Modern.az

Nazir: "Müəllimlərə xüsusi statusun verilməsi barədə məlumatım yoxdur"

Nazir: "Müəllimlərə xüsusi statusun verilməsi barədə məlumatım yoxdur"

27 Dekabr 2012, 10:21

Müəllimlərə və həkimlərə dövlət qulluğuna yaxın xüsusi statusun verilməsi üçün prezident sərəncamı niyə icra olunmur?

Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair sənədin hazırlanması barədə prezident sərəncamından bir ilə yaxın vaxt keçsə də,  bununla bağlı hələki heç bir yeni xəbər verilmir.

Maraqlıdır ki, təhsil və səhiyyə sahəsinə rəhbərlik edən nazirlər də susurlar

“Mənim də müəllimlərə dövlət qulluğuna yaxın xüsusi statusun verilməsi barədə heç bir yeni  məlumatım yoxdur”. 

Bu sözləri Modern.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir məsələylə bağlı ətraflı danışmaq istəməyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də bu barədə məlumatsız olduqlarını bildirdilər.

Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Prezident İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Hazırda ölkənin bütün müəllim və həkim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü, sənədin açıqlanmasını və ona müvafiq olaraq maaşların artırılmasını gözləməkdədir. Bu da səbəbsiz deyil. Çünki müəllim və həkimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdir.

Gültəkin Ələsgər  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?