Əslində qış buralara çoxdan gəlib-dekabrın 22-dən. Bir az gözlədi, səbrini basdı, mülayim, hərdən də ilıq havası ilə özü haqqında “yaxşı qış” obrazı formalaşdırmağa çalışdı. İnsafən, formalaşdırdı da. Çoxları “elə qış belə “üzüyola” olsa yaxşıdır, Bakımıza qar-şaxta heç yaraşmır”- qənaətilə ona öz simpatiyalarını gizlətmədilər də... Amma qış da qışdır axı- adı var, sanı var. Necə də olsa gərək öz sərtliyini, əzəmətini göstərsin. Yoxsa üzünə gülüb, “səndən yoxdur”- deyənlər daldada “bundan da qış olar, heç bir sərtliyi-filanı, qarı-şaxtası yoxdur” lafı ilə onu lağ obyektinə çevirərlər... Odur ki, qış xeyli düşünüb-daşınandan sonra öz davranışında bir sıra redaktələr etməyə qərar verib, əsl qış xarakterini sərgiləməyə başlayıb. Sanki “ ikinci nəfəs” gəlib sevimli qışımıza. Nəticəsi də göz qabağındadı- bolluca qar da var, şaxta-sazaq da...
Fəsilləri həmişə müvəqqəti qonaq kimi qarşılayıb yola salırıq. Amma gedişinə gəlişindən daha çox sevindiyimiz fəsil isə qışdır, şübhəsiz. Qışın qarı-şaxtasını hiss edən torpaq da insanlar kimi üşüyür, kövrəkləşir, hərdən tənhalığa qapılır. Baxmayaraq ki, soyuq hava ilə soyuq münasibət anlayışları tamamilə fərqli şeylərdi, amma onların hərdən bir-birlərini tamamladıqları məqamlar da az olmur. “Təbiətdə pis hava yoxdur”-deyiminin arxasında da hər şeydən öncə insanların bir-birlərinə və təbiətə bəslədikləri münasibət dayanır. Həqiqətən də, dör fəslin olması Allahın bizə bəxşişidir. Hərəsinin öz gözəlliyi, öz füsunkarlığı var ...
Hə, qış “ikinci nəfəs”ini işə salıb şaxtasından-qarından nəyi varsa bol-bol göndərir. “Varını verən utanmaz”-deyiblər. Yaman səxavətli qışa bənzəyir, amma nə qədər səxavətli olub-olmadığı yayda və payızda yetişən məhsullardan bilinəcək. Hələliksə, müvəqqəti qonağın bəxş elədiyi soyuqdan bolluca dadıb, romantik qış macərası nostalgiyasina qapılmağa dəyər. Yoxsa, məsələn, yayın cırhacırında, təpəmizdən gün döyərkən qış deyəndə nəyi və necə təsəvvürümüzə gətirəcəyik? Qoy qışın soyuğu aradabir bizi sümüklərimizə qədər üşütsün ki, yayda istinin, bol günəşli havanın qədrini bilək? Yox, “bu söylədiklərimin “pis olmasa yaxşının qədri bilinməz” adlı məşhur deyimə qətiyyən aidiyyatı yoxdu. Axı, havanın pisi olmadığı kimi fəslin də pisi yoxdur.
Qışdır, xüsusən rayonlara gedən yollar buz bağlayıb. Gediş-gəliş çətinləşib. Amma bütün bunlar müvəqqətidir. Necə ki, qış özü müvəqqəti qonaqdır buralarda. Torpağı, insanları üşütsməsində də bir xeyir var əlbət. Üşümək tənhalığın, biganəliyin nə qədər təhlükəli olduğunu dərk etməkdir. Həm də bu hissləri yaşaya-yaşaya hərarətli sabaha ümid bəsləməkdir.