Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları həyata keçirilib. Nazirlikdən Modern.az saytına verilən məlumata görə, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Camalxanov Nazirliyin Aparat rəhbərinin müavini, İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov isə həmin şöbənin müdiri vəzifələrinə təyin olunublar.
Məlumat üçün bildirək ki, Elnur Camalxanov əvvəllərdə televiziya jurnalistikası və bir sıra layihələrdə çalışıb. 2012-ci ilin martından dövlət qulluğunda fəaliyyətini davam etdirməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdir müavini, daha sonra İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edib.
İlham Məmmədov uzun müddət “AZADİNFORM” İnformasiya Agentliyində sosial və iqtisadi sahələr üzrə müxbir kimi fəaliyyət göstərib. 1 iyun 2010-cu il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, daha sonra isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib.