Qarabağ uğrunda müharibə başlayanda 11 yaşım vardı. Və bir gün xəbər gəldi ki, ermənilər Xocalı şəhərinə girərək misli görünməmiş vəhşilik törədiblər. Hər yerdə bu haqda danışırdılar. Millət yas içində idi. Orda mənim yaşıdlarımın da başına olmazın oyunlar açılmışdı. Bütün bunlardan duyğulan 11 yaşlı balaca belə bir şeir yazır.
Elimin, millətimin vüqarı,
Dilimin, şöhrətimin vüqarı,
Sözümün, söhbətimin vüqarı,
Sənsən, anam Xocalı!
Bu ilk şeirim idi. Uzun-uzadı yazdıqlarımdan bir tək bunlar yadımda qalıb.
Anamın əmisi oğlu vardı. Özünə şair deyirdi. Hadisələr başlayanda Rusiyadakı evini-eşiyini qoyub rayona qayıtmışdı. Günlərin bir günündə ailəsi ilə bizə qonaq gəldi. Atam, “Günel, Xocalıya aid şeir yazıb” demişdi. Gətirdim, oxudu. Reaksiyası belə oldu: “Bu şeir deyil”. Arqumenti də o idi ki, Xocalı mənim anam ola bilməz. Ağladım. Şeiri yazdığım dəftəri isə xırda-xırda doğrayıb, yandırdım. O gündən bir də şeir yazmadım. Hekayələrimi isə hamıdan gizlədim.
Uşaq yaddaşımda dərin iz qoyan bu kiçik epizod, Füzulidə qarşılaşdığım bir hadisədən sonra yenidən yadıma düşdü.
Reportaj hazırlamaq məqsədi ilə cəbhə rayonuna getmişdik. Horadizin girişində gözümüzə 10-11 yaşlarında olan oğlan uşağı sataşdı. Tar çalırdı. Maşından düşüb yaxınlaşdıq. Bizimçün “Qarabağ şikəstəsini” ifa etdi. Televiziyaya çəkilmək istəyib-istəmədiyini soruşdum. Razılaşdı. Kameranı gətirmək istyirdik ki, evdən yaşlı bir qadın çıxdı. Salamsız, kəlamsız uşağı itələyib saldı həyətə. Məramımızı açıqladıq. Üzündəki ifadənin dəyişəcəyini gözlədiyim halda əksi oldu.
“Qələt edir televiziyaya çəkilir. Nə vaxt böyüyər özü gedib efirə çıxar!”. Bu qadının son sözləri oldu. Balacanın, pərt olmuş simasına əhəmiyyət vermədən aparıb basdı evə. Biz isə baxa-baxa qaldıq.
Çox pis oldum. Axı niyə? Niyə biz, övladlarımıza qarşı bu qədər amansız davranırıq? Niyə, onlara stimul olmuruq? Niyə, həvəslərini qursaqlarında saxlayırıq? Onlar böyüklərdən artıq şəxsiyyətdirlər. Çünki, safdırlar, daha yaradıcıdırlar.
Bir də əksəriyyətin bəyənmədiyi yəhudi xalqına baxın! Bilirsiz onlar niyə hər kəsdən öndədirlər? Çünki, ağıllıdırlar. Bu keyfiyyət onlara körpəlikdən aşılanır. Uşağın tərbiyə və inkişafına yəhudilər qədər diqqət və vaxt ayıran ikinci xalq mövcud deyil. Nəticədə, böyüyən nəsil bütün sferalarda böyük uğurlar qazanır.
Bu da onların 7 qızıl tərbiyə qaydası.
1. Uşaqlarda kompleks yaranmasına imkan vermirlər. Yəhudi ana heç bir zaman qışqırmaz, ahəngli və səbirli səslə : “Sənin kimi ağıllı, dərrakəli uşaq belə səhvlər edə bilməz” kimi ifadələr işlədər.
2. Yəhudi uşaqlarının evdə sərbəstliyi və istədiyini etməsi yalnız təəccüb doğura bilər. Karandaşla bütün divarları yaza, anasının dodaq boyası ilə atasının xarici pasportunu rəngləyə bilərlər. Bütün bu işlərə görə onları heç kim danlamır. Uşaqlıqdan fantaziya və təxəyyülün inkişafı üçün şərait yaradılır. Məhdudlaşdırma yalnız uşağın özünə və ya ətrafdakılara ziyan verə bilinəcəyi təqdirdə olduqca mədəni və hiss edilməyəcək şəkildə edilir.
3. Yəhudi anaları uşaqlarını tez-tez tərifləyirlər. Hətta bizim diqqət yetirməyəcəyimiz olduqca? kiçik məqamları da uşağın böyük uğuru kimi göstərib ona təriflər yağdırırlar.
4. Uşağa yalan danışmırlar. Nə isə söz verildisə tam ciddiyyəti ilə yerinə yetirilir.
5. Yəhudi ata və analar heç bir zaman övladlarının yanında mübahisə edib münasibət aydınlaşdırmırlar. Uşaqlar tam harmoniyada və sağlam psixoloji mühitdə böyüyür.
6. Yəhudi anaları uşağa tərbiyə vermənin incəliklərini ailə qurmazdan əvvəl öyrənməyə başlayır. Bunun üçün sinaqoqlarda xüsusi kurslar var. Tərbiyə proqramının hazırlanmasında qədim müdriklərin tərtib etdiyi mətnlər və eləcə də ekspertlərin tövsiyəsi önəmli yer tutur.
7. Yəhudi valideynlər uşağa vaxtı və işləri düzgün planlaşdırmanı aşağı yaşlardan təlqin edirlər. Övladlarının boş vaxt keçirməyə və tənbəllik etməyə imkanı olmur. Müxtəlif dərnəklər, məşğələlər, tapşırıqların icrası planlı şəkildə reallaşdırılır.
Bu cür tərbiyyə üsulları olan cəmiyyət daim inkişaf edəcək. Bəs biz niyə bundan geri qalaq? Övladlarımızın qarşısına sipər olduqca bizim heç vaxt bir gələcəyimiz olmaycaq!