“Axı YAP nə qədər deməlidir ki, cənab prezident bizim namizədimizdir?”
“İsa Qəmbərin “Azadlıq” radiosuna verdiyi müsahibəyə qulaq asdım. O çox bəsit fikirlər səsləndirdi. İsa Qəmbər deyir ki, guya, prezident İlham Əliyevin namizədliyi irəli sürülmür, ona görə ki, Qərbdən razılıq almağı gözləyirlər. Çox gülünc fikirdir”.
Bu sözləri Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini M.Qurbanlı Müsavat başqanı İsa Qəmbərin prezident seçkilərində namizədliyi ilə bağlı “Azadlıq” radiosuna verdiyi müsahibəni şərh edərkən bildirib.
“Cənab prezident bizim namizədimizdir?”
“Yeni Azərbaycan Partiyası prezident İlham Əliyevin namizədliyini dəstəkləyib. Biz axı namizədimizi elan eləmişik. Biz Qərbə baxıb siyasət qurmuruq. Mən çox təəccübləndim. İsa Qəmbər siyasətlə məşğul olursa, o zaman siyasətçi də belə bəsit fikir səsləndirə bilərmi? Axı Yeni Azərbaycan Partiyası nə qədər deməlidir ki, cənab prezident bizim namizədimizdir?”
“İsa Qəmbər namizədliyini hara təqdim edib?”
M.Qurbanlı Müsavat Partiyasının namizəd barədə qərarını ironiya ilə qarşılayıb. “Müsavat Partiyası elan edir ki, İsa Qəmbər namizəddir. Belə məqamda sual ortaya çıxır. Namizədliyinizi hara təqdim etmisiniz? Bunlar bilmirlər ki, hələ sənəd qəbulu başlamayıb? Bu insanlar qanunları bilmirlər. Onlar bilmirlər nə danışsınlar. Havadan ağıllarına nə gəldi deyirlər”.
“Zamanı çatanda sənədlər təqdim olunacaq”
Daha sonra YAP rəsmisi öz namizədlərinin elan etmə qaydalarını açıqlayıb. “Həmişə belə olub ki, Yeni Azərbaycan Partiyası qurultayını keçirib, namizəd məlum olub. Daha sonra sənədlərini təqdim edib. Zamanı çatanda sənədlər təqdim olunacaq.,- deyə YAP-çı deputat vurğulayıb.
Anar RÜSTƏMOV