Modern.az

Jirinovski “xalqlar dostluğu” ideyası ətrafında quyruq bulayır...

Jirinovski “xalqlar dostluğu” ideyası ətrafında quyruq bulayır...

26 Dekabr 2012, 13:33


Bu günədək Azərbaycana, azərbaycanlılara nifrəti ilə seçilən, zaman-zaman ölkəmizə qarşı düşmən mövqeyindən çıxış edən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu dəfə gözlənilməz təkliflə çıxış edib. O, Moskvada metronun “Almaatı” stansiyasının açılışını alqışlamaqla yanaşı,  Moskva Metropoliteninin yeni stansiyalarını keçmiş müttəfiq respublikaların paytaxtları şərəfinə adlandırmağı təklif edib.
“...Paytaxt sakinləri və qonaqlar “Bakı”, “Daşkənd”, “Düşənbə” stansiyalarına girəndə onların yadına bizim tarixi əlaqələrimiz düşəcək. Bu, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək”.
Əlbəttə, Jirinovskinin şovinizmini və Azərbaycana qarşı dəruni nifrətini nəzərə almasaq, bu “tarixi dostluq”, “tarixi əlaqələrimiz” fikirlərinə aldanmaq da olar. Amma... son günlər Rusiya siyasətində üzə çıxan bəzi məqamlar ortada başqa mətləblərin olduğunu diqtə edir.

O məqamlardan biri Rusiya prezidenti Vladimir Putinin bu günlərdə keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistlərin təkidinə baxmayaraq, onlara sual vermək imkanı yaratmamasıdır. Jurnalistlərin israrına isə Putin “bilirəm də, Qarabağdan sual verəcəksiniz” deyə cavab verib. Və nəhayət, konfransın sonunda bir daha imkan tapıb Rusiya prezidentinə yaxınlaşan azərbaycanlı müxbirə sual vermək hüququ tanınmayıb. Putin “yox” deyib...

Azərbaycanda bu xəbər nədənsə Putinin Qarabağla bağlı cavabının olmadığı kimi şərh olundu. Amma zənnimizcə, uzun illərdən bəri bu məsələnin “başına ip salıb hərləyən” Rusiya siyasətçisi tutuquşu kimi təkrarladıqları tezisləri unudacaq qədər də qocalmayıb. Məgər Putin tək öz ölkəsinin deyil, bütün vasitəçi fırıldaqçıların Qarabağla bağlı suallara cavab üçün hazır olan konspekti unuda bilərmi? “Səylərimizi davam etdiririk”, “tərəflər razılığa gəlməlidir” və sairə və ilaxır.

Deməli, Putinin azərbaycanlı jurnalistə dediyi son söz – “yox” kəlməsi əslində onun Azərbaycana, Avrasiya İttifaqı ideyasına “yox” demiş Azərbaycana cavabı sayılmalıdır. Diqqət edin, Putin həmin konfransda azərbaycanlı müxbirin yerini gürcüstanlı jurnalistə verib. Bu, İvanişvili baş nazir seçiləndən sonra Gürcüstana dəyişən münasibətin göstərisi deyilmi?
Saakaşvıli dövründə belə hal olmayıb.

Və ya başqa bir məsələ. Rusiyanın keçmiş ittifaqı bərpa etmək planı həmişə masanın üstündə olub. Sadəçə olaraq, şərait yetişməsi gözlənilib. Əlbəttə, təhlil etsək, görərik ki, o şərait indi də yetişməyib. Amma əvəzində ciddi Rusiya üçün zərurət yetişib. Çünki Rusiyaya yaxın həlqələr daralır və bu Şimal Ayısı  keçmiş SSR müttəfiqləri hesabına bunu genişləndirməyə çalışır. Və bu ciddi zərurət fonunda Rusiya qarşısına çıxacaq hər bir maneəni kifayət qədər ciddiyə alır. Yəni hətta mətbuat konfransında müxbirə kobudluq etməyə vadar edəçək qədər ciddiyə...Bu da anlaşılandır, çünki indiyədək Azərbaycana öz nüfuz dairəsi kimi baxan Rusiya başını qaldıranda  Azərbaycanı uzaqlarda gördü.

Özünün yaratdığı Qarabağ problemi indi də Avrasiya İttifaqı formalaşdıran Rusiyanın bu yolunda ciddi əngəllərdən biridir. Putinin Qarabağla bağlı sual eşitməkdən qıcıqlanması da məhz bu aspektdən şərh olunmalıdır. Son vaxtlar Azərbaycan və Ermənistan arasında xalq diplomatiyası variantına üstünlük verdiyi açıq görünən Rusiyanın nəinki münaqişənin həlli, ümumiyyətlə, bu münaqişə haqqında eşitmək istəməməsi təbiidir.   

Hətta Türkiyə-Ermənistan sərhədlərinin açılmasına gizli və açıq şəkildə mane olmağa çalışan Rusiya bunun nə ilə nəticə verəcəyinin fərqindədir.  Ermənistanın Türkiyənin təsirinə düşəcəyi təqdirdə rus tanklarından imtina edəcəyini bəribaşdan anlayan Putin qabaqlayıcı tədbirləri davam etdirir. Hətta illər öncə Bursa şəhərində Azərbaycan bayraqlarının  zibil qabına atılmasını bir sıra xarici media qurumları məhz Rusiya kəşfiyyatının adına yazdılar.

İndi söhbət ondan gedir ki, Rusiya bu uzun illlər ərzində imperiyaçılıq təfəkküründən bir addım belə qabağa gedə bilməyib. Xüsusən də kecmiş DTK-çı olan prezident Putinin Avrasiya İttifaqının yaradılmasına, başqa sözlə, keçmiş respublikaların ilhaqına yönəlmiş planının çox geniş və ciddi qollarından biri də məhz ideoloji təbliğatdır. Rusiyanın Moskvada “xalqlar dostluğu” ənənəsini yenidən gündəmə gətirməsi də məhz bu planın tərkib hissəsidir.

Bu arada şovinist Jirinovskinin də canfəşanlığı başa düşüləndir. Onsuz da müstəqil Azərbaycanın paytaxtı Bakı indiyədək də onun gözünə ox kimi girirdi. İndi bu nifrət çanağı yuxusunun real olacağını düşünüb,  “xalqlar dostluğu” ideyası ətrafında quyruq bulayır...

Hüseyn Əlyarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?