Koroğlu Rəhimov 22 ünvanında yerləşən 9 mərtəbəli binada su xətləri sisteminin yenilənməsi istiqamətində kompleks işlər görülür.
“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, həmin binada su-kanalizasiya sistemi yeniləri ilə əvəz olunur. Zirzəmidə olan köhnə borular yeni polietilen boruları ilə əvəz olunur. Eləcə də evə gedən dik su xətləri də istismara yararsız olduğu üçün yenilənir və borular pilləkən qəfəsliyinə çıxarılır, eyni zamanda mənzillərə smartkart tipli su sayğacları quraşdırılır.
“Azərsu” ASC-dən həmçinin bildirilib ki, yeni su xətlərinin çəkilməsi üçün bir-iki günə binanın qarşısında yol qazılacaq. Hazırda isə binada smart-kart tipli sayğacların qutuları quraşdırılır.
Hadisə yerində olarkən isə məlum oldu ki, binada su xətlərinin təzələnməsi üçün ərazi üzrə Mənzil İstismar Birliyi ilə razılığa gəlinməyib. MİS binada su xətlərinin pilləkən qəfəsliyinə çıxarılmasına və yolun qazılmasına icazə verməyib. Eyni zamanda su xətlərinin dəyişdirilməsi bina sakinləri tərəfindən də xoş qarşılanmayıb. Sakinlər belə güman edirlər ki, su xətlərinin dəyişdirilməsi onların problemlərini həll etməyəcək, yenə də hər mənzil su nasosları quraşdırmaq məcburiyyətində qalacaq.
Aytən Əliyeva
Elçin Ağayev