Keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycanda növbəyə dayanaraq mənzil sahibi olmaq prosesi dayandırıldı. Bununla da vətəndaşların işlədikləri müəssisələr tərəfindən mənzillə təmin olunması da uzaq keçmişdə qaldı. Artıq dövlət, o cümlədən də ayrı-ayrı müəssisələr insanları mənzillə təmin etmək öhdəliyi daşımırlar. Amma az sayda da olsa dövlət qurumu var ki, öz işçilərinin mənzil şəraitini yaxşılaşdırmaq istiqamətində hansısa addım atır.
Modern.az-ın əməkdaşı dövlət qurumları ilə əlaqə saxlayaraq, onlardan hansının öz əməkdaşlarının mənzil şəraitini yaxşılaşdırmaq üçün çalışdığını araşdırıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev nazirliyin işçiləri üçün yaşayış binasının tikildiyini deyib: “XİN-in yaxınlığında Həmkarlar İttifaqının irəli sürdüyü təklif əsasında yaşayış binası inşa edilir. Tikintisi davam edən bina bu ilin yay mövsümündə işçilərin istifadəsinə veriləcək. Çox yüksək səviyyədə inşa edilən yaşayış evi nazirliyin işçilərinə güzəştli şərtlərlə paylanacaq. Bina nazirliyin əməkdaşlarının sosial təminatının və yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulub”.
Baş Prokurorluqdan bildiriblər ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nda prokurorluq işçilərinin mənzilə olan ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində yaşayış binalarının inşası nəzərdə tutulub. Dövlət Proqramının həmin müddəasının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə paytaxtın Xətai rayonu ərazisində yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılıb. Binaların kooperativ əsaslarla inşası istiqamətində zəruri tədbirlər həyata keçirilməklə prokurorluq işçilərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə mənzil-tikinti kooperativi təsis edilib. Hazırda tikinti işləri intensiv şəkildə davam etdirilir və növbəti ilin sonunda binanın tikilərək kooperativin üzvlərinə təhvil verilməsi nəzərdə tutulur.
Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində isə belə təcrübəyə sahib olmadıqlarını bildiriblər.
Təhsil Nazirliyində evsiz əməkdaşları üçün yaşayış binasının tikilib-tikilməməsi barədə məlumatsızdırlar.
Gömrük Komitəsi öz işçilərini mənzillə təmin etmək öhdəliyi daşımır.
Belə bir öhdəlikdən yaxasını çəkənlərdən biri də VergilərNazirliyidir. Bu nazirlikdə işçilər dövlət hesabına mənzi almağa heç bir ümid bəsləyə bilməzlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən də belə bir təcrübəyə sahib olmadıqları üçün təəssüf edirlər. Komitədən planda belə bir təcrübənin reallaşdırılmasının olmadığını da söylədilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova da bildirib ki, nazirlik 2001-ci ildən yaranıb və mənzil tikintisi ilə bağlı təcrübə hələ ki, yoxdur.
Ölkədə bütün əmlak məsələləri onların nəzarətində olmasına baxmayaraq, həmin Komitənin işçiləri də daşınmaz əmlak-mənzil sarıdan korluq çəkirlər. Necə deyərlər, Əmlak Məsələləri Dövlət Komitəsində işləyənlər komitəyə bel bağlamamalıdırlar. Qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun dediyinə görə, komitə 2003-cü ildən yaranıb və hələ ki, belə bir təşəbbüsü olmayıb.
Gültəkin Ələsgər