Modern.az

İsa Qəmbərə hücum - onun adamlarını döydülər, maşınını əzdilər - FOTOLAR

İsa Qəmbərə hücum - onun adamlarını döydülər, maşınını əzdilər - FOTOLAR

13 Yanvar 2013, 15:04
Yanvarın 13-də saat 14.35-da Lənkəranın girəcəyində «Armudu stəkan» adlı ərazidə Müsavat Partiyası rəhbərliyinə hücum olub. Bu haqda "Azadlıq" radiosuna Müsavat başqanın müavini Gülağa Aslanlı məlumat verib.

Gülağa Aslanlının sözlərinə görə, onlar Müsavat Partiyası Lənkəran rayon şöbəsinin yaranmasının 20 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Lənkərana gedirmişlər: 

«İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Sevinc Hüseynova, Valeh Hümmətoğlu və mən Lənkəranın girəcəyində hücuma məruz qaldıq. Bir neçə maşın bizim maşınların qarşını kəsdilər. Öyrədilmiş insanlar  bizim maşınlara hücum edib, biz təhqir elədilər. Maşınlarımızı əzdilər və bizi ölümlə hədələdilər. Maşından çıxıb İsa Qəmbərin maşınını qorumaq istəyəndə maşını mənim ayağımın üstünə sürdülər. Bundan sonra geri qayıtmaq məcburiyyətində qaldıq».

Müsavat Partiyasının başqanı İsa Qəmbər hücum faktını təsdiqləyib. O, musavat.com-a açıqlamasında bildirib ki, şəxsi avtomobilinə ciddi ziyan dəyib, maşının şüşələri sındırılıb, nömrələri çıxarılıb.

anvarın 13-də Müsavat Partiyasının Lənkəran rayon şöbəsinin yaranmasının 20 illik il dönümü ili ilə bağlı keçirilən tədbirə müdaxilə olunub. Bu barədə Musavat.com-a Müsavatın Lənkərəna rayon təşkilatının sədri Yadigar Sadıqov məlumat verib: “Müsavat rəhbərliyinin də qatıldığı toplantı mülkü polislər tərəfindən dağıdıldı. Müsavat Partiyasının başqanı İsa Qəmbərə hücum edildi. Eyni zamanda başqanın maşını əzilib, şüşələri qırıldı. Bakıdan gələn nümayəndə heyətində olan Arif Hacılı, Gülağa Aslanlıya qarşı zor tətbiq edildi”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hadisənin təfərrüatları ilə bağlı bildirib ki, İsa Qəmbər və onu müşayiət edən şəxslər səhər saatlarında Lənkərana yollanıblar: "Lənkərana çatanda məlum oldu ki, bayram tədbirinin keçirilməsi üçün ayrılmış yerin sahibi müsavatçılardan tədbirin keçirilməməsini xahiş edib. Bundan sonra başqa yer tapılıb. Lakin bir neçə saat sonra həmin yerin də sahibləri tədbirin keçirilməsindən imtina ediblər. Ona görə də tədbiri müsavatçılardan birinin həyətində keçirmək qərarına gəldik. Lənkərana daxil olanda biri yol polisi əməkdaşları saxladılar və müxtəlif bəhanələrlə ləngitdilər. Sənədləri yoxlamaq adı ilə bizi təxminən yarım saat saxladılar. Yol polisi əməkdaşlarından ayrıldıqdan təxminən 10 dəqiqə sonra,  Lənkəranın girişindəki dairədə "Jeep" avtomobili İsa Qəmbərin maşınının qarşısını kəsdi və bundan sonra 50-100 nəfər adam maşınlara, xüsusilə, İsa Qəmbərin olduğu maşına hücum etdilər. Maşının şüşələrini, güzgüsünü sındırdılar, təhqiramiz ifadələr işlətdilər. Müsavat Partiyası Gənclər təşkilatının üzvləri, Müsavat fəalları ilə həmin adamlar arasında ciddi qarşıdurma oldu".

Arif  Hacılı baş verənləri İsa Qəmbərə qarşı sui-qəsd cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, hadisə yerində polis əməkdaşları olsalar da, onlar baş verənlərə müdaxilə etməyiblər, şəhərin əsas yolundakı quldurluğun qarşısını almağa çalışmayıblar. Qarşıdurma zamanı Müsavat Partiyası başqanının müavini Gülağa Asalanlı ciddi xəsarət alıb.

Müsavat rəhbərliyi qarşıdurmanın qarşısını almaq üçün ərazidən uzaqlaşıblar. Lakin hücum edənlərə məxsus avtomobillər yolda da İsa Qəmbərin maşınını izləməyi, hücumları davam etdiriblər. Arif Hacılının sözlərinə görə, hadisə barədə 102 xidmətinə məlumat verilsə də, hələlik  heç bir reaksiya yoxdur.

Lənkəranı tərk edən Müsavat nümayəndələri Masallı rayonuna doğru hərəkət edərkən növbəti hücumla rastlaşıblar. Nəticədə Müsavat fəalları Sevinc Hüseynova və Elman Fəttah xəsarət alıblar. Elman Fəttahın avtomobilinə də ziyan vurulub.

Hadisə zamanı Jurnalist Mehman Kərimov da basqıncılar tərəfindən qəddarlıqla döyülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məsələyə sabah münasibət bildirə bilərlər.  

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Elnur Hüseynov isə APA-ya açıqlamasında ünvanlarına səslənən ittihamları rədd edib: “Bizim İsa Qəmbərin Lənkərana gəlişindən xəbərimiz olmayıb, bu barədə hadisədən sonra xəbər tutmuşuq. Bizə verilən məlumata görə, İ. Qəmbərin qarşısını şəhid ailələri, imkansız insanlar kəsərək, onun gəlişinə etiraz ediblər. İ. Qəmbərin yenidən aranı qarışdırmaq məqsədilə Lənkərana gəldiyini deyən insanlar onun rayonu tərk etməsini istəyiblər. İcra nümayəndələrinin ünvanına səslənən ittihamların heç bir əsası yoxdur”.





Modern.az
Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!