Modern.az

Deputatların son əsgər ölümünə münasibəti: “Təqsirkarlar mütləq cəzalandırılmalıdır!”

Deputatların son əsgər ölümünə münasibəti: “Təqsirkarlar mütləq cəzalandırılmalıdır!”

10 Yanvar 2013, 15:48

İldən-ilə Azərbaycan ordusunda qeyri-döyüş vəziyyətində itkilərin sayı artır. Hər il bununla bağlı statistik rəqəmlər açıqlanır. 2012-ci ilin statistikasına görə, Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 84 nəfər itirib. Bunun 15-i döyüş, 2-si mina, 1-i əməliyyat, 66-sı qeyri-döyüş itkisidir.

2013-cü ilin ilk ayında da qeyri-döyüş vəziyyətində bir əsgər itkisi oldu. Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Zaman oğlu Qubadovun ölüm faktı cəmiyyətdə geniş rezonans doğurdu.

Modern.az məsələ ilə bağlı Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvlərindən münasibət öyrənməyə çalışıb.

 

Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, bir əsgərin belə hərbi hissədə xidmət etdiyi dövrdə başına hər hansı hadisənin gəlməsi, burunun qanaması, xəstələnməsi bir Azərbaycan qadını, anası kimi onları çox üzür. “Əsgərlərimizi göz bəbəyimiz kimi qorumalıyıq. Dünən Məhərrəm Əliyevin də müsahibəsini və Müdafiə Nazirliyinin də məlumatını oxudum, bu iş üzrə cinayət işi açılacaq, tədqiqat araşdırma aparılacaq. Və həqiqətən də o əsgərə qarşı hər hansı zorakılıq törədilibsə həmin adam ən ağır cəzalarla cəzalandırılacaq, buna heç şübhəm yoxdur.

Hərbiçi anası, oğul anası, valideyn kimi deyə bilərəm ki, istənilən əsgərin başından bir tükün əskik olması təkcə onun anasının deyil, Azərbaycan analarının da ürək ağrısıdır. Çünki biz buna qədər 10 minlərlə şəhid vermişik və biz buna adi yanaşa bilmərik”.

M. İbrahimqızı vurğulayıb ki, mətbuatda bəzən belə faktları çox şişirdilir ki, müharibə olmayan şəraitdə əsgərlə belə hadisənin olması qəbul olunmazdır. “Siz Türkiyə mətbuatına baxasınız, Türkiyənin Müdafiə Nazirliyinin ordu ilə bağlı illik hesabatına baxsanız, görərsiniz ki, təkcə keçən il Türkiyə ordusunda PKK-nın silahlı basqınları zamanı ölənlərin sayı ayrı-ayrı səbəblərdən, xüsusilə intihardan ölənlərin sayından azdır. Dünya ordularında müharibə olmadan hər hansı xəsarət almaları və yaxud dünyasını dəyişmələri və s. hallar olmalıdır. Amma hamımız çalışmalıyıq ki, bu hadisələrin sayı artmasın, minimuma ensin. Bu nə Azərbaycanda baş verənləri ört-basdır etmək, sığortalamaq, nə də Türkiyə ordusunu ilə bağlı pis bir şey deməkdir.  Bu bütün dünya ordusunda var. Ordu demək ekstremal şərait deməkdir. Burada hər bir ailədən müxtəlif uşaqlar gəlir”.

Belə hadisələri pislədiyini deyən millət vəkili qeyd edib ki, o, istintaq işi qurtarmamış nəsə deyə bilməz. “Belə hadisələr qəbul olunmazdır. Onu da əminəm ki, bu sübut olunsa, məsuliyyətli şəxsə ən ağır cəzalar veriləcək. Buna şübhəm yoxdur. Ancaq qeyd olunmalıdır ki, belə hadisələr Azərbaycan ordusunun möhtəşəmliyinə və qələbə əzminə xələl gətirə bilməz. Cəmiyyətdə insanların da məsuliyyəti var, millət vəkilləri, ziyalılar cəmiyyətin aparıcı insanları daim ordu ilə sıx əlaqədə olmalı, cəbhə bölgəsinə getməlidir. Çünki Azərbaycanın 20 faiz torpağı işğal olunub.  Oğlanlar əsgərliyə gedən müddətdə çox ciddi iş aparılmalıdır. Onların vətənpərvərlik ruhu gücləndirilməlidir, onların fiziki kamilliyi üzərində çalışmalıyıq. Bu hadisənin olmasını ürək ağrısı ilə qarşılayıram, Allah rəhmət etsin, Ailəsinə valideynlərinə səbr, dözüm versin”.

 

Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə adi bir vətəndaş kimi orduda və cəbhə xəttində gedən bütün prosesləri maraqla və diqqətlə izlədiyini və hər gün cəbhə xəttindən gələn informasiyaları çox ciddi qəbul etdiyini qeyd edib. O bildirib ki, dünənki hadisə ona çox pis təsir etdi. “Deyərdim ki, sarsıldım, gənc bir oğlanın və cəmisi 3 ay hərbi xidmətdən sonra dünyasını dəyişməyi böyük bir faciədir. Hesab edirəm ki, bu tək o ailənin deyil, ümumilikdə hamının faciəsidir və bu gün onun  ailəsinə dəyib ona başsağlığı vermək fikrindəyəm. Əlbəttə, hər bir əsgərimizi qorumalıyıq, çünki onların hər biri bir ailənin nümayəndəsidir və hər biri gələcəkdə yaxşı vətəndaş olmağa hazırlaşır. Bununla belə, Azərbaycanın müharibə vəziyyətində olduğu və bu baxımdan həmişə ordunun bir nömrəli hazırlıq vəziyyətində olduğunu da nəzərdən qaçırmaq olmaz. Yəni düşmən hər an təxribata hazırdır”.

A. Mirzəzadə bildirib ki, dünənki hadisədə ortada olan fakt əsgərin ölümündən sonra qalan şəkilləridir. “Cəbhə xəttində çox təəssüf ki, müəyyən vaxtı müəyyən itkilərimiz olur. Həmçinin orduda qeyri-döyüş itkiləri təəssüf ki olur. Çox yaxşı ki, dövlət bu hadisəyə ciddi reaksiya verdi. Prezident Administrasiyasının şöbə müdiri Məhərrəm Əliyev açıqlamaları, bununla bağlı cinayət işinin açılması göstərir ki, dövlət hər bir əsgərinin olmasında maraqlıdır, hər bir faciəvi hadisəni ciddi sürətdə araşdırır. Onun hansı hadisədən baş verməsinə dair versiya irəli sürmək istəməzdim”.

Millət vəkili məsələnin ciddi araşdırılmasının və cəmiyyətə hərtərəfli məlumat verilməsinin tərəfdarıdır. “Çox istərdim ki, burada emosiyalar həqiqəti üstələməsin. Dünəndən sosial şəbəkəni izləyirəm və görürəm ki, müəyyən versiyanın həqiqət kimi qəbul etdirməyə çalışırlar və araşdırmanın nəticəsini gözləmədən kimlərsə ittiham edilir. Və yaxud da bundan siyasi məqsədlər üçün istifadə etmək halları da kifayət qədər güclü gəlir. Hesab edirəm ki, bu gün məsələyə dair cinayət işinin açıldığını bilərək təhqiqatın nəticəsini gözləmək lazımdır. Bu gün əsgərin ölümü ilə bağlı hər birimiz onun ailəsinə baş sağlığı verməli və belə hadisələrin qarşısının alınması üçün dövlət tərəfindən ciddi addımları atılmasının da fərqini varmalıyıq”.

Millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycanın sıravi vətəndaşları kimi parlament üzvlərini də bu hadisə narahat edir. “Komitənin təmsilçisi kimi çox üzüntünü bildirirəm və həmin şəxsin ailəsinə başsağlığı verirəm. İkinci tərəfdən artıq buna qədərki dönəmdə silahlı qüvvələr sektorunda qeyri-döyüş itkilərin bu həddə çatması ilə bağlı dəfələrlə öz narahatçılıqlarımızı dilə gətirmişik. Köklü səbəblərin araşdırılması üçün müvafiq addımların atılmasını istəmişik”.

O bildirib ki, heç şübhəsiz buna qədər gələn müəyyən yol var və bu öz-özünə baş vermir. “Məşhur sözlə desək “insan fəlakətə nəyinsə zirvəsindən uğrayır, amma cinayətə addım gedir”. Bu məsələdə orta məktəbdə hərbi hazırlamanın çox keyfiyyətsiz aparılması, mənəvi psixoloji durumun mükəmməl olmaması, orduda ayrı-ayrı hissələrdə münasibətlərin hüquqa dayanıqlı baş verməməsi, bir sıra hallarda özəl niyyətlərin ora yol açması öz təsirlərini göstərir. Böyük kontingentin çalışdığı bir məkanda belə hadisələr ola bilir. Ancaq bizim millət vəkili və dövlət təmsilçiləri olaraq borcumuz: birincisi, bu hadisənin Azərbaycan əleyhinə və ordunun gözdən salınması kampaniyasına çevrilməməsi üçün araşdırılması və günahkarların cəzalandırılması gərəkdir, ikincisi bu məsələlərlə əlaqədar əgər köklü idarəetmə tədbirləri görülməlidirsə, bunlar da həyata keçirilməlidir.

Z. Oruc qeyd edib ki, bu bir ananın faciəsi, bir ailənin itkisi deyil. Bu hadisə müharibə şəraitində mənəvi-psixoloji-informativ müharibənin Azərbaycan əleyhinə mühüm bir yeminə çevrilməsidir. “Vətəndaş öz övladını yola salır, tabutda geri alır. Bu fəlakətdir. Düşünürəm ki, orduya parlamentin və ictimaiyyətin də nəzarətinin gücləndirilməsi üçün ciddi tədbirlər görülməlidir. Bu sferada islahatlar həyata keçirmək lazımdır. Məsələ ilə bağlı Hərbi Prokurorluq ən operativ səviyyədə tədbirləri həyata keçirəcək və həqiqətən də döyülmədən ölüm baş vermişsə buna bais olan, məsuliyyət daşıyanların ən sərt qanuni tələblərlə cəzalandırılması həyata keçiriləcək. Buna heç şübhəm yoxdur, çünki bunu həm qanunlar, həm də Azərbaycan cəmiyyəti tələb edir”.

Millət vəkili Elman Məmmədov müharibə şəraitində cəbhə xəttində döyüş itkiləri qəbul ediləndir. “Amma qəbul edilməyən və pislənilən və təəssüf hissi doğuran səbəb ondan ibarətd

ir ki, döyüş şəraitindən kənarda hərbi hissələrimizdə vaxtaşırı əsgər ölümləri xəbərini alırıq. Bu təbii ki, cəmiyyəti məyus edir və sual doğurur ki, bu nədən baş verir, niyə baş verir?”.

E. Məmmədov bildirib ki, bunların hamısı orduda olan ümumi əhval-ruhiyyəni pozur, aşağı salır. “Orduya qarşı cəmiyyətdə inamsızlıq yaranır ki, nəyə görə cəbhə xəttindən 10 km-lərlə kənarda xidmət keçən əsgər rəhmətə gedib. Bu hal hər birimiz tərəfindən pislənilməlidir və bunun qarşısının alınması üçün müvafiq orqanlar çox ciddi tədbirlər görməlidirlər. Hesab edirəm ki, əsgərlərin tərbiyəsi, maarifləndirilməsi, mənəvi hazırlıqları ilə məşğul olan qurumlar olmalıdır. Hərbi hissədə xidmət keçən və o işə cavabdeh olan zabit heyəti hara baxır, onlar nə işlə məşğuldur ki, onların gözü qarşısında müxtəlif səbəblər üzündən əsgər rəhmətə gedir. Hesab edirəm ki, ümumi bir ictimai qınağa, ictimai nəzarətə səbəb olmalıdır. Millət vəkili kimi özüm və cəmiyyətin hər bir üzvi, xüsusən bu sahəyə cavabdeh olan hüquq mühafizə orqanları ciddi məşğul olmalıdır. Cavabdeh şəxslər ciddi cəzalandırılmalıdır və biz bunun qarşısını almalıyıq”.

 

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!