“Sevinc Babayevanın ölümü ilə bağlı hər cür ehtimal ola bilər. Çünki nə qədər ki onun adı bu cinayət işində hallanırdı buna qiymət verilməli və onun ölüm səbəbləri araşdırılmalıdır”. Bu barədə Modern.az-a açıqlama verən Elşad Abdullayevin vəkili Adil İsmayılov bildirib.
“Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva dünyasını dəyişməsi açılan cinayət işinin taleyi ilə bağlı müxtəlif suallar doğurur. Bundan sonra açılan cinayət işinin taleyi hələ ki, sual altındadır”-deyən vəkili Adil İsmayılov hazırda cinayət işinin taleyi barədə danışmağın tez olduğunu söyləyib. O, bildirdi ki, bundan sonra cinayət işinin necə olacağını demək çətindir:
“Bu barədə nə isə demək hələ ki tezdir. Çünki mən cinayət işinin materialları ilə ümumiyyətlə tanış deyiləm. Bundan əlavə zərərçəkmiş şəxsin açılan cinayət işinin materialları ilə tanış olmaq hüququ yoxdur. Yəqin ki, zaman göstərər”.
Sevinc Babayevanın öldürülmə ehtimallarına gəlincə, Adil İsmayılov qeyd etdi ki, onun ölümü ilə əlaqədar fikir bildirmək çətindir. “Güman edirəm ki, hüquq mühafizə orqanları onun ölümü ilə bağlı araşdırma aparacaqlar. Ən azından onun cəsədi ölkəyə gətirilənədək onun ölüm səbəbləri aydınlaşacaq”.
Gültəkin Ələsgər