“Mənim sözlərim bəzi mətbuat orqanlarında təhrif olunub. Milli Məclisdə demişəm ki, YAP-ın İdarə Heyətinin üzvü Abel Məhərrəmovun elmi cəhətdən əldə etdiyi uğurlar Nobel Komitəsinə təqdim olunub. Amma bir çoxları bunu belə yozublar ki, guya partiya Abel Məhərrəmova Nobel mükafatı verilməsi üçün onun adını Nobel Komitəsində təqdim edib. Axı Yeni Azərbaycan Partiyası heç kimin adını Nobel mükafatına təqdim edə bilməz”.
Bu sözləri Modern.az-a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
“Abel Məhərrəmovun yazıları xaricdə çap olunub. Ondan başqa, YAP İdarə Heyətinin üzvü olan Şahlar Əsgərovun da ixtiraları məşhurdur, hətta NASA-da istifadə edilib. Yeni Azərbaycan Partiyasının sıralarında bu cür çoxlu sayda alim, ziyalı insanlar var ki, kəşflərindən, ixtiralarından dünyada istifadə olunur və məqalələri daim beynəlxalq jurnallarda çap olunur. Azərbaycanda çox alimlərin əsərləri Nobel Komitəsinə təqdim olunub və onlardan biri də Abel Məhərrəmovdur”, – deyə S.Novruzov fikrini davam etdirib.
Nihadə Eyyubova