern.az

Azərbaycanda turizmə balta çalmaq...

16 İyun 2016, 13:16

Türkiyə turizmini bu il çox ciddi şəkildə çökdürən iki səbəb: -burada silsiləli terror aktları və ölkənin Rusiya ilə münasibətlərindəki soyuqluq bizi sevindirməsə də,  Azərbaycana turist axını imkanlarını məhz bu kontekstdə müzakirə etməyə başlamışıq.

Halbuki müxtəlif mənşəli Türkiyə turistlərinin Azərbaycan turistlərinə çevrilməsi üçün nə par-par parıldayan otellər, nə yamyaşıl meşələr, nə çeşidli mətbəx kifayət edir.

Hətta Türkiyə kimi dörd dənizi olmasa da, dəniz amilinə görə coğrafi üstünlük daşımayan ölkələrlə müqayisədə heç olmasa, bir dənizə sahiblik də yetərli deyil. Dünyada çirkli və hasarlanmış Xəzərdən daha gözəl dəniz mənzərəsi, tərtəmiz, mavi rəngli nəhəng sular var.  

Daim tənqid edilən bahalıq da yerini münasib qiymət siyasətinə vermiş olsa, bu, bizim ölkəyə turist marağını yüksək həddə yaxınlaşdırmaqda aciz qalar.  

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin turistlərin sayının beş dəfə artması mövqeyinin ziddinə getmək olmasın, amma dünya sakinlərini turistə çevirən başlıca səbəb tarixilik, qədimliyi isbat edən mədəniyyət nümunələridir ki, bunlar bizdə ya hədsiz azdır, ya izləri sadəcə, tarixin qiymətini bilməmək, ya da maddi acgözlük ucbatından silinərək yox edilibsə, xarici səyahətçilər bizi niyə seçməlidir?!

Beynəlxalq idman tədbirlərinə ev sahibliyi dünya insanlarını burada cəmləşdirən əsas səbəbdir və onların say göstəricilərini yerli turizmin prestij qazanması  kimi mənalandırmaq yersiz həvəsdir.

Hər bir turist meşəni, çayı, dənizi, dadlı qidaları çox yerdə tapa bilir. Heç bir turist Aralıq, yaxud, Xəzər dənizində çimmək, günəş şüaları qəbul etmək üçün uzaq-uzaq yolları basıb Türkiyəyə, Azərbaycana gəlib çıxmır. O, tarixi keçmişi təqdim edən cazibəli, heyrətamiz mədəniyyət istəyir ki, bu, insanın idrakı ehtiyacıdır və görmək, bilmək, tanımaq təlabatı yaradır. Çünki bizi də başqa yerlərin həvəskar turistinə çevirən beşulduzlu otellərdə dincəlmək, adı dillərə düşmüş xörəkləri dadmaq yox,   yerini xəritə üzərində tapdığımız dənizlərə vizual qovuşma həvəsi yox, həmin ölkələrin tarixi keçmişinə sonsuz ilgidir.

Azərbaycanda turizmə İçərişəhərin simasına müasirlik qatılıb, xarici vətəndaşlara bahalı kirayəsi olan ofislər kimi verilən gündən etibarən balta çalınıb.

Çünki İçərişəhərdə istənilən əcnəbinin diqqətini cəlb edən qədim tikinti texnologiyası, dar küçələrin sosial-elmi izahını verən, tarixi etnosun ənənələrinə, yaşam tərzinə bələdçilik göstərən kifayət qədər faktlar toplusu var idi.  

Hətta küçələrə örtük üçün döşənən daşlar Hacıbala Abutalıbovun nəzarəti ilə aparılan asfaltlama işlərindən, uzun illərdir,  etibarlı çıxa bilirsə, bu əski  texnologiya maraqlı bir tədqiqat predmetidir. Üstəlik, burada xarici turistə paralellik aparmaq imkanı yaranır, çünki Avropa şəhərlərinin əksəriyyətinin küçələri İçərişəhərlə eyniyyət təşkil edir.    

İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə vəhdətdə xalqın tarixi keçmişinin dolu və bitkin bir izahını verirdi. Lakin onu mühafizəkarlığından qoparıb müasirliyə calamaqla, adıçəkilən iki mədəniyyət abidəsi təqdimatda tənha qaldı. Bir çox tarixi yerlərə lüzumsuz yanaşmanın özülü İçərişəhərdəki amansız tikinti prosesi ilə qoyuldu.

Azərbaycan turizmi, əslində bu tarixdən başlayaraq, zədə alıb.  Cünki onun ardınca, daşı qopan hər bir qədim tikiliyə uçurub, yerində başqasını qurmaq marağı ilə yanaşılıb ki, turizmin inkişafını axsadan bu faktora görə Azərbaycan dövlət büdcəsi böyük vəsait imkanı itirir.    

Söküntüsü başa çatmayan Sovetskidəki tarixi tikintilərlə bağlı açıqlanan son mövqe də həmin laqeyd münasibətin davamıdır.

Azərbaycanın 19-cu əsr izləri təəssüfsüz şəkildə silinir və Avropa memarlarının Şərq üslubunda yaratdığı arxitekturanı min bir bəhanə ilə ortadan qaldırmaq  vandalizm əlaməti daşıyan siyasətə xidmət edir. Üstəlik, bu, İçərişəhərdən dərs alınmadan turizmin inkişafı üçün vacib amillərdən birinin sıradan çıxarılması deməkdir.  

Maraqlıdır ki, 532-537-ci illərə aid Ayasofiya məbədinin üst mərtəbələrindəki gözə qabarıq girən çatlar dəfələrlə bərpa oluna bilir, dünya turistlərini İstanbula gətirən səbəblərdən biri rolunu oynamaqda davam edir, amma Sovetskidəki bir-iki  əsrlik abidələrin vəziyyətinə çarə tapılmır.

Əhməd Davudoğlu deyəndə ki, “mən bir konyalı kimi qədim Konyanın yenidən tikilməsinə imkan verməyəcəm”, adam Artur Rəsizadə və Hacıbala Abutalıbovun içində belə tarixilik eşqinin zərrələrini axtarıb tapmaq istəyir. Amma harda belə bir eşq ki, arxalı madiyyat hərislərinin yadından Bakının tarixiliyini isbatlayan cox az nümunələr çıxıb. Zəngin keçmiş belələrinin iştirakıyla müasirliyə uduzdurulub və Azərbaycan turizm nöqteyi-nəzərdən cəlbedici ölkə olmaqdan çıxıb.

Azərbaycan dincəlmək üçün uğurlu ölkədir, gəzib görmək, tarixin dərinliklərindən gələn keçmişə şahid olmaq  üçünsə yox.

Əgər əski tarix və hər qədim daşın üzərində incəsənət, mədəniyyət sirri  təqdim etmək yerinə, böyük adamların böyük otellərini göstərirsənsə, bu, turizm demək deyil. Turizm ləziz kabab, mənşəyində mübahisə yaradılan dolma ilə də  qurulamaz...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK