“Aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi Qaydaları”na əsasən, ali təhsil müəssisələri tələbələrinə adlı təqaüdlərin verilməsi ali təhsil müəssisələrinin Elmi Şuraları tərəfindən həyata keçirilir. Amma bir sıra universitet və fakültələr var ki, bu müəssisələrdə tələbələrə adlı təqaüd verilmir. Bəlkə də buna görə də tələbələrin əksəriyyəti adlı təqaüd anlayışından xəbərsizdir. Maraqlıdır ki, hansı ali təhsil ocaqlarımızda, hansı ixtisaslar üzrə və kimlərin adına tələbələr adlı təqaüd ala bilirlər?
Modern.az mövzu ilə əlaqədar araşdırma aparıb.
Bakı Dövlət Universitetinin əksər fakültələrində tələbələrə adlı təqaüd verilir. Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizovun sözlərinə görə, adı çəkilən fakültədə 4 ictimai siyasi xadimin adına təqaüd verilir: “Şərqşünas alim Mirzə Kazımbəy adına təqaüd xeyli müddətdir ki, verilir. Şərqşünas alim, filologiya elmləri doktoru, professor Aidə İmamquliyeva adına 2009-cu ildən adlı təqaüd təsis edilib. Şair, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi Mübariz Əlizadə adına təqaüd isə 2011-ci ildən tələbələrə verilir”.
Dekan əlavə edib ki, bu tədris ili başlayandan tələbələrə adlı təqaüd verilmir. Buna da səbəb tələbələrin əla qiymət almaması göstərilir.
BDU-nun Mexanika-riyaziyyat fakültəsində Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, riyaziyyatçı Arif Babayev, riyaziyyatçı Yəhya Məmmədovun adına təqaüd verilir.
Ekologiya və torpaqşünaslıq fakültəsində torpaqşünas alim, Həsən Əliyevin adına adlı təqaüd yeni olaraq təsis edilib, amma bəzi səbəblərdən hələ ki heç bir tələbəyə verilməyib.
Geologiya fakültəsində 4 tanınmış geoloqun adına fakültə təqaüd verir: akademik Şəfayət Mehdiyev, akademik Mirəli Qaşqay, akademik Musa Əliyev, professor Səttar Süleymanov.
Həmin təqaüdlər bu tədris ilinə kimi tələbələrə verilirdi, amma hazırda tələbələrin balı aşağı olduğu üçün təqaüdlərin verilməsi dayandırılıb. Hüquq fakültəsində 2 nəfərə 2 adlı təqaüd verilir: onlardan biri Heydər Əliyev adına, digəri isə Zeynalabdin Tağıyev adınadır.
Filologiyada 2 adlı təqaüd var: biri Nizami Gəncəvi, digəri Mir Cəlal adınadır. Hər iki təqaüdü 2 nəfər alır. Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Abbas Zamanov adına da adlı təqaüd təsis ediləcək. Tədris başlanandan tələbələrə bu təqaüdlər verilməyib, çünki tələbələrin qiymətləri əla deyil.
Tarix fakültəsində tələbələrə ancaq “Lomonosov” adına təqaüd verilir.
Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Adil İsmayılov bildirib ki, adıçəkilən universitetdə aşağıdakı adlarda təqaüdlər verilir:
“Heydər Əliyev təqaüdü bir nəfərə, verilir. Rektor təqaüdü 2 nəfərə, Həmkarlar təşkilatı təqaüdü 5 nəfərə verilir.
Texniki elmlər doktoru, akademik Azad Mirzəcanzadə adına təqaüd bir nəfər magistr tələbəyə verilir.
Həsən Bəy Zərdabi adına təqaüd Jurnalistika fakültəsinin bir tələbəsinə verilir. Pedaqoji fakültədə Mirzə Fətəli Axundov adına təqaüd bir nəfər tələbəyə verilir. Abbasqulu Ağa Bakıxanov adına təqaüd beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində bir nəfər tələbəyə verilir. Şərqşünas, tarixçi, türkşünas və filoloq Mirzə Kazımbəy adına təqaüd Tərcüməçilik fakültəsində bir nəfərə verilir. Prof. Məmməd Tağıyev adına təqaüd filologiya fakültəsində bir nəfərə verilir”.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova qeyd edib ki, adıçəkilən universitetdə adlı təqaüd verilmir.
Mövzunun davamı olacaq...
Nihadə Eyyubova